Ruslar kütləvi şəkildə ev axtarır - Ermənistan və Gürcüstanda görünməmiş bahalaşma
16 Oktyabr 2026, 23:42
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
188
16.10.2026, 23:29
Dövlət Qulluğu Məcəlləsinin layihəsi hazırlanıb.
Oxu24.com-un xəbərinə görə, layihə Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Dövlət Qulluğu Məcəlləsinin layihəsi 15 fəsil, 94 maddədən ibarətdir. Dövlət Qulluğu Məcəlləsinin qüvvəyə mindiyi gündən 6 qanun ləğv ediləcək. Həmin qanunlar aşağıdakılardır:
- "Dövlət qulluğu haqqında" qanun;
- "Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında" qanun;
- "Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" qanun;
- "Dövlət qulluqçularının vəzifə maaşlarına yerli əmsalların müəyyən edilməsi haqqında" qanun
- "Qulluq şəraiti həyat və sağlamlıq üçün təhlükəli olan, yaxud xüsusilə ağır olan dövlət orqanlarında dövlət qulluqçularının vəzifə maaşları üçün artıq əmsalın müəyyən edilməsi haqqında" qanun;
- "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" qanun.
Azərbaycan Respublikasının digər normativ hüquqi aktları Dövlət Qulluğu Məcəlləsinə uyğunlaşdırılanadək həmin Məcəlləyə zidd olmayan hissədə tətbiq ediləcək.
Dövlət Qulluğu Məcəlləsi qüvvəyə mindiyi günədək qüvvədə olmuş "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq inzibati vəzifə üzrə test imtahanından keçdiyini təsdiq edən və etibarlılıq müddəti başa çatmamış "Dövlət qulluğu sertifikatı"na malik olan şəxslər həmin sertifikatın qüvvədə olma müddəti ərzində bu Məcəlləyə uyğun olaraq müsahibələrdə iştirak etmək hüququna malik olacaqlar.
Bu Məcəllə dövlət orqanlarında qulluqkeçmənin ümumi qaydalarını və şərtlərini, mülki növ dövlət qulluğunda qulluq keçən dövlət qulluqçularının hüquqi vəziyyəti ilə bağlı münasibətləri tənzimləyəcək.
Xüsusi növ dövlət qulluğunda qulluqkeçmə (xidmətkeçmə) bu Məcəllənin Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğu vəzifəsinə təyin edilmək hüququna, dövlət qulluğu vəzifəsinə təyinatın müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin dövlət qulluqçusunun şəxsi işi nəzərə alınmaqla, Azərbaycan Respublikasının digər qanunları ilə tənzimlənəcək.
Bu Məcəllədə başqa hal nəzərdə tutulmamışdırsa, bu Məcəllə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə və vitse-prezidentlərinə, Milli Məclisin deputatlarına, Baş nazirə və onun müavinlərinə, Azərbaycan Respublikası məhkəmələrinin hakimlərinə, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana), Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə və onların müavinlərinə, Mərkəzi Seçki Komissiyasının sədrinə, sədr müavinlərinə, katiblərinə və üzvlərinə, Azərbaycan Respublikası Hesablama Palatasının sədrinə, sədr müavininə və auditorlarına, Ali Attestasiya Komissiyasının sədrinə və sədr müavininə, Azərbaycan Respublikası Media və Yayım Şurasının sədrinə və digər üzvlərinə, yerli icra hakimiyyəti başçılarına, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarına, Naxçıvan Muxtar Respublikasının Baş nazirinə və onun müavinlərinə, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinə və onun müavinlərinə, Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə və onların müavinlərinə, Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədrinə, sədr müavinlərinə, katibinə və üzvlərinə, Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin rəhbərinə, habelə hərbi qulluqçulara şamil olunmur.
Bu Məcəllə dövlət orqanlarının strukturuna daxil olmayan tabeliyindəki qurumların işçilərinə şamil edilmir. Bu işçilərin əmək münasibətləri Əmək Məcəlləsi ilə tənzimlənir.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
***
Dövlət qulluqçusunun pedaqoji fəaliyyəti yeni qaydada tənzimlənəcək.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Dövlət Qulluğu Məcəlləsinin layihəsində əksini tapıb.
Qüvvədə olan "Dövlət qulluğu haqqında" qanuna görə, dövlət qulluqçusunun əlavə ödənişli (əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada müvəqqəti əvəz edilməsi halları istisna olmaqla), heç bir seçkili və ya təyinatlı vəzifə tutmağa, elmi və yaradıcılıq fəaliyyəti istisna olmaqla, qulluq keçdiyi dövlət orqanı rəhbərinin icazəsi olmadan pedaqoji fəaliyyətlə məşğul olmağa ixtiyarı yoxdur.
