Qaynar xətt:

(+99450) 247 90 86

88 yaşlı görkəmli yazıçı Prezidentə müraciət edib  

88 yaşlı görkəmli yazıçı Prezidentə müraciət edib  

SİYASƏT

101

14.07.2026, 11:37

Əməkdar mədəniyyət işçisi,Yazıçılar Birliyinin və Teatr Xadimləri İttifaqının üzvü,yazıçı-dramaturq Marat Haqverdiyev Azərbaycan respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət edib.

Görkəmli yazıçının Oxu24.com-a təqdim etdiyi müraciəti təqdim edirik:

Möhtərəm cənab Prezident!

Həyatının mənasını Vətənimizə və xalqımıza sədaqətlə xidmətdə görən, daima Müzəffər və qayğıkeş Prezident olduğunuzu görə, tapdaq altına atılmış hüququmun bərpası üçün məhz Sizə böyük ümid və inamla müraciət etmək qərarına gəldim.

Yüksək nəzərinizə çatdırmaq istəyirəm ki, mən Respublikamızın Akademik Milli Dram, Akademik Musiqili, Gəncə Dövlət Dram, Sumqayıt Dövlət Musiqili Teatrı və başqa teatrlarda “Ailədə məhkəmə”, “Məşuqələr”, “Məhəbbət, şeytan və lambada”, “Ah, qadınlar, qadınlar”, “Qısqanc ürəklər”, “Məhəbbət yaşa baxmır”, “Fədakarlıq” və başqa uğurla tamaşaya qoyulmuş pyeslərin müəllifiyəm.

“Qısqanc ürəklər” və “Ah, qadınlar, qadınlar” komediyalarım Türkiyənin bir çox teatrlarında, o cümlədən, İstanbulun Çemberlitaş FKM Teatrı, Sarıyer Bələdiyyə Teatrı, “Fateh” Universitetinin teatr toplusu və başqa teatrlarda uğurla nümayiş etdirilmişdir. “Qısqanc ürəklər” tamaşasının premyerası İstanbulun ÇIRAĞAN sarayında 2000-ci ilin may ayında böyük uğurla nümayiş etdirilmişdir. Televiziya kanalları və dövrü mətbuat tərəfindən geniş surətdə işıqlandırılmış mənə təşəkkürnamələr və hədiyyələr təqdim edilmişdir.

AzTV və başqa televiziya kanalları ilə dəfələrlə nümayiş etdirilmiş “Qarabağ şikəstəsi”, “Səninlə və sənsiz”, “Səni gözləyirəm” və başqa bədii televiziya filmlərinin ssenari müəllifiyəm.

Yaradıcılığımın böyük bir hissəsi Ulu Öndərimiz Heydər Əliyevin dövlətçilik fəaliyyəti ilə bağlıdır.

Birinci əsərim 1993-cü ildə Respublika Dövlət Televiziya kanalı ilə dəfələrlə nümayiş etdirilmiş “Qarabağ şikəstəsi” adlı 2 seriyalı bədii televiziya filminin ssenarisidir. Bu film dahi siyasətçi Heydər Əliyevin Respublikamızın ağır, təlatümlü dövründə hakimiyyətə qayıdışı, ölkəmizin xilası naminə tarixi xidmətlərindən, Qarabağ müharibəsindən, mərd oğullarımızın ağır döyüş yollarından bəhs edir.

2003-cü ildə Heydər Əliyevin xatirəsinə həsr olunmuş ikinci əsərim “Fədakarlıq” adlanır. Əsər Sumqayıt Dövlət Dram Teatrında uğurla tamaşaya qoyulmuş və “Lider” televiziya kanalı ilə nümayiş etdirilmişdir.

Sonra mən müasir və müstəqil Azərbaycan Dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş daha bir yeni əsər- “Üç dəniz əfsanəsi” adlı dram və bədii film ssenarisi yazmışam.

Xüsusilə mühüm siyasi-tarixi və müstəsna əhəmiyyət kəsb etdiyinə görə “Üç dəniz əfsanəsi” əsəri tələb olunan ən yüksək səviyyədə - Azərbaycan Prezident Administrasiyası (siyasi şöbə) və Mədəniyyət və Turizm Nazirliyi (Nazirliyin Kollegiyası) tərəfindən siyasi və bədii cəhətdən bəyənilərək Nazirliyin 2013-cü il üçün təsdiq etdiyi Repertuar planına daxil edilmiş, əsərin hazırlanması Gəncə Dövlət Dram Teatrına həvalə edilmiş və əsər həmin teatrın səhnəsində tamaşaya qoyulmuşdur.

Onu da diqqətinizə çatdırmaq istəyirəm ki, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri, sənətşünaslıq doktoru, çox hörmətli Ədalət Vəliyev və Prezident Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, çox hörmətli Fərəh xanım Əliyeva Mədəniyyət Nazirliyində müvafiq olaraq nazir müavini və incəsənət şöbəsinin rəisi vəzifəsində çalışarkən “Üç dəniz əfsanəsi” əsərini bəyənmiş və öz imzaları ilə təsdiq etmişdilər.

