Qaynar xətt:

(+99450) 247 90 86

Moskva ilə İrəvanın ikili oyunu: siyasətdə qarşı-qarşıya, iqtisadiyyatda isə tərəfdaş 

Moskva ilə İrəvanın ikili oyunu: siyasətdə qarşı-qarşıya, iqtisadiyyatda isə tərəfdaş 

SİYASƏT

65

16.10.2026, 19:38

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Son dövrlərdə Moskva ilə İrəvan arasında səslənən kəskin siyasi bəyanatlar və Qərbə yaxınlaşma cəhdləri Rusiya-Ermənistan münasibətlərinin kəskinləşdiyi görüntüsünü yaradır. Lakin iqtisadi mənzərəyə, xüsusilə də strateji energetika sektoruna nəzər saldıqda tamamilə fərqli reallıq ortaya çıxır. “Qazprom”un qış mövsümünə hazırlıqları və Ermənistanın qaz bazarı üzərindəki mütləq nəzarəti tərəflər arasındaki klassik siyasi praqmatizmin ən bariz göstəricisidir.

  

İqtisad elmləri doktoru, professor Fikrət Yusifov hesab edir ki, Rusiyanın enerji nəhəngi “Qazprom”un qarşıdakı qış mövsümünə hazırlığını başa çatdırması və yeraltı qaz anbarlarında rekord həcmdə ehtiyat formalaşdırması diqqət çəkir.

Oxu24.com  xəbər verir ki, Musavat.com -a açıqlamasında professor diqqətə çatdırıb ki, Belarus və Ermənistandakı anbarlar da daxil olmaqla, şirkətin əməliyyat qaz ehtiyatlarının 74,543 milyard kubmetrə çatdırılması Moskvanın qış aylarında qaz təchizatında ciddi problemlərlə üzləşməməyəcəyini göstərir:

“Lakin bu məlumatın Ermənistanla bağlı tərəfi daha maraqlıdır. Görünür, Moskva bu qış da Paşinyanı qazla sınağa çəkmək niyyətində deyil. Əslində, buna ciddi ehtiyac da yoxdur. Çünki Rusiya ilə Ermənistan arasında siyasi müstəvidə müşahidə etdiyimiz qarşıdurma onların real iqtisadi münasibətlərinin mahiyyətini tam əks etdirmir. Son illər Paşinyan hökumətinin Qərbə yaxınlaşması, Moskvanın ünvanına səsləndirilən ittihamlar və Rusiyanın Ermənistandakı hərbi-siyasi mövqelərinin zəiflədilməsi istiqamətində atılan addımlar iki ölkə arasında münasibətlərin kəskinləşdiyi təəssüratını yaradır. Lakin məsələnin iqtisadi tərəfinə nəzər saldıqda tamamilə fərqli mənzərə ilə qarşılaşırıq. Moskva ilə İrəvan səhnədə bir-birinə qarşı dayansalar da, pərdə arxasında strateji iqtisadi münasibətlərini yüksək səviyyədə qoruyub saxlayırlar. Bunun ən bariz nümunələrindən biri məhz qaz məsələsidir. Bu gün Ermənistanın təbii qazla təminatının əsas hissəsi Rusiyanın üzərinə düşür. Daha maraqlısı isə odur ki, Ermənistanın qaz nəqli və paylanması sistemi Rusiyanın “Qazprom” şirkətinin tam mülkiyyətində olan “Qazprom Ermənistan” tərəfindən idarə edilir”.

Rəqəmlərə diqqət çəkən professor qeyd edib ki, Rusiya qazı özünün Ermənistandakı törəmə şirkətinə hər min kubmetr üçün 165 dollarlıq baza qiyməti ilə satır:

“Kalorilik göstəricisi nəzərə alındıqda faktiki idxal qiyməti təxminən 174,46 dollar təşkil edir. Həmin qazın Ermənistan istehlakçılarına satışının ƏDV daxil orta çəkili qiyməti isə 288,65 dollardır. Başqa sözlə, idxal və son satış qiymətləri arasında hər min kubmetr üçün 114 dollardan artıq fərq yaranır. Rusiya Ermənistana sadəcə qaz satmaqla kifayətlənmir o, eyni zamanda həmin qazın Ermənistan daxilində istehlakçılara çatdırılmasını və satışını həyata keçirən strateji infrastrukturun da sahibidir. Deməli, Moskva Ermənistanın qaz bazarında həm əsas təchizatçı, həm də son satış zəncirinə nəzarət edən tərəfdir. Belə olan halda ortaya məntiqli sual çıxır: Əgər Moskva ilə İrəvanın münasibətləri təqdim edildiyi qədər düşmənçilik səviyyəsinə çatıbsa, bu strateji iqtisadi əməkdaşlıq niyə əvvəlki qaydada davam edir? Hesab edirəm ki, bunun cavabı kifayət qədər aydındır. Tərəflər siyasi ritorikada nə qədər uzaqlaşsalar da, qarşılıqlı iqtisadi maraqlarını qurban vermək istəmirlər. Paşinyan yaxşı anlayır ki, Rusiya ilə iqtisadi münasibətlərin kəskin şəkildə pozulması Ermənistan üçün ciddi sosial və iqtisadi problemlər yarada bilər. Moskva isə Ermənistanı öz təsir dairəsindən tamamilə çıxarmağın geosiyasi nəticələrini nəzərə alır.

Ermənistanın Avrasiya İqtisadi İttifaqında üzvlüyünü davam etdirməsi də bu ziddiyyətli münasibətlərin başqa bir nümunəsidir. İrəvan Qərblə siyasi yaxınlaşma kursunu genişləndirdiyi halda, Rusiya ilə iqtisadi inteqrasiyanın üstünlüklərindən imtina etmir. Əslində, biz burada klassik siyasi praqmatizmin şahidi oluruq. Paşinyan daxili və xarici auditoriyaya Rusiyadan uzaqlaşan Ermənistan obrazını təqdim edir. Lakin real iqtisadi münasibətlərdə Moskva ilə əlaqələri qoruyub saxlamağa çalışır. Rusiya da öz növbəsində Ermənistan rəhbərliyinin siyasi davranışlarından narazılığını ifadə etsə də, iqtisadi təsir mexanizmlərini işlək vəziyyətdə saxlayır.

Bu baxımdan, qarşıdakı qışda Moskvanın Ermənistana qarşı qaz kartından sərt şəkildə istifadə edəcəyini düşünmürəm. Çünki qazın mövcud şərtlərlə tədarükünün davam etdirilməsi hər iki tərəfin maraqlarına uyğundur. Bütün bunlar onu deməyə əsas verir ki, Rusiya ilə Ermənistan arasında siyasi münasibətlərin zahiri mənzərəsi ilə real iqtisadi əməkdaşlığın səviyyəsi arasında ciddi fərq var. Bu, tərəflər arasında bütün ziddiyyətlərin əvvəlcədən razılaşdırıldığı anlamına gəlmir. Lakin onların qarşıdurmanı strateji iqtisadi əlaqələri dağıdacaq həddə çatdırmaq istəmədikləri açıq görünür. Görünən odur ki, Moskva ilə İrəvan bu qışdan da mehriban düşmən kimi çıxacaqlar. Səhnədə bir-birinə qarşı sərt bəyanatlar səsləndirən tərəflər pərdə arxasında iqtisadi münasibətlərini qorumağa davam edəcəklər. Çünki Paşinyanın siyasi manevrləri üçün Qərb nə qədər vacibdirsə, Ermənistan iqtisadiyyatının bugünkü fəaliyyəti üçün Rusiya hələ də bir o qədər əhəmiyyətlidir”.