Layihəyə əsasən, dövlət qulluqçusunun əlavə ödənişli (əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada qulluq keçdiyi dövlət orqanında müvəqqəti əvəz etmə və boş vəzifə üzrə qulluq funksiyasının icrası halları istisna olmaqla), o cümlədən heç bir seçkili və ya təyinatlı vəzifə tutmağa və qulluq keçdiyi dövlət orqanı rəhbərinin yazılı razılığı ilə elmi və pedaqoji fəaliyyət istisna olmaqla, qulluq müddətində heç bir sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olmağa ixtiyarı yoxdur.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
***
Din xadimləri, digər dövlətin vətəndaşlığını qəbul etmiş və (və ya) digər dövlətlər qarşısında öhdəliyi olan şəxslər, o cümlədən və siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan xəstəlikləri ilə əlaqədar dövlət orqanlarında qulluq keçməyə uyğun olmayan şəxslər dövlət qulluğu vəzifəsini tuta bilməyəcəklər.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Dövlət Qulluğu Məcəlləsinin layihəsində əksini tapıb.
Qüvvədə olan "Dövlət qulluğu haqqında" qanuna görə, hər hansı şəxs dövlət qulluğuna aşağıdakı hallarda qəbul edilə bilməz:
- onun fəaliyyət qabiliyyətinə malik olmaması və ya məhdud fəaliyyət qabiliyyətinə malik olması məhkəmənin qərarı ilə təsdiq edilərsə;
- məhkumluğu ödənilməmiş və ya götürülməmişsə;
- bilavasitə tabeliyində və ya nəzarəti altında işləyəcəyi dövlət qulluqçusu ilə yaxın qohumluq və ya qudalıq (ər-arvadlar, onların valideynləri, qardaşları, bacıları, övladları) əlaqəsi olduqda;
- barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olarsa;
- qanunvericiliklə müəyyən edilmiş başqa hallarda.
Layihəyə əsasən, aşağıdakı şəxslər dövlət qulluğu vəzifəsini tuta bilməzlər:
- digər dövlətin vətəndaşlığını qəbul etmiş və (və ya) digər dövlətlər qarşısında öhdəliyi olan şəxslər;
- fəaliyyət qabiliyyətinə malik olmaması və ya məhdud fəaliyyət qabiliyyətinə malik olması məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq edilmiş şəxslər;
- məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər;
- barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olan şəxslər;
- siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan xəstəlikləri ilə əlaqədar dövlət orqanlarında qulluq keçməyə uyğun olmayan şəxslər;
- qulluq funksiyalarının və vəzifələrinin yerinə yetirilməməsinə və ya lazımı şəkildə yerinə yetirilməməsinə, müəyyən edilmiş məhdudiyyətlərə əməl edilməməsinə görə dövlət qulluğuna xitam verilmiş şəxslər (6 (altı) ay ərzində);
- din xadimləri.
Qeyd edək ki, "Dövlət qulluğu haqqında" qanunda olduğu kimi Dövlət Qulluğu Məcəlləsinin layihəsində də 65 yaşla bağlı məhdudiyyət saxlanılır.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
***
"Dövlət qulluğu sertifikatı"nın qüvvədə olma müddəti 2 il olacaq.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Dövlət Qulluğu Məcəlləsinin layihəsində əksini tapıb.
Layihəyə əsasən, inzibati vəzifələrlə bağlı müsabiqə test imtahanından və müsahibədən ibarətdir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) rübdə bir dəfədən az olmayaraq test imtahanları təşkil edir. Test imtahanında iştirak etmək üçün ödənişin məbləğini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Müsabiqədə ilk dəfə iştirak edən şəxslərə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə və şəhid ailəsinin üzvlərinə münasibətdə test imtahanında iştirak etmək üçün müəyyən edilmiş məbləğ Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) test imtahanından müvəffəqiyyətlə keçən şəxsə inzibati vəzifə üzrə test imtahanından keçdiyini təsdiq edən "Dövlət qulluğu sertifikatı" verir. "Dövlət qulluğu sertifikatı"nın qüvvədə olma müddəti 2 il olacaq.
