Qaynar xətt:

(+99450) 247 90 86

2035-ci ilədək dünyanın dini xəritəsi dəyişəcək: İlahiyyatçıdan MÜHÜM AÇIQLAMA  

2035-ci ilədək dünyanın dini xəritəsi dəyişəcək: İlahiyyatçıdan MÜHÜM AÇIQLAMA  

CƏMİYYƏT

41

24.11.2026, 15:29

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İslamın 2035-ci ilədək dünyanın ən böyük dini olacağına dair proqnozlar beynəlxalq müzakirələrdə tez-tez gündəmə gəlir. Bu artım dinamikasında doğum göstəriciləri və demoqrafik amillərlə yanaşı, insanların mənəvi axtarışlarının da rolu diqqət mərkəzindədir. Müsəlman cəmiyyətlərində təbii artımla bağlı yanaşmalar müxtəlif tarixi və sosial şəraitlərdə fərqli şəkildə özünü göstərir. Eyni zamanda, sürətlə dəyişən dünyada fərdlərin əxlaqi və mənəvi dəyərlərə marağı da müşahidə olunur. Müxtəlif coğrafiyalarda dini dəyərlərin dərk edilməsi və cəmiyyətlərlə təması yeni müşahidələr yaradır. Məsələnin həm demoqrafik, həm də mənəvi tərəfləri geniş şəkildə şərh olunur. 

Mövzu ilə bağlı fikirlərini Oxu24.com-a bölüşən ilahiyyatçı Ağa Hacıbəyli bildirib ki, bu fikir araşdırmalara və müəyyən təsbitlərə əsaslanır və nəticənin tez ya da gec baş verməsindən asılı olmayaraq, əsas məsələ yer üzündə müsəlmanların sayının artmasıdır. O, müsəlman cəmiyyətində gənc nəslin doğum qabiliyyətinə diqqət yetirildiyini, çətinliklərə, qırğınlara, qətliamlara və deportasiyalara baxmayaraq təbii artımın davam etdiyini qeyd edib. İlahiyyatçı bu kontekstdə Peyğəmbərin (s) ailə qurmağa və çoxalmağa səsləyən, qiyamət günü ümmətin çoxluğu ilə fəxr edəcəyini bildirən hədisini xatırladaraq, müsəlman dünyasında övlad sayına verilən önəmdən danışıb.

Bununla belə, Ağa Hacıbəylinin sözlərinə görə, məsələdə təbii artımdan daha çox İslamın öz mənəvi gücü rol oynayır:

“İslam tarix boyu yayıldığı coğrafiyalarda insanlara xoşbəxtlik və səadət gətirməyə çalışıb, qloballaşan dünyada isə insanlar müxtəlif mənəvi və əxlaqi təkliflər arasında seçim edirlər. Ziyalılar, alimlər və ariflər İslamın təqdim etdiyi ailə modeli, əxlaqi dəyərlər, əqidə və təkallahlıq məsələlərindəki arqumentləri dəyərləndirir, Quran-i Kərimdən yaradılışla bağlı biliklər əldə edərək Peyğəmbərin (s) həyatında və idarəçiliyində əxlaq və müdriklik nümunələri görürlər”.

İlahiyyatçı əlavə edib ki, müxtəlif alim və şairlərin əsərləri, o cümlədən Mövlanə Cəlaləddin Ruminin yaradıcılığı dünyada geniş təbliğ olunur və tanınır, bu da insanların dini dəyərləri kitablardan öyrənməsinə və islamlaşmanın artmasına təkan verir. O, Yaponiya və Avropa ilə bağlı müşahidələrinə toxunaraq, bəzi hallarda rəqəmlərin geniş yayılmadığını desə də, İslamın fitrət və sülh dini kimi insanlığın ehtiyac duyduğu dəyərləri, o cümlədən bəşəriyyətin birliyini və qarşılıqlı münasibətləri önə çəkdiyini qeyd edib. Ağa Hacıbəyli sonda bu ali dəyərləri qəbul edən insanların İslama yönəlməsinin təbii olduğunu bildirib.

Çimnaz Telmanqızı