Qaynar xətt:

(+99450) 247 90 86

Prezident 2 ÖNƏMLİ fərman imzaladı 

Prezident 2 ÖNƏMLİ fərman imzaladı 

SİYASƏT

65

28.07.2026, 14:31

Prezident İlham Əliyev “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 467-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında fərman imzalayıb.

Fərmanın mətnini təqdim edir:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. çox yüngül uçuş aparatlarının hava məkanından istifadəsi və uçuşu ilə bağlı tələblərin pozulmasına görə məsuliyyətin müəyyən edilməsi ilə əlaqədar təkliflərini dörd ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. “Aviasiya haqqında” Azərbaycan Respublikası Qanununun 56.5-ci maddəsinə uyğun olaraq, çox yüngül uçuş aparatlarının hava məkanından istifadə və uçuş qaydalarını, Azərbaycan Respublikası Dövlət Mühafizə Xidmətinin, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin və Azərbaycan Respublikası Turizm Agentliyinin təklifləri nəzərə alınmaqla, üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 467-VIIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Bu Fərmanın 1.2-ci bəndində nəzərdə tutulan qaydalarda çox yüngül uçuş aparatlarının istifadəsi və uçuşu ilə bağlı aşağıdakılar öz əksini tapmalıdır:

2.1. uçuş aparatlarının texniki göstəricilərinə dair tələblər;

2.2. uçuş aparatlarının və istismarçılarının qeydiyyatı, habelə qeydiyyatdan azad edilmə halları;

2.3. uçuş aparatlarını idarə edən şəxslərə dair yaş, hazırlıq, tibbi yararlılıq və peşə hazırlığı tələbləri, habelə onların uçuş aparatını idarə etmək hüququ verən sənədlə təmin olunması mexanizmi;

2.4. uçuşların həyata keçirilməsi üçün icazə verilən, məhdudlaşdırılan və qadağan edilən ərazilərin dəqiq müəyyən olunması meyarları, o cümlədən dövlət sərhədi, hərbi obyektlər, strateji infrastruktur obyektləri, hava limanları və digər xüsusi rejimli zonalar üzərində uçuşların tənzimlənməsi;

2.5. uçuş aparatlarından kommersiya və ya qeyri-kommersiya, o cümlədən şəxsi, idman, turizm məqsədləri ilə istifadənin xüsusiyyətləri;

2.6. təhlükəsizlik tələbləri, o cümlədən uçuşların təhlükəsiz həyata keçirilməsi məqsədilə uçuşların əvvəlcədən razılaşdırılması və məlumatlandırma prosedurları;

2.7. uçuş aparatlarının texniki yararlılığına, istismarına və dövri yoxlanılmasına dair tələblər;

2.8. uçuş aparatları istismarçılarının və uçuşlarda iştirak edən şəxslərin hüquq və vəzifələri.

Prezident İlham Əliyev “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 471-VIIQD nömrəli Qanununun tətbiqi və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

1. Müəyyən edilsin ki:

1.1. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinin VIII hissəsinin ikinci abzasının üçüncü cümləsində, üçüncü abzasının birinci cümləsində və dördüncü abzasının birinci cümləsində (birinci halda) və 85-ci maddəsinin birinci hissəsinin 9-cu bəndində (ikinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 30-cu maddəsinin VIII hissəsinin ikinci abzasının üçüncü cümləsində, üçüncü abzasının birinci cümləsində və dördüncü abzasının birinci cümləsində, 46-2-ci maddəsinin I hissəsinin 5-ci və 6-cı bəndlərində, 53-cü maddəsinin VII hissəsinin beşinci cümləsində və 85-ci maddəsinin birinci hissəsinin 9-cu bəndində “orqanın (qurumun) müvafiq informasiya sistemi” dedikdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 471-VIIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

3. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 11, maddə 666 (Cild I); 2024, № 3, maddə 260, № 7, maddə 815, № 8, maddələr 937, 947, № 10, maddə 1138; 2025, № 6, maddə 542, № 11, maddələr 1018, 1036, № 12 (I kitab), maddə 1150; 2026, № 1, maddə 24, № 4, maddə 306) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

3.1. 2.1-ci bəndə “Qeyd”inin üçüncü cümləsində” sözlərindən sonra “30-cu maddəsinin VIII hissəsinin ikinci abzasının üçüncü cümləsində, üçüncü abzasının birinci cümləsində və dördüncü abzasının birinci cümləsində (birinci halda)” sözləri əlavə olunsun və həmin bənddə “və birinci hissəsinin” sözləri “, birinci hissəsinin 9-cu bəndində (ikinci halda),” sözləri ilə əvəz edilsin;

3.2. 2.6-cı bəndə “85-ci maddəsinin” sözlərindən sonra “birinci hissəsinin” sözləri, “9-cu bəndində” sözlərindən sonra “(birinci halda)” sözləri əlavə edilsin;

3.3. 2.7-ci bənddə “müvafiq icra hakimiyyəti orqanının mərkəzi” sözləri “orqanın (qurumun) müvafiq” sözləri ilə əvəz edilsin;

3.4. 2.31-1-ci bənddə “mərkəzi” sözü “müvafiq” sözü ilə, “Nazirliyi” sözü “Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi” sözləri ilə əvəz edilsin və həmin bənddən “(ikinci halda)” sözləri çıxarılsın;

3.5. 2.36-5-ci bəndə “bəndində” sözündən sonra “və 85-ci maddəsinin birinci hissəsinin 9-cu bəndində” sözləri əlavə edilsin.