"Dövlət qulluğu sertifikatı" qüvvədə olan şəxs həmin sertifikatın qüvvədə olma müddətinin hər ili ərzində 5 vəzifə üzrə müsabiqənin müsahibə mərhələsində iştirak etmək üçün ödənişsiz qeydiyyatdan keçə bilər. Beşdən artıq vəzifə üzrə müsabiqənin müsahibə mərhələsində iştirak etmək üçün ödənişin məbləğini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edəcək.
Müsahibəni dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) birgə təşkil edir. Müsabiqə nəticələri hesablanarkən şəxslərin müsabiqənin müsahibə mərhələsində iştirak etmək hüququ verən "Dövlət qulluğu sertifikatı"nı əldə etdikləri test imtahanının nəticəsinin test imtahanı üzrə əldə oluna bilən ən yüksək göstəriciyə nisbətdə faiz göstəricisi ilə müsabiqənin müsahibə mərhələsində əldə etdikləri nəticənin müsabiqənin müsahibə mərhələsində əldə oluna bilən ən yüksək göstəriciyə nisbətdə faiz göstəricisi toplanaraq ikiyə bölünür. "Dövlət qulluğu sertifikatı tələb edilmədən müsabiqənin müsahibə mərhələsində iştirak edən şəxslərin uyğun hesab olunduqları vəzifə üzrə sertifikatın əldə edilməsi üçün tələb olunan minimal keçid balının faiz göstəricisi ilə test imtahanında toplanması mümkün olan ən yüksək balın faiz göstəricisinin cəmlənib ikiyə bölünməsi yolu ilə test imtahanı nəticəsi müəyyən edilir və daha sonra həmin şəxslərin müsabiqə nəticələri yuxarıda qeyd olunan qaydaya uyğun olaraq hesablanır. Test imtahanının və ya müsahibənin nəticələri etibarsız hesab edildikdə, habelə şəxs test imtahanında və ya müsahibədə iştirak etmədikdə ödənilmiş məbləğlər geri qaytarılmayacaq.
Qeyd edək ki, qüvvədə olan "Dövlət qulluğu haqqında" qanuna görə, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum test imtahanından keçən şəxsə inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq inzibati vəzifə üzrə test imtahanından keçdiyini təsdiq edən “Dövlət qulluğu sertifikatı” verir. Forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sertifikatın qüvvədə olma müddəti beş ildir. Şəxs dövlət qulluğu vəzifələri üzrə, bu Qanuna uyğun olaraq bir neçə sertifikat ala bilər. Müsahibəni dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanı təşkil edir. Dövlət qulluğuna qəbul üçün test imtahanından keçdiyini təsdiq edən sertifikatı olan şəxs həmin sertifikatın qüvvədə olma müddətinin hər ili ərzində beş müsahibədə iştirak etmək üçün ödənişsiz müraciət edə bilər. Beşdən artıq müsahibədə iştirak ödənişlidir və müsahibədə iştirak etmək üçün ödənişin məbləğini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.
Dövlət Qulluğu Məcəlləsi qüvvəyə mindiyi günədək qüvvədə olmuş "Dövlət qulluğu haqqında" qanuna əsasən inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq inzibati vəzifə üzrə test imtahanından keçdiyini təsdiq edən və etibarlılıq müddəti başa çatmamış "Dövlət qulluğu sertifikatı"na malik olan şəxslər həmin sertifikatın qüvvədə olma müddəti ərzində bu Məcəlləyə uyğun olaraq müsahibələrdə iştirak etmək hüququna malik olacaqlar.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
***
İnzibati vəzifələrlə bağlı daxili müsahibədə iştirak edəcək şəxslərin əhatə dairəsi müəyyənləşir.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Dövlət Qulluğu Məcəlləsinin layihəsində əksini tapıb.
