Qaynar xətt:

(+99450) 247 90 86

İnsan hüquqları dini və geosiyasi maraqların girovuna çevrilməməlidir  

İnsan hüquqları dini və geosiyasi maraqların girovuna çevrilməməlidir  

DÜNYA

41

24.11.2026, 13:01

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

ABŞ Konqresinin Tom Lantos İnsan Hüquqları Komissiyasında səsləndirilən fikirlər Azərbaycan–Türkiyə münasibətlərini xristian icmaları üçün təhlükə kimi təqdim etməklə yanaşı, regionun mürəkkəb tarixini birtərəfli siyasi müstəviyə çəkir.

ABŞ Konqresinin Nümayəndələr Palatasının Tom Lantos İnsan Hüquqları Komissiyasında noyabrın 18-də keçirilən “Dünyada xristianların təqibi: yeni çağırışlara cavab” mövzusunda dinləmələrdə səsləndirilən fikirlər regionumuzla bağlı köhnə mübahisələri yenidən gündəmə gətirib. Xüsusilə “Christian Solidarity International” təşkilatının prezidenti Con Aybnerin çıxışı diqqət çəkir. O, Azərbaycan və Türkiyənin strateji tərəfdaşlığını Ermənistan Apostol Kilsəsinə qarşı təzyiqlərlə əlaqələndirərək, iki ölkənin Ermənistan xristianları üzərində üstünlük qurmaq məsələsində “vahid qüvvə kimi” hərəkət etdiyini iddia edib.

Aybner bununla kifayətlənməyib. O, Azərbaycan və Türkiyənin birgə geosiyasi təsir dairəsini genişləndirmək siyasəti yürütdüyünü, Ermənistanın həmin təsir dairəsinə salınmasının hədəfləndiyini irəli sürüb. “Bir millət, iki dövlət” prinsipi ilə ifadə olunan Azərbaycan–Türkiyə münasibətləri də onun çıxışında xristian icmaları üçün təhlükə yaradan siyasi birlik kimi təqdim edilib. Beləliklə, iki suveren dövlətin müttəfiqliyi dini qarşıdurma kontekstində şərh olunub.

Burada prinsipial sual yaranır: İnsan hüquqlarının müdafiəsi adı altında fəaliyyət göstərən beynəlxalq təşkilatların və ekspertlərin vəzifəsi konkret dini icmaların hüquqlarını müdafiə etməkdir, yoxsa bu mövzudan istifadə edərək bütöv dövlətlərin siyasətinə dini-siyasi damğa vurmaq? Dini etiqad azadlığı universal hüquqdur. Bu hüququn müdafiəsi isə hər hansı dövlətə, xalqa və ya siyasi ittifaqa qarşı ümumiləşdirilmiş ittihamlar irəli sürməklə deyil, konkret faktların, hüquqi sənədlərin və sübutların araşdırılması ilə həyata keçirilməlidir.

Aybnerin çıxışında diqqət çəkən məqamlardan biri də müxtəlif tarixi və siyasi hadisələrin vahid ittiham xətti daxilində birləşdirilməsidir. Türkiyədə xristian azlıqların vəziyyəti, Osmanlı dövrünün faciəli hadisələri, Suriyadakı dini icmaların taleyi, Qarabağ münaqişəsi, Ermənistan Apostol Kilsəsi ətrafında baş verən daxili siyasi proseslər və Azərbaycan–Türkiyə münasibətləri eyni geosiyasi çərçivədə təqdim olunur. Halbuki bu hadisələrin hər birinin öz tarixi, hüquqi və siyasi konteksti var. Onları bir-birinə bağlamaq üçün sadəcə siyasi mülahizələr deyil, konkret və yoxlanıla bilən sübutlar tələb olunur.

Aybner Qarabağ ermənilərinin 2023-cü ildə bölgəni tərk etməsini “etnik-dini təmizləmə” kimi xarakterizə edir, Azərbaycanı Ermənistan ərazisinin bir hissəsini işğal etməkdə və erməni əsilli şəxsləri girov saxlamaqda ittiham edir. O, həmçinin “Qərbi Azərbaycan” ifadəsini Ermənistan ərazisinə iddia kimi təqdim edir. Bunlar onun çıxışında irəli sürdüyü iddialardır və onların hər biri ayrıca hüquqi və faktoloji araşdırma tələb edir. Lakin bir məqam aydındır: belə ağır ittihamlar siyasi bəyanatlarla deyil, beynəlxalq hüququn tələblərinə uyğun sübutlarla əsaslandırılmalıdır.

Eyni prinsip Ermənistanın öz daxilində baş verən proseslərə də aiddir. Ermənistan hökuməti ilə Apostol Kilsəsi arasında münasibətlər, din xadimlərinə qarşı irəli sürülən ittihamlar və kilsənin idarəçiliyi ətrafındakı mübahisələr Ermənistan cəmiyyətinin və hüquq sisteminin daxilində araşdırılmalı olan məsələlərdir. Bu prosesləri avtomatik olaraq Azərbaycan və Türkiyənin siyasətinin nəticəsi kimi təqdim etmək səbəb-nəticə əlaqəsini sübut etmədən siyasi nəticəyə gəlmək deməkdir.

