Milli Məclis mühüm QƏRARLAR QƏBUL ETDİ
16 Oktyabr 2026, 23:29
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
158
16.10.2026, 23:06
Nazirlər Kabinetinin 21 sentyabr 2026-cı il tarixli 309 saylı qərarından sonra Azərbaycanın ünvanına beynəlxalq mediada, o cümlədən Türkiyə və İran mediasında müxtəlif qərəzli hücumlar səsləndirilib. Azərbaycanla Türkiyə arasında strateji müttəfiqlik münasibətlərinin mövcudluğunu nəzərə alsaq, Türkiyədəki müəyyən marginal qrupların ölkəmizə qarşı kampaniya aparması gözlənilən olsa da, Türkiyə Prezidentinin müşavirinin Azərbaycana qarşı çıxış etməsi ciddi narahatlıq doğurur.
Bunu Böyük Azərbaycan Partiyasının sədri, Milli Məclisin deputatı Elşad Musayev Oxu24.com-a açıqlamasında bildirib.
Deputat qeyd edib ki, baş verənlərə münasibət bildirərkən 309 saylı qərarın icrası ilə bağlı artıq addımların atıldığını və bu prosesin davam edəcəyini nəzərə almaq lazımdır. Onun sözlərinə görə, ayrı-ayrı şəxslərin bu məsələyə necə yanaşmasından asılı olmayaraq, qərarın icrası istiqamətində tədbirlər görülür və görüləcək.
Elşad Musayev vurğulayıb ki, bu addımlar Azərbaycana qarşı yönələ biləcək ciddi təxribat planlarının qarşısını almaq məqsədi daşıyır. Onun fikrincə, qonşu İran tərəfindən dindən bir vasitə kimi istifadə edilməklə Azərbaycanda müəyyən təxribatların törədilməsi halları olub, bu cür cəhdlər indi də mövcuddur və gələcəkdə də ola bilər. Buna görə də dövlət belə təhlükələrin qarşısını almaq üçün müvafiq addımlar atmalı idi.
Deputat bildirib ki, Qazaxıstan, Tacikistan, Özbəkistan, Qırğızıstan və Türkmənistan da oxşar təhlükələrə qarşı müəyyən tədbirlər görüblər. Çünki həmin ölkələr üçün də Əfqanıstan istiqamətindən gələn təhlükələr mövcuddur.
Elşad Musayev Türkiyədə Azərbaycanın qərarına qarşı səsləndirilən qərəzli fikirlərə də münasibət bildirib. O qeyd edib ki, hər bir dövlətin öz daxili işləri var və heç kəs başqa ölkənin daxili işlərinə qarışmamalıdır. Bu prinsip Azərbaycanın ətrafındakı bütün dövlətlərə, o cümlədən Türkiyəyə, İrana, Rusiyaya və digər ölkələrə aiddir.
Onun sözlərinə görə, Azərbaycan da Türkiyənin daxili işlərinə qarışmır və tərəflər bir-birinin qərarlarına hörmətlə yanaşmalıdırlar.
Deputat bu məqamda Türkiyədə hicabla bağlı müzakirələr aparan şəxslərin başqa ölkələrdə baş verən hadisələrə də diqqət yetirməli olduğunu bildirib. O, Əfqanıstanda qız uşaqlarının məktəbə getməsinə imkan verilməməsi məsələsini nümunə göstərərək sual edib ki, insan hüquqları ilə bağlı narahatlıq ifadə edənlər nə üçün belə hallara eyni həssaslıqla yanaşmırlar. Elşad Musayev Pakistan və digər ölkələrdəki vəziyyətin də bu baxımdan nəzərdən keçirilməsinin vacibliyini vurğulayıb.
Millət vəkili qeyd edib ki, Türkiyə cəmiyyətində də Azərbaycanda mövcud olan təhlükələri və ölkəmizin qərarlarının səbəblərini düzgün qiymətləndirməyən insanlar var. Onun fikrincə, prosesin bir istiqamətində Azərbaycana qarşı qərəzli mövqe sərgiləyən marginal qüvvələr dayanır və bu qüvvələr müxtəlif dairələr tərəfindən dəstəklənir. Azərbaycan isə məsələyə təmkinlə yanaşsa da, zərurət yarandıqda öz mövqeyini ifadə etməli və cavab verməlidir.
Elşad Musayev Türkiyə jurnalistlərindən birinin bu məsələ ilə bağlı çıxışına da diqqət çəkib. Deputatın sözlərinə görə, həmin jurnalist Azərbaycan məktəblərində hicabın qadağan edilməsi ilə bağlı müzakirələrə münasibət bildirərkən maraqlı sual səsləndirib: “Adama deyərlər, sənə nə? Baş örtüyünü verirlər, vermirlər, sənə nə aidiyyəti var?”