Xalq yazıçısı Anarın rəhbərlik etdiyi Respublikamızın Yazıçılar Birliyinin «Literaturnıy Azərbaycan» aylıq ədəbi-bədii jurnalı “Üç dəniz əfsanəsi” (“Legenda tryox morey”) dram əsərini bəyənərək “Əsrin Müqaviləsi”nin 25 illiyi (Kontrakt Veka - 25) münasibətilə 2019-cu ilin oktyabr ayında tam həcmdə rus dilində çap etmişdir.

Sonra mən Ulu Öndərimiz Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar olaraq “Üç dəniz əfsanəsi” üzərində əsaslı surətdə yenidən işləyərək onu “Əsrin möcüzəsi və ya üç dəniz əfsanəsi” adlı daha mükəmməl ekran və səhnə əsərinə çevirmişəm.

Xüsusilə onu da yüksək nəzərinizə çatdırmaq istəyirəm ki, Milli Məclisin deputatı, akademik, çox hörmətli Nizami Cəfərovun rəhbərlik etdiyi ATATÜRK MƏRKƏZİ “Əsrin möcüzəsi və ya üç dəniz əfsanəsi” dram əsərini bəyənmiş və “ELM VƏ TƏHSİL” nəşriyyatı bu dramı ayrıca kitab şəklində çap etmişdir.

Azərbaycanın yeni neft strategiyası, qüdrətli dövlət rəhbəri Heydər Əliyevin böyük nüfuzu və siyasi iradəsi sayəsində Bakı-Tbilisi-Ceyhan neft boru kəməri layihəsinin gerçəkləşməsi yolunda yaranan ciddi maneə və problemlərin aradan götürülməsi, Respublika daxili işlər orqanlarının terror və təxribatlar törətməyə cəhd edən cinayətkarlara və qatı ekstremistlərə qarşı apardıqları amansız mübarizə, müqəddəs dinimizə, milli-mənəvi dəyərlərimizə göstərilən daimi diqqət və qayğı, ölkəmizdə hökm sürən dini, milli tolerantlıq, eləcə də çoxəsrlik tarixində özünün ən uğurlu və parlaq dövrünü yaşayan Azərbaycan həqiqətləri - Respublikamızın Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizin bütün həyatı əhəmiyyətli sahələrinin dinamik inkişafında qazandığı misilsiz nailiyyətlər, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz tərəfindən Qarabağ torpaqlarının işğaldan azad olunması, Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı “Əsrin möcüzəsi və ya üç dəniz əfsanəsi” əsərinin (dramın və bədii film ssenarisinin) əsas mövzusunu təşkil edir.

Mən yuxarıda qeyd olunanları Sizin, möhtərəm Prezident, 28 iyul 2025-ci il tarixli məktubla nəzərinizə çatdıraraq xahiş etdim ki, mövzunu və məzmunu tələb olunan ən yüksək səviy¬yələrdə bəyənilmiş, Ulu Öndər, xalqımızın Dahi Lideri Heydər Əliyevin əziz xatirəsinə həsr edilmiş “Əsrin möcüzəsi və ya üç dəniz əfsanəsi” bədii telefilm ssenarisinin sinopsisini iş qrafikinizin olduqca gərgin olmasına baxmayaraq, əgər mümkünsə vaxt ayırıb, Şəxsən özünüz oxuyasınız və bəyəndiyiniz halda onun möhtəşəm Azərbaycan Televiziyasında (AzTV-də) layiqincə ekranlaşdırılması üçün təbiətinizə xas olan köməkliyinizi əsirgəməyəsiniz.

Bu məktubla Prezident Administrasiyasının Humanitar Siyasət, Diaspora, Multikulturalizm və Dini Məsələlər Şöbəsi tanış olduqdan sonra ona baxılaraq çıxarılan nəticə barədə mənə rəsmi məlumat verilməsi üçün Azərbaycan Televiziyasına (AzTV-yə) 05 avqust 2025-ci il tarixində göstəriş vermişdi.

Lakin çox əfsuslar olsun ki, o gündən 6 (altı) aydan artıq vaxt keçsə də, Prezident Administrasiyasının bu rəsmi göstərişinə məhəl qoymayan, ona hörmətsizlik göstərən AzTV-dən heç bir rəsmi (yazılı) cavab ala bilməmişəm.

Sonra mən AzTV-nin rəhbərliyinin belə kobud, qanunsuz hərəkətindən və sonu görünməyən süründürməçilikdən təngə gələrək, Respublikamızın OMBUDSMAN-ına bu məsələnin ədalətlə həll olunması, yəni “Əsrin möcüzəsi və ya üç dəniz əfsanəsi” əsərinin Azərbaycan Televiziyasında (AzTV-də) ekranlaşdırılması xahişi ilə müraciət etdim.

