Qaynar xətt:

(+99450) 247 90 86

Moskva Cənubi Qafqaz masasına qayıdır? - Rusiyanın vasitəçilik həmləsi Bakı-İrəvan dialoqunu necə dəyişə bilər? — ŞƏRH  

Moskva Cənubi Qafqaz masasına qayıdır? - Rusiyanın vasitəçilik həmləsi Bakı-İrəvan dialoqunu necə dəyişə bilər? — ŞƏRH  

SİYASƏT

52

24.11.2026, 16:02

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Tərəflərin müraciəti olacağı təqdirdə, Rusiya Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına dəstək göstərməyə hazırdır”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. Cənubi Qafqazda formalaşan yeni siyasi reallıqlar fonunda Moskvanın bu açıqlaması diqqət çəkən diplomatik mesaj kimi qiymətləndirilir. Bəyanat Rusiyanın regionda dəyişən geosiyasi mövqeyini qorumaq və ənənəvi təsir mexanizmlərini yenidən aktuallaşdırmaq istəyi baxımından maraq doğurur.

Bəs Moskvanın sülh prosesinə dəstək verməyə hazır olduğunu bildirməsi Rusiyanın Cənubi Qafqazda vasitəçilik rolunu yenidən gücləndirmək cəhdi kimi qiymətləndirilə bilərmi? Hazırkı mərhələdə Rusiyanın prosesə mümkün müdaxiləsi Azərbaycanın Ermənistanla birbaşa danışıqlar və ikitərəfli razılaşmalar xəttinə necə təsir göstərə bilər?

Mövzu ilə bağlı Oxu24.com-a danışan politoloq Ramiz Alıyev bildirib ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi artıq əvvəlki geosiyasi yanaşmalarla ölçülə bilməz:

"Cənubi Qafqazda yeni reallıqları məhz Azərbaycanın hərbi-siyasi Qələbəsi, beynəlxalq hüquqa əsaslanan prinsipial mövqeyi və Prezident cənab İlham Əliyevin qətiyyətli siyasi iradəsi formalaşdırıb. Bu gün regionda sülh gündəliyinin əsasını təşkil edən məsələlər də həmin reallıqlardan qaynaqlanır.

Rusiyanın vasitəçilik rolunu yenidən gücləndirmək cəhdi kimi qiymətləndirilə biləcək bu açıqlama, ilk növbədə, Moskvanın Cənubi Qafqazda baş verən proseslərdən kənarda qalmaq istəmədiyini göstərir. Rusiya regionun tarixi, siyasi və təhlükəsizlik arxitekturasında uzun illər mühüm rol oynayıb. Bu baxımdan, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesində iştirak etmək niyyəti Moskvanın regional diplomatiyadakı mövqeyini qorumaq istəyinin ifadəsi kimi də dəyərləndirilə bilər”.

Politoloq qeyd edib ki, bununla belə, müasir mərhələdə vasitəçilik təşəbbüslərinin uğuru onların hansı dövlət tərəfindən irəli sürülməsindən daha çox, tərəflərin suverenliyinə, bərabərhüquqlu münasibətlərə və qarşılıqlı maraqlara nə dərəcədə hörmət edilməsindən asılıdır:

“Heç bir xarici aktorun iştirakı tərəflərin siyasi iradəsini əvəz edə bilməz. Sülh prosesinin legitimliyi və dayanıqlılığı məhz Azərbaycan və Ermənistanın müstəqil qərarları, qarşılıqlı öhdəlikləri və əldə olunmuş razılaşmaların icrası ilə təmin oluna bilər. Bu baxımdan, Rusiyanın mümkün dəstəyi Azərbaycan-Ermənistan danışıqlarının əsas formatını və mahiyyətini dəyişdirməməli, tərəflərin birbaşa dialoquna əlavə maneələr yaratmamalıdır. Əksinə, hər hansı beynəlxalq dəstək yalnız sülh prosesini asanlaşdırdığı, qarşılıqlı etimadı gücləndirdiyi və əldə olunmuş razılaşmaların həyata keçirilməsinə töhfə verdiyi halda müsbət nəticə verə bilər”.

Ramiz Alıyevin sözlərinə görə, Azərbaycanın mövqeyi bu məsələdə prinsipial və aydındır. Ölkəmiz regionda sülhün və əməkdaşlığın tərəfdarıdır, lakin bu sülhün əsası suverenliyə, ərazi bütövlüyünə, beynəlxalq hüquqa və qarşılıqlı hörmətə söykənməlidir:

“Azərbaycanın Ermənistanla münasibətlərin normallaşması istiqamətində nümayiş etdirdiyi siyasi iradə də məhz bu prinsiplərə əsaslanır. Xüsusilə qeyd edilməlidir ki, Azərbaycan bu gün yalnız müharibədə qalib gəlmiş dövlət deyil, həm də müharibədən sonrakı mərhələdə regiona sülh gətirmək üçün ardıcıl siyasi təşəbbüslər irəli sürən ölkədir. Bu, dövlətimizin siyasi yetkinliyinin, strateji baxışının və məsuliyyətli yanaşmasının mühüm göstəricisidir. Qələbədən sonra revanşizm və qarşıdurma siyasətini deyil, sülh, əməkdaşlıq və regional inkişaf perspektivlərini ön plana çıxarmaq Azərbaycanın dövlət siyasətinin mahiyyətini nümayiş etdirir”.