Layihəyə əsasən, daxili müsahibədə aşağıdakı şəxslər iştirak edə bilər:
- vakant vəzifənin aid olduğu dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələr üzrə müəyyən edilmiş ixtisas dərəcəsinə malik olan dövlət qulluqçuları;
- vakant vəzifənin aid olduğu dövlət orqanında xüsusi, hərbi və ya diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə qulluq (xidmət) keçən və inzibati vəzifələr üçün müəyyən edilmiş ixtisas dərəcələrinə uyğunlaşdırılan rütbəyə malik olan dövlət qulluqçuları;
- vakant vəzifənin aid olduğu dövlət orqanında dövlət qulluqçularının sayının və ya ştatların ixtisarı ilə əlaqədar inzibati vəzifə üzrə ehtiyat kadrlar siyahısına daxil edilən şəxslər;
- vakant vəzifənin aid olduğu dövlət orqanının strukturuna daxil olan qurumun ləğvi ilə əlaqədar inzibati vəzifə üzrə ehtiyat kadrlar siyahısına daxil edilən şəxslər;
- dövlət orqanının və ya onun strukturuna daxil olan qurumun ləğv edilməsi və onun bazasında (əsasında) daha yuxarı dövlət orqanının və ya onun strukturuna daxil olan qurumun yaradılması ilə əlaqədar daha yuxarı vəzifə iddiasında olan şəxslər;
- 1-3-cü kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin birinci-üçüncü təsnifatlarına uyğun olan vəzifələrin, habelə 2-ci kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin dördüncü təsnifatına uyğun olan vəzifələrin (struktur bölmə rəhbərləri və həmin dövlət orqanı rəhbərinin müşavirləri, köməkçiləri) tutulması üçün müraciət edən şəxslər.
Daxili müsahibə nəticəsində inzibati vəzifə tutulmadıqda, dövlət orqanının rəhbəri daxili müsahibənin keçirildiyi gündən 10 (on) iş günü müddətində həmin vəzifənin yenidən daxili müsahibə vasitəsilə tutulması barədə, 21.3-cü maddəsində nəzərdə tutulan inzibati vəzifə tutulmadıqda isə daxili müsahibənin keçirildiyi gündən 10 (on) iş günü müddətində həmin vəzifənin müsabiqə vasitəsilə tutulması barədə qərar qəbul edir və bu barədə 5 (beş) iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verir.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
***
Dövlət qulluqçusunun 3 (üç) dəfədən artıq rotasiya olunmasına yol verilməyəcək.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Dövlət Qulluğu Məcəlləsinin layihəsində əksini tapıb.
Layihəyə əsasən, dövlət orqanlarının kadr potensialından düzgün istifadə edilməsi, inkişafının təmin edilməsi, dövlət qulluqçularının peşəkarlıq səviyyəsinin yüksəldilməsi, şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, korrupsiya hüquqpozmalarına şərait yarada bilən davamlı münasibətlərin yaranma ehtimalının və dövlət qulluğunda maraqlar toqquşmasının qarşısının alınması, həmçinin dövlət orqanında formalaşmış mütərəqqi təcrübənin geniş yayılması məqsədilə 1-5-ci kateqoriya dövlət orqanlarında inzibati vəzifə tutan dövlət qulluqçularının rotasiyası həyata keçiriləcək. Dövlət qulluqçuları rotasiya qaydasında başqa vəzifəyə təyin edilərkən onların qulluq keçdiyi inzibati vəzifənin təsnifatı, ixtisası, xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticəsi, qulluq stajı, habelə yaşı, ailə və sağlamlıq vəziyyəti nəzərə alınacaq. Müvafiq inzibati vəzifədə 5 (beş) ildən az qulluq keçən dövlət qulluqçuları rotasiya olunmur. Dövlət qulluqçusunun 3 dəfədən artıq rotasiya olunmasına yol verilməyəcək. 1-5-ci kateqoriya dövlət orqanlarında inzibati vəzifə tutan dövlət qulluqçularının rotasiyası qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.
Qeyd edək ki, hazırda “Dövlət qulluqçusunun rotasiyası Qaydası”na görə, rotasiya vəzifələrinə azı 3 dəfə (ümumilikdə 15 ildən az olmayaraq) rotasiya olunan şəxslər onların razılığı əsasında rotasiya olunurlar.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
***
Dövlət qulluqçusu hesab olunmayan şəxslərlə vakant vəzifə ilə bağlı müddətli əmək müqaviləsinin müddəti 1 ildən çox ola bilməz.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Dövlət Qulluğu Məcəlləsinin layihəsində əksini tapıb.
Layihəyə əsasən, dövlət orqanının rəhbəri vakant vəzifə üzrə qulluq funksiyalarının icrasını 1 (bir) ildən çox olmamaqla, həmin vəzifə dövlət qulluğu haqqında qanunvericiliklə müəyyən edilmiş qaydada tutulanadək müddətli əmək müqaviləsi bağlamaqla dövlət qulluqçusu hesab olunmayan şəxslərə həvalə edə bilər.
