Qaynar xətt:

(+99450) 247 90 86

Yay tətili ətrafında mübahisə: Ekspertdən alternativ TƏKLİF

Yay tətili ətrafında mübahisə: Ekspertdən alternativ TƏKLİF

CƏMİYYƏT

60

30.06.2026, 14:35

Elm və təhsil naziri Emin Əmrullayevin təhsil nailiyyətləri yüksək olan ölkələrdə yay tətilinin daha qısa olması barədə fikirləri cəmiyyətdə geniş müzakirələrə səbəb olub.

Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən təhsil eksperti Ramin Nurəliyev yay tətilinin müddətindən daha çox, onun səmərəli keçirilməsinin vacibliyini vurğulayıb.

Ekspert bildirib ki, yay tətilinin qısa olduğu ölkələrdə təhsil keyfiyyətinin avtomatik yüksək olması barədə yanaşma kökündən yanlışdır:“Ümumiyyətlə, mən belə düşünürəm: təhsil nailiyyətlərinin yüksək olduğu ölkələrdə yay tətili qısadır və bu qısa olan yay tətilində təhsil keyfiyyəti daha da artır – yəni belə bir anlayış yoxdur. Biz dünyanın inkişaf etmiş ölkələrində yay tətili qısadır deyə təhsilin keyfiyyəti yüksək olacaq düşüncəsinə qətiyyən rast gələ bilmərik. Yəni burada tətil müddətinin qısa olması ilə uzun olmasının və yaxud da tədris mühitinin, tədris prosesinin qısa olması ilə uzun olmasının təhsilin keyfiyyətinə verdiyi hər hansı bir müsbət fayda yoxdur. Əslində, yay tətilinin qısa və uzun olmasından daha çox, yay tətilinin səmərəli keçməsi ən aktual məsələlərdən biridir”.

“Biz inkişaf etmiş ölkələrin atdığı addımları nümunə götürməliyik"

Ramin Nurəliyev qeyd edib ki, Azərbaycan təhsili fərqli istiqamətə yönəlməlidir:“Biz təhsili inkişaf etmiş ölkələrə də diqqət yetirdiyimiz təqdirdə, yay tətilinin daha səmərəli keçirilməsi istiqamətində atılan addımları nümunə kimi götürməli və bunu öz ölkəmizdə tətbiq etməyə çalışmalıyıq. Biz yay tətilini qısa edib şagirdin tətilini əlindən alıb, bunu tədrisə çevirsək, burada müsbət nəticə əldə edə bilərikmi? Xeyr! Çünki yay tətili bütün dünya ölkələrində eynidir – 10 gün birində azdır, 10 gün birində çoxdur. Yəni bu nəyi dəyişəcək? Bu təhsil metodunu, təhsil sistemini dəyişirmi? Və yaxud da daha çox tədris mühiti olan, tədris prosesi olan ölkələrdə daha çoxmu inkişaf olur?”

Ekspert şagirdlərin il ərzində keçdiyi ağır gərginliyə toxunub:“Burada həmin yay tətilinin düzgün və səmərəli keçirilməsi əsas məsələdir. Məsələn, yay tətilini necə səmərəli keçirmək olar? Buna baxmaq lazımdır və bu istiqamətdə müəyyən tədbirlər görmək və müəyyən işlərin aparılması qeyd olunmalıdır və aparılmalıdır. Məsələn, yay tətilinin səmərəli keçirilməsi istiqamətində hansı addımlar atıla bilər? Şagirdin daha çox valideynləri ilə yay tətili müddətində vaxt keçirməsinin təmin olunması istiqamətində nələr təklif oluna bilər?Bu, ailədaxili məsələlərə və yaxud da ailədən kənar məsələlərə, şagirdin istirahətinin təmin olunması istiqamətində müəyyən bir plan və proqram tərtib oluna bilər. Yəni bunlara daha çox istiqamət verilərsə yaxşı olar. 

Bir şagird ilin əsas vaxtlarında tədris prosesinə cəlb olunur, ağır bir yükdür. Bütün fənlərdən tədris prosesinə qoşulur, verilən tapşırıqları həyata keçirir, dərsləri oxuyur və s. İstər-istəməz şagirddə bir psixoloji yorulma formalaşır həm fiziki cəhətdən, həm də psixoloji cəhətdən. Yay tətili də həmin o psixoloji və fiziki yorğunluğun aradan qaldırılması istiqamətində görülən tədbirlərə aiddir”.