Müsahib vurğulayıb ki, Prezident cənab İlham Əliyevin siyasi qətiyyəti və prinsipial mövqeyi bu prosesin əsas müəyyənedici amilidir. Dövlət başçısı dəfələrlə bəyan edib ki, Azərbaycan regionda davamlı sülhün tərəfdarıdır və bu məqsədə nail olmaq üçün bütün zəruri siyasi və diplomatik addımları atmağa hazırdır. Eyni zamanda, ölkəmizin milli maraqlarından, suverenliyindən və ərazi bütövlüyündən heç bir halda güzəştə gedilməyəcəyi də birmənalı şəkildə ortaya qoyulub. Məhz bu qətiyyətli siyasət nəticəsində Azərbaycan beynəlxalq münasibətlər sistemində öz mövqeyini daha da möhkəmləndirib, regionun gələcəyinə dair qərarların qəbulunda əsas söz sahibinə çevrilib. Bu gün Cənubi Qafqazda sülhün gələcəyindən danışarkən Azərbaycanın mövqeyini və siyasi iradəsini nəzərə almadan hər hansı geosiyasi yanaşmanın uğur qazanması mümkün deyil.

Digər tərəfdən, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi xarici güclərin geosiyasi rəqabət meydanına çevrilməməlidir. Regionun gələcəyi ayrı-ayrı dövlətlərin təsir imkanlarının genişləndirilməsi üzərində deyil, region ölkələrinin suveren seçimləri, qarşılıqlı faydalı əməkdaşlığı və iqtisadi inteqrasiyası əsasında qurulmalıdır. 

Politoloq hesab edir ki, Cənubi Qafqazda davamlı sabitlik üçün kənar güclərin rəqabətindən daha çox, regional əməkdaşlığın gücləndirilməsinə ehtiyac var. Bu kontekstdə kommunikasiyaların açılması, nəqliyyat və logistika əlaqələrinin bərpası, iqtisadi əməkdaşlığın genişləndirilməsi, sərhədlərin delimitasiyası və demarkasiyası, eləcə də qarşılıqlı etimadın formalaşdırılması xüsusi əhəmiyyət daşıyır:

“Sülh yalnız siyasi sənədin imzalanması ilə məhdudlaşmamalı, region xalqlarının gündəlik həyatında təhlükəsizlik, sabitlik və iqtisadi inkişaf şəklində real nəticələr verməlidir. Azərbaycanın irəli sürdüyü sülh yanaşmasının üstünlüyü də məhz bundadır: ölkəmiz münaqişənin siyasi nəticələrini rəsmiləşdirməklə kifayətlənmir, eyni zamanda, regionun gələcək inkişafı üçün yeni imkanlar yaratmağa çalışır. Bu, qalib dövlətin məsuliyyətli və uzaqgörən siyasətidir. Rusiyanın və digər beynəlxalq aktorların bu prosesə mümkün töhfəsi isə Azərbaycanın və Ermənistanın suveren qərarlarına hörmət, beynəlxalq hüququn prinsiplərinə riayət və sülh gündəliyinə real dəstək əsasında qiymətləndirilməlidir. Əsas məsələ vasitəçilik uğrunda rəqabət deyil, sülhün əldə olunması və qorunması olmalıdır”.

Ramiz Alıyev əlavə edib ki, Cənubi Qafqazda yeni siyasi mərhələnin əsas xüsusiyyəti ondan ibarətdir ki, regionun gələcəyi artıq keçmiş münaqişənin geosiyasi məntiqi ilə deyil, yeni reallıqlar və sülh perspektivləri ilə müəyyənləşir. Bu reallıqların formalaşmasında Azərbaycanın həlledici rolu və Prezident cənab İlham Əliyevin siyasi iradəsi danılmazdır. Azərbaycan öz Qələbəsi ilə tarixi ədaləti bərpa etməklə yanaşı, regionda sülhün və əməkdaşlığın yeni mərhələsinin başlanması üçün də siyasi zəmin yaradıb. Bu gün ölkəmizin əsas məqsədi əldə olunmuş tarixi nailiyyətləri möhkəmləndirmək, təhlükəsiz və sabit Cənubi Qafqazın formalaşmasına töhfə verməkdir. Əminliklə demək olar ki, Azərbaycanın müəyyən etdiyi bu strateji xətt regionda davamlı sülhün təmin olunması üçün ən mühüm siyasi amillərdən biridir. 

Çimnaz Telmanqızı