Dövlət qulluğu vəzifəsinin həvalə edilməsinə o halda yol veriləcək ki, həmin vakant vəzifə bu Məcəlləyə uyğun olaraq tutulması üçün müsabiqəyə və ya daxili müsahibəyə çıxarılsın və həvalə edilmə barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verilsin.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
***
Dövlət qulluğuna qəbulla bağlı müsabiqənin müsahibə mərhələsi və daxili müsahibə 2 mərhələdən ibarət olacaq.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Dövlət Qulluğu Məcəlləsinin layihəsində əksini tapıb.
Layihəyə əsasən, inzibati vəzifələrlə bağlı müsabiqə test imtahanından və müsahibədən ibarətdir. Müsabiqənin müsahibə mərhələsi və daxili müsahibə 2 mərhələdən ibarət olacaq. Müsahibədə iştirak etmək üçün qeydə alınmış, vakant vəzifənin tutulmasının ümumi şərtlərinə və bu şərtlərə əsasən vəzifə təlimatı ilə müəyyən edilən tələblərə cavab verən şəxslərin sayı 5 nəfərdən çox olduqda, onlarla müsahibənin birinci mərhələsi keçiriləcək. Müsahibənin birinci mərhələsinin keçirildiyi vaxt və yer barədə məlumat müsahibənin keçirilməsinə azı 5 iş günü qalmış müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) və vakant vəzifənin aid olduğu dövlət orqanının rəsmi internet informasiya ehtiyatında yerləşdiriləcək. Müsahibənin birinci mərhələsində müsahibədə iştirak edən şəxsin vakant vəzifənin təlimatı ilə müəyyən edilən tələblərə, o cümlədən qulluq funksiyalarına və müsahibə proqramına uyğun olaraq səriştələri yoxlanılacaq. Müsahibənin birinci mərhələsində azı 50 faiz nəticə əldə etmiş şəxslər arasından ən yüksək nəticə göstərmiş 5 nəfər müsahibənin ikinci mərhələsinə buraxılacaq. Beşinci yerə uyğun nəticəni birdən çox şəxs topladığı hallarda, müsahibənin birinci mərhələsində təqdim edilmiş tapşırıqlar üzrə prioritet ardıcıllığı tətbiq olunacaq. Bu zaman daha yüksək prioritetə malik tapşırıq üzrə daha yaxşı nəticə göstərmiş şəxsə üstünlük veriləcək. Nəzərdə tutulmuş tapşırıqların prioritet ardıcıllığı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.
Müsahibədə iştirak etmək üçün qeydə alınmış, vakant vəzifənin tutulmasının ümumi şərtlərinə və bu şərtlərə əsasən vəzifə təlimatı ilə müəyyən edilən tələblərə cavab verən şəxslərin sayı 5 və daha az olduqda, onlar birbaşa müsahibənin ikinci mərhələsinə buraxılacaqlar. Müsahibənin ikinci mərhələsinin keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vakant vəzifənin aid olduğu dövlət orqanı ilə birgə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) bir nümayəndəsi, dövlət orqanının bir nümayəndəsi və bir müstəqil ekspert daxil olmaqla üç nəfərdən ibarət tərkibdə müsahibə komissiyası yaradır.
1-3-cü kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin birinci-üçüncü təsnifatlarına uyğun olan vəzifələrin, habelə 2-ci kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin dördüncü təsnifatına uyğun olan vəzifələrin (struktur bölmə rəhbərləri və həmin dövlət orqanı rəhbərinin müşavirləri, köməkçiləri) tutulması ilə bağlı müsahibə komissiyası yalnız həmin dövlət orqanının nümayəndələri daxil edilməklə yaradılacaq.
Müsahibənin ikinci mərhələsi müsahibədə iştirakla bağlı qeydə alınmış şəxsin razılığı ilə videoçəkiliş aparılmaqla keçiriləcək. Müsahibənin ikinci mərhələsi fərdi qaydada Azərbaycan Respublikasının dövlət dilində azı 20 dəqiqə aparılacaq. Müsahibənin ikinci mərhələsində müsahibədə iştirak edən şəxsin vakant vəzifənin təlimatı ilə müəyyən edilən tələblərə, o cümlədən qulluq funksiyalarına və müsahibə proqramına uyğun olaraq səriştələri yoxlanılmaqla, müvafiq vəzifəyə uyğunluğu müəyyən ediləcək. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müsahibənin (müsahibənin birinci və İkinci mərhələlərinin) proqramlarının hazırlanmasında iştirak edəcək və təsdiqinə razılıq verəcək. Üzrlü səbəblər olmadan müsabiqənin müsahibə mərhələsi və ya daxili müsahibədə iştirak etməyən şəxslə, həmin vakant vəzifə üzrə elan edilmiş cari müsabiqə (daxili müsahibə) cərçivəsində yenidən müsahibənin keçirilməsinə yol verilməyəcək.