Ən mühüm məsələ isə dinləmənin özündəki təmsilçilik problemidir. Komissiyanın rəsmi elanında tədbirin dünyada xristianların təqibini, dini azadlıqlara qarşı təhdidləri və dövlətlərin bu sahədəki məsuliyyətini araşdırmaq məqsədi daşıdığı bildirilirdi. Lakin regionla bağlı müzakirələrdə Ermənistandan zorla çıxarılmış azərbaycanlıların hüquqları, onların doğma yurdlarına qayıtmaq məsələsi və dağıdılmış mədəni-dini irsi barədə Qərbi Azərbaycan İcmasının mövqeyinə yer verilmədi. Nəticədə regionun insan hüquqları mənzərəsi yalnız bir tərəfin təqdim etdiyi problemlər əsasında müzakirə olundu.

İnsan hüquqları məsələsinə yanaşmada dini mənsubiyyət seçici meyar ola bilməz. Xristianın hüququ necə müdafiə olunmalıdırsa, müsəlmanın, yəhudinin və başqa dini icmaların nümayəndələrinin hüquqları da eyni prinsip əsasında qorunmalıdır. Əgər bir qurum dini azadlıqları müdafiə etdiyini bəyan edirsə, o zaman yalnız öz diqqət mərkəzinə gətirdiyi icmaların deyil, münaqişə və deportasiya nəticəsində hüquqları pozulmuş bütün insanların taleyinə diqqət yetirməlidir.

Qərbi azərbaycanlıların məsələsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların doğma yurdlarına qayıtmaq hüququ, onların mülkiyyət məsələləri, qəbiristanlıqları, məscidləri, tarixi yaşayış məskənləri və digər mədəni irs nümunələri də insan hüquqları gündəliyinin tərkib hissəsidir. Bu problemləri görməzdən gəlmək, eyni zamanda başqa bir icmanın hüquqlarından danışmaq universal insan hüquqları prinsipinə uyğun yanaşma sayıla bilməz.

Qərbi Azərbaycan İcmasının noyabrın 19-da yaydığı bəyanat da məhz bu məsələyə diqqət çəkib. İcma Tom Lantos Komissiyasının dinləmələrində Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirildiyini bildirib, Ermənistan tərəfindən qovulmuş azərbaycanlıların hüquqlarına, qayıdış məsələsinə və dağıdılmış mədəni-dini irsinə yer ayrılmamasını ikili standartların təzahürü kimi qiymətləndirib. İcma Komissiyanı gələcəkdə regionla bağlı keçiriləcək dinləmələrə dəvət olunmağa və öz mövqeyini təqdim etməyə çağırıb.

Bu çağırışın mahiyyəti sadədir: Əgər dinləmələr həqiqətən insan hüquqlarının müdafiəsinə xidmət edirsə, orada yalnız bir tərəfin mövqeyi eşidilməməlidir. Müxtəlif icmaların nümayəndələrinə bərabər imkan yaradılmalı, səsləndirilən iddialar qarşı tərəfin cavabı ilə birlikdə araşdırılmalı, tarixi və hüquqi faktlar siyasi şərhlərdən ayrılmalıdır. Əks halda, insan hüquqları platforması münaqişə tərəflərinin mövqelərini obyektiv şəkildə dinləyən məkan deyil, birtərəfli siyasi tezislərin səsləndirildiyi tribuna təsiri bağışlayacaq.

Azərbaycan ilə Türkiyənin münasibətləri isə iki müstəqil dövlətin siyasi, iqtisadi, hərbi və mədəni əməkdaşlığına əsaslanır. Bu əməkdaşlığın mövcudluğu özlüyündə hər hansı dini icmaya qarşı təhlükənin sübutu sayıla bilməz. Onu belə təqdim etmək üçün konkret faktlar və hüquqi əsaslar göstərilməlidir. Eyni zamanda, bu münasibətlərin tənqid edilməsi də mümkündür, lakin tənqid dini ümumiləşdirmələrə deyil, real siyasət və fəaliyyətin təhlilinə söykənməlidir.

ABŞ Konqresinin insan hüquqları üzrə komissiyası kimi qurumların nüfuzu məhz obyektivlik, açıq müzakirə və bütün tərəflərin dinlənilməsi prinsiplərindən asılıdır. İnsan hüquqlarını müdafiə etmək iddiası daşıyan hər bir təşkilat öz yanaşmasına eyni ölçü ilə yanaşmalıdır. Bir xalqın ağrısını görüb digərinin faciəsinə göz yummaq, bir icmanın dini irsini müdafiə edib başqa icmanın dağıdılmış məbədlərini, qəbiristanlıqlarını və tarixi yurdlarını müzakirədən kənarda saxlamaq universal hüquq anlayışına uyğun deyil.

İnsan hüquqları siyasi seçimlərə, dini mənsubiyyətə və geosiyasi maraqlara görə bölünə bilməz. Tom Lantos Komissiyasının qarşısında duran əsas vəzifə də budur: regionla bağlı gələcək dinləmələrdə bütün tərəflərə söz haqqı vermək, səsləndirilən iddiaları sübutlarla yoxlamaq və heç bir xalqın hüququnu digərinin hüququ hesabına kölgədə qoymamaq. Əks halda, insan hüquqlarının müdafiəsi naminə təşkil olunan müzakirələrin özündə ədalət və obyektivlik prinsipləri sual altına düşəcək.

Şəmsi QOCA