“Müəllimlərin uşaqlara dərs yükləməsi qətiyyən yolverilməzdir!"

Ramin Nurəliyev yay tətili dövründə müəllimlərin şagirdləri tapşırıqlarla yükləməsini də pisləyib:“Bəzi müəllimlər şagirdi yay tətili müddətində də daha çox yükləyirlər. Əslində bu qətiyyən yolverilməzdir! Yəni tətil şagirdin istirahəti üçün nəzərdə tutulmuş vaxtdır. Həmin vaxtda da şagirdə dərs yükləmək, həmin vaxtda şagirdə müəyyən tapşırıqlar vermək məqsədəuyğun hesab olunmur.Xüsusilə də bizdə müəllimlərin daha çox bu istiqamətdə, valideynlərlə – bəzi müəllimlər hətta valideynlərlə əlbir olub uşağa daha çox yay tətili müddətində dərs yükləməsi, ciddi bir şəkildə tapşırıq verməsi, ciddi bir şəkildə əzbərçiliyə istiqamətləndirilməsi həyata keçirilir ki, bu da istər-istəməz şagirdin növbəti təhsil-tədris ilində yüklənməsinə gətirib çıxarır. Növbəti tədris ilinə yorğun gəlməsinə gətirib çıxarır ki, bu da artıq şagirdin qarşısında növbəti tədris ilində uzun bir tədris prosesində şagirdin əhvali-ruhiyyəsinə, yüksək səviyyədə olmamasına ortaya çıxarır və yorğun olan şagird növbəti ağır bir tədris prosesinə cəlb olunmuş olur”.

Qanunvericilik nə deyir? Tətildə kimə tapşırıq verilə bilər?

Ekspert qanunvericilikdəki qaydaları da xatırladıb:“Ümumiyyətlə, təhsil haqqında qanunvericilik nə deyir? Təhsil haqqında qanunda qeyd olunur ki, yay tətili müddətində hansı şagirdlərə müvafiq tapşırıqlar verilə bilər? Hər hansı bir fəndən “iki” qiyməti alan şagird növbəti sinfə keçirilməsi üçün yay tətili müddətində həmin fən müəllimləri tərəfindən şagirdə müəyyən tapşırıqlar verilir. Və həmin o tapşırıqları şagird yerinə yetirir, tədris ilindən əvvəl gəlir imtahanını verir, müvafiq qiyməti aldıqdan sonra növbəti sinfə keçirilməsi təmin olunur. Yəni yay tətili müddətində daha çox tapşırıq verilən “iki” qiyməti alan şagirdlərdir. Yəni tövsiyə olunan budur”.

Ekspert yay tətilinin daha səmərəli keçirilməsi üçün atılmalı olan konkret addımları belə sıralayıb:

 1. İstirahət düşərgələri: Məsələn, düşərgələr tətbiq, təşkil oluna bilər. Yay tətili düşərgələri var, biz Avropanın inkişaf etmiş ölkələrində bunun nümunələrini görə bilərik. Bəli, bizdə də bu var – yay tətili düşərgələri var. Yay tətili düşərgələrinə şagird gedə bilər, orada müəyyən sosial fəaliyyətlərlə məşğul ola bilər, idman fəaliyyətlərilə məşğul ola bilər, digər fəaliyyətlərlə məşğul ola bilər.

 2. Xüsusi yarışmalar

 3. Gəzintilər

 4. Ekskursiyalar

 5. Muzeylərə gedilməsi

 6. Tarixi şəxsiyyətlərin həyat və fəaliyyəti ilə tanışlıq, məqbərələrin, məzarların və ev-muzeylərinin ziyarət olunması

 7. Milli qəhrəmanlarımızla tanışlıq, şəhid ailələrini ziyarət (vətənpərvərlik motivinin gücləndirilməsi)

 8. Tarixi, bədii və ədəbi filmlərin izlənməsi

“Bu şəkildə yay tətilinin səmərəli keçirilməsi istiqamətində, düşünürəm ki, atılan addımlar daha da artırılmalıdır. Şagirdin fiziki və yaxud da psixoloji yorğunluğunun atılması istiqamətində müəyyən tədbirlərin görülməsi məhz yay tətilinin şagird üçün daha çox səmərəli olunmasına gətirib çıxara bilər", - deyə Ramin Nurəliyev fikrini tamamlayıb.

Çimnaz Telmanqızı