Qeyd edək ki, hazırda qüvvədə olan qanuna əsasən, müsahibə bir mərhələdən ibarətdir. Başqa sözlə, "Dövlət qulluğu haqqında" qanuna görə, müsabiqə test imtahanından və müsahibədən ibarətdir. Müsahibəni dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanı təşkil edir. Dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanı müsahibənin keçirilməsi üçün müsahibə komissiyası yaradır. Müsahibə komissiyası 3 nəfərdən ibarət tərkibdə, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun 1 nümayəndəsi və 1 müstəqil ekspert daxil edilməklə yaradılır. Müsahibə komissiyası üzvünün müsahibənin nəticələri barədə xüsusi rəyi müsahibənin nəticələrinin araşdırılması üçün əsasdır.
Hazırda qüvvədə olan qanuna görə, daxili müsahibə də bir mərhələdən ibarətdir. 1–5-ci kateqoriya dövlət orqanlarında (yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinin müavinləri vəzifələri və Azərbaycan Respublikasının xarici ticarət nümayəndələri vəzifələri istisna olmaqla) inzibati vəzifələrin birinci-yeddinci təsnifatlarına uyğun olan vəzifələrin tutulması həmin dövlət orqanı rəhbərinin qərarı əsasında müsabiqə və ya müsahibə yolu ilə həyata keçirilir. 1–5-ci kateqoriya dövlət orqanının rəhbəri inzibati vəzifələrin birinci-yeddinci təsnifatlarına uyğun olan vakant vəzifə yarandığı gündən bir ay ərzində müsabiqənin, ümumi müsahibənin və ya daxili müsahibənin keçirilməsi barədə qərar qəbul etməlidir.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
***
Dövlət qulluqçularının fəaliyyətini davam etdirməsi üçün imtahan vermələri tələb olunmayacaq.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Dövlət Qulluğu Məcəlləsinin layihəsində əksini tapıb.
Layihəyə əsasən, işə qəbul zamanı sertifikat tələbi var, dövlət qulluğunda fəaliyyəti davam etdirmək üçün isə sertifikata ehtiyac olmayacaq. Dövlət qulluqçularının fəaliyyəti yeni qaydada qiymətləndirmə ilə nəzərə alınacaq.
Qeyd edək ki, “Dövlət qulluğu haqqında” hazırda qüvvədə olan qanunun 28-1-ci maddəsi dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi qaydasını müəyyən edir.
Maddəyə əsasən, dövlət qulluqçusu kimi fəaliyyətini davam etdirmək istəyən şəxs sertifikatın qüvvədə olma müddətinin son ilində, lakin həmin sertifikatın qüvvədə olma müddətinin bitmə tarixindən gec olmayaraq növbəti sertifikat almaq üçün müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən keçirilən imtahanlarda iştirak etməli və yenidən sertifikat almalıdır.
Sertifikat alaraq dövlət qulluğuna qəbul edilən şəxs sonradan iki dəfə sertifikat aldıqda, sonuncu sertifikat şəxsə müddətsiz verilir və həmin şəxs dövlət qulluqçusu kimi fəaliyyətini davam etdirməsi üçün hər hansı imtahana cəlb oluna bilməz.
Yeni hazırlanan Dövlət Qulluğu Məcəlləsinin layihəsində isə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün imtahan verilməsi barədə müddəa yoxdur.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
***
Sekyuritizasiya fəaliyyəti üzrə hüquqi çərçivə yaradılır.
Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Qiymətli kağızlar bazarı haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, sekyuritizasiyanın predmeti qismində kredit, maliyyə icarəsi və ya faktorinq müqavilələri, həmçinin fond birjasında listinqdə olmayan korporativ istiqrazlar üzrə yaranan pul tələbləri çıxış edir. Mərkəzi Bank sekyuritizasiyanın predmeti qismində çıxış edə bilən digər pul tələblərini müəyyən etmək hüququna malikdir. Normativ hüquqi aktlarla müəyyən edilən hallarda sahibkarlıq subyektlərinə verilmiş güzəştli kreditlər, investisiya qiymətli kağızları (fond birjasında listinqdə olmayan korporativ istiqrazlar istisna olmaqla), iflas prosesində olan şəxslərə verilmiş borclar, dövri ödənişlər nəzərdə tutulmayan debitor borclar, həmçinin üçüncü şəxslər qarşısında yüklü olan aktivlər sekyuritizasiyanın predmeti ola bilməz. Sekyuritizasiyanın predmeti olan aktivlər reyestrə daxil edildiyi andan sekyuritizasiya istiqrazı mülkiyyətçilərinin xeyrinə qanun üzrə girov qoyulmuş hesab olunur. Sekyuritizasiya istiqrazı sekyuritizasiya şirkəti tərəfindən buraxılan və istiqraz üzrə ödənişləri sekyuritizasiya planına uyğun olaraq aktivlərdən daxil olan pul vəsaitlərinin hesabına ödənilən istiqrazdır.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
***
Mərkəzi Bankın nəzarəti ayrı-ayrı maliyyə institutları ilə yanaşı, onların daxil olduğu maliyyə qruplarına da şamil ediləcək.
Bu, Milli Məclisin oktyabrın 16-da keçiriləcək iclasında müzakirəyə çxıarılacaq "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, 48-1-ci maddənin (Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması) yeni redaksiyada verilməsi təklif olunur.
Layihə Avropa Şurasının Pulların Leqallaşdırılmasına və Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsi (MONEYVAL) tərəfindən Azərbaycan Respublikasının cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (ƏL/TMM) sisteminin 5-ci raund qiymətləndirilməsi hesabatında FATF-ın 26-cı və 27-ci Tövsiyələri üzrə hazırlanıb.
Layihəyə əsasən Mərkəzi Bankın nəzarəti ayrı-ayrı maliyyə institutları ilə yanaşı, onların daxil olduğu maliyyə qruplarına da şamil ediləcək. Bankların, həyatın yığım sığortası fəaliyyəti ilə məşğul olan yerli və xarici sığortaçıların, təkrarsığortaçıların və sığorta vasitəçilərinin, investisiya şirkətlərinin, investisiya fondlarının və onların idarəçilərinin, habelə xarici investisiya fondlarının nümayəndəliklərinin daxil olduğu maliyyə qrupları üzrə konsolidasiya olunmuş, yəni bütün qrupu əhatə edən nəzarət həyata keçiriləcək. Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
***
Qubanın iki bələdiyyəsinin və onların əhatə etdiyi yaşayış məntəqələrinin adları dəyişdirilir.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa Əlavə − “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, Timiryazev-Alekseyevka bələdiyyəsi Bəhrəli-Çınarlı bələdiyyəsi adlandırılacaq.
Vladimirovka bələdiyyəsinin isə Elbir bələdiyyəsi adlandırılması təklif edilir.
Sənədə əsasən, adıçəkilən bələdiyyələrin əhatə etdiyi eyniadlı ərazi vahidləri də müvafiq olaraq yeni adlarla əvəz edilir.
Xatırladaq ki, bu il mayın 12-də Milli Məclis Quba rayonunun bir sıra ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında qanun qəbul edib. Qanuna əsasən, rayonun Alekseyevka kənd inzibati ərazi dairəsi tərkibindəki Alekseyevka kəndi Çinarlı kəndi, Timiryazev kəndi Bəhrəli kəndi adlandırılıb. Alekseyevka kənd inzibati ərazi dairəsi isə Çinarlı kənd inzibati ərazi dairəsi hesab edilib.
Qanun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.
***
Hərbçilərin əməkhaqları artırılır, yeni qaydada hesablanacaq.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Hərbi qulluqçuların statusu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, Müdafiə Nazirliyinin bütün hərbçilərinin vəzifə maaşı rütbə maaşı ilə əvəz ediləcək. Hərbi qulluqçuların (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəhbəri və onun müavinləri istisna olmaqla) pul təminatı rütbə maaşından, rütbə maaşından hesablanan əlavələrdən və mütləq rəqəmlərlə müəyyən edilən əlavələrdən ibarət olacaq.
Hazırda qüvvədə olan qanuna əsasən, hərbi xidmətin şəraitindən, ixtisasdan, hərbi peşədən, hərbi rütbədən və hərbi xidmətdə olmağın müddətindən asılı olaraq hərbi qulluqçuların dövlət hesabına təminat xərcliyi (müvafiq icra hakimiyyəti orqanının rəhbəri və onun müavinləri, Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanın rəhbəri, müavini və əməkdaşları, habelə müvafiq icra hakimiyyəti orqanında hərbi xidmət vəzifəsində qulluq keçən dövlət qulluqçularına münasibətdə isə yalnız aylıq vəzifə və rütbə maaşı) almaq hüququ var. Həm də zabitlərin, gizirlərin və miçmanların və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının vəzifə maaşlarının minimum məbləğləri Azərbaycan Respublikasında dövlət qulluqçularının orta əmək haqqından az ola bilməz. Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların həmin dövr üçün ödənilməli olan pul təminatı ikiqat hesablanır.