Deputat bildirib ki, həmin jurnalist Azərbaycanın daxili məsələlərinə müdaxilənin yolverilməzliyini vurğulayıb və belə bir müdaxilə Türkiyəyə qarşı edilsəydi, buna da etiraz göstəriləcəyini diqqətə çatdırıb.
Onun fikrincə, Türkiyə və Azərbaycan cəmiyyətlərinin düşüncəsində müəyyən fərqlər var. Bununla belə, iki ölkə qardaş dövlətlərdir və Azərbaycan tərəfi münasibətlərdə təmkinli davranmağa çalışır. Elşad Musayev hesab edir ki, hazırkı gərginlik müvəqqəti xarakter daşıyır və tərəflər arasında yaranmış soyuqluğun aradan qalxması üçün imkanlar var.
Deputat eyni zamanda vurğulayıb ki, Azərbaycanla Türkiyə arasındakı strateji müttəfiqlik daha da dərinləşməlidir. Lakin Türkiyə cəmiyyətində və siyasi dairələrində hər kəs anlamalıdır ki, Azərbaycan heç kimin “kiçik qardaşı” olmaq niyyətində deyil.
Elşad Musayev qeyd edib ki, vaxtilə Rusiya və İranın da Azərbaycanı özündən asılı və kiçik tərəfdaş kimi görmək istəyən yanaşmaları olub. Onun sözlərinə görə, Türkiyənin müəyyən dairələrində də Azərbaycana bu cür münasibət göstərilməsinə yol vermək olmaz. Azərbaycan bütün dövlətlərlə bərabərhüquqlu tərəfdaş kimi əməkdaşlıq etməyə, dostluq və qardaşlıq münasibətlərini inkişaf etdirməyə hazırdır.
Millət vəkili Azərbaycanın Türkiyənin ölkəmizə göstərdiyi dəstəyi yüksək qiymətləndirdiyini də xüsusi vurğulayıb. O bildirib ki, 44 günlük Vətən müharibəsi zamanı Türkiyənin Azərbaycana verdiyi dəstək xalqımız tərəfindən yüksək qiymətləndirilib. Eyni zamanda, Azərbaycanın da Türkiyəyə müxtəlif çətin dövrlərdə, o cümlədən zəlzələlər zamanı göstərdiyi yardım iki ölkə arasında qardaşlıq münasibətlərinin təzahürüdür.
Elşad Musayevin sözlərinə görə, tarixən də Azərbaycanla Türkiyə arasında qarşılıqlı yardımlaşma ənənəsi mövcud olub. Atatürk dövründə Türkiyənin maliyyə və neftə ehtiyac duyduğu vaxtlarda göstərilən dəstək də bu münasibətlərin nümunələrindəndir. Deputat hesab edir ki, qarşılıqlı yardımlaşma normal qəbul edilməli, heç kim bu dəstəyi digər tərəfin üzərində üstünlük vasitəsinə çevirməməlidir.
Sonda Elşad Musayev bildirib ki, mövcud fikir ayrılıqları Azərbaycan-Türkiyə münasibətlərinin gələcəyinə kölgə salmamalıdır. Əsas məqsəd qarşılıqlı hörməti qorumaq, dövlətlərin suverenliyinə və daxili işlərinə müdaxilə etməmək, strateji müttəfiqliyi daha da möhkəmləndirməkdir.
Turan Etibaroğlu
23:29 / 16 Oktyabr 2026
70
23:22 / 16 Oktyabr 2026
36
23:08 / 16 Oktyabr 2026
51
23:01 / 16 Oktyabr 2026
60
23:00 / 16 Oktyabr 2026
48
22:55 / 16 Oktyabr 2026
107
22:52 / 16 Oktyabr 2026
50
22:45 / 16 Oktyabr 2026
56
22:35 / 16 Oktyabr 2026
421
22:25 / 16 Oktyabr 2026
68
22:14 / 16 Oktyabr 2026
64
22:11 / 16 Oktyabr 2026
59
22:08 / 16 Oktyabr 2026
66
21:50 / 16 Oktyabr 2026
91
21:18 / 16 Oktyabr 2026
90
21:16 / 16 Oktyabr 2026
73
21:03 / 16 Oktyabr 2026
76
20:55 / 16 Oktyabr 2026
85
20:39 / 16 Oktyabr 2026
103
20:36 / 16 Oktyabr 2026
100
20:08 / 16 Oktyabr 2026
94
20:02 / 16 Oktyabr 2026
99
19:53 / 16 Oktyabr 2026
92
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.