Qaynar xətt:

(+99450) 247 90 86

Milli Məclisin deputatından  Türkiyədəki aksiyalara ETİRAZ

Milli Məclisin deputatından  Türkiyədəki aksiyalara ETİRAZ

SİYASƏT

79

16.10.2026, 18:33

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Son günlər Türkiyənin bəzi media orqanlarında və sosial şəbəkələrində Azərbaycana qarşı aparılan qərəzli kampaniyaları, eləcə də ölkəmizin diplomatik nümayəndəlikləri qarşısında keçirilən aksiyaları təəssüf və narahatlıqla qarşılayırıq. Hesab edirəm ki, Azərbaycanın daxili siyasəti və konstitusion prinsipləri ilə bağlı məsələlərin bu şəkildə siyasiləşdirilməsi qəbuledilməzdir.

Bu sözləri Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva Oxu24.com-a açıqlamasında bildirib.

Deputatın sözlərinə görə, Azərbaycan müstəqil, suveren və dünyəvi dövlətdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə milli maraqlara, Konstitusiyaya və dövlətçilik ənənələrinə əsaslanan siyasət həyata keçirilir. Təhsil sahəsində qəbul edilən qərarlar da bu siyasətin tərkib hissəsidir. Məktəblərdə vahid geyim qaydalarının tətbiqi dini inanclara qarşı yönəlmiş addım deyil, təhsil mühitində bərabərliyin, nizam-intizamın və dünyəvilik prinsiplərinin təmin olunmasına xidmət edir.Azərbaycan xalqı öz milli-mənəvi dəyərlərinə və dini ənənələrinə daim hörmətlə yanaşıb. Ölkəmizdə müxtəlif dinlərin nümayəndələrinin sülh və qarşılıqlı anlaşma şəraitində yaşaması dövlət siyasətinin mühüm nailiyyətlərindəndir. Lakin dini dəyərlərə hörmət dinin siyasi məqsədlərlə istifadəsinə, radikal ideologiyaların təbliğinə və dövlətin konstitusion quruluşuna müdaxilə cəhdlərinə haqq qazandırmır.

Millət vəkili vurğulayıb ki, bu baxımdan, bəzi dairələrin dini məsələlərdən istifadə edərək Azərbaycana öz ideoloji baxışlarını qəbul etdirməyə çalışması yolverilməzdir. Dünyəvilik prinsiplərinin zəiflədilməsinə və dini radikallaşmaya yönələn çağırışlar istər Azərbaycanda, istərsə də regionun digər ölkələrində ictimai sabitlik və dövlətçilik baxımından ciddi risklər yarada bilər.Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi “Bir millət, iki dövlət” prinsipi Azərbaycan–Türkiyə münasibətlərinin sarsılmaz təməlidir. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində bu münasibətlər strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Bununla belə, qardaşlıq münasibətləri hər iki dövlətin suverenliyinə, qanunlarına və daxili qərarlarına qarşılıqlı hörməti də tələb edir. Ayrı-ayrı siyasi şəxslərin və radikal qrupların mövqeyi Türkiyə xalqının Azərbaycana münasibəti kimi qiymətləndirilməməlidir.

Ü.Həmzəyeva əlavə edib ki, informasiya məkanında baş verənlərə münasibətdə isə daha fəal, sistemli və faktlara əsaslanan kommunikasiya vacibdir. Azərbaycanın mövqeyi, qəbul edilən qərarların hüquqi əsasları və dünyəvi dövlətçilik modelimizin mahiyyəti həm Azərbaycan, həm də Türkiyə ictimaiyyətinə aydın şəkildə çatdırılmalıdır. Yanlış məlumatlara vaxtında cavab verilməsi, ekspertlərin və media nümayəndələrinin iştirakı ilə obyektiv müzakirələrin aparılması xüsusi əhəmiyyət daşıyır.Əminəm ki, Azərbaycan–Türkiyə qardaşlığı bu cür müvəqqəti gərginliklərdən daha güclüdür. Heç bir informasiya kampaniyası xalqlarımız arasında formalaşmış tarixi birliyi və strateji tərəfdaşlığı sarsıda bilməz.

Turan Etibaroğlu