Layihəyə əsasən, hərbi xidmətin şəraitindən, ixtisasdan, hərbi peşədən, xidmətin xüsusiyyətindən, məsuliyyətindən, hərbi rütbədən və hərbi xidmətdə olmağın müddətindən asılı olaraq hərbi qulluqçuların dövlət hesabına təminat xərcliyi (pul təminatı) (müvafiq icra hakimiyyəti orqanının rəhbəri və onun müavinləri, Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi, katibinin müavini və katibi xidmətinin digər işçiləri, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) qulluq keçən hərbi qulluqçulara münasibətdə isə yalnız aylıq vəzifə və rütbə maaşı) almaq hüququ olacaq.
Zabitlərin, gizirlərin və miçmanların və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının vəzifə maaşlarının minimum məbləğlərinin Azərbaycan Respublikasında dövlət qulluqçularının orta əmək haqqından az ola bilməyəcəyi və döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların həmin dövr üçün ödənilməli olan pul təminatı ikiqat hesablanmasına dair müddəalar isə ləğv olunur.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hərbi qulluqçularına qida məhsullarının verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.
Hərbi qulluqçuların və onların ailə üzvlərinin yeni xidmət yerinə köçməsi ilə bağlı xərclər dövlət büdcəsinin vəsaiti hesabına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada ödəniləcək.
Qeyd edək ki, yeni islahatlar paketinə əsasən, Müdafiə Nazirliyinin bütün hərbçilərinin əməkhaqları vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra orta hesabla 22,8% artacaq. Baza maaşı olan vəzifə maaşı rütbə maaşı ilə əvəz ediləcək, rütbə maaşının həcmi 70 faizə çatdırılacaq. Bu da hərbçilərin rifahını daha da artıraraq, onları daha çox xidmət etməyə stimullaşdıracaq.
Başqa sözlə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hərbi qulluqçularının pul təminatının ödənilməsi sistemi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək. Həmin hərbi qulluqçuların (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəhbəri və onun müavinləri istisna olmaqla) pul təminatı rütbə maaşından, rütbə maaşından hesablanan əlavələrdən və mütləq rəqəmlərlə müəyyən edilən əlavələrdən ibarət olacaq.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
***
Aylıq pensiya əlavəsi almaq hüququ olan şəxslər müəyyənləşir.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Əmək pensiyaları haqqında" qanuna təklif edilən yeni – V-I fəsildə əksini tapıb.
Təyin edilən aylıq pensiya əlavəsinin məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Bu, 2026-cı il oktyabrın 1-dən tətbiq edilir. Aylıq pensiya əlavəsi almaq hüququ olan şəxslərə ödənilən əlavə təyin edilmiş pensiyanın növünə uyğun olaraq müəyyən edilir. Bu zaman müxtəlif pensiya əlavəsi almaq hüququ olan şəxslərə öz arzuları ilə aylıq pensiya əlavəsinin yalnız biri təyin olunur.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
23:49 / 16 Oktyabr 2026
19
23:42 / 16 Oktyabr 2026
23
23:42 / 16 Oktyabr 2026
32
23:22 / 16 Oktyabr 2026
43
23:08 / 16 Oktyabr 2026
54
23:06 / 16 Oktyabr 2026
180
23:01 / 16 Oktyabr 2026
64
23:00 / 16 Oktyabr 2026
54
22:55 / 16 Oktyabr 2026
133
22:52 / 16 Oktyabr 2026
54
22:45 / 16 Oktyabr 2026
60
22:35 / 16 Oktyabr 2026
453
22:25 / 16 Oktyabr 2026
74
22:14 / 16 Oktyabr 2026
68
22:11 / 16 Oktyabr 2026
63
22:08 / 16 Oktyabr 2026
70
21:50 / 16 Oktyabr 2026
95
21:18 / 16 Oktyabr 2026
91
21:16 / 16 Oktyabr 2026
76
21:03 / 16 Oktyabr 2026
76
20:55 / 16 Oktyabr 2026
85
20:39 / 16 Oktyabr 2026
105
20:36 / 16 Oktyabr 2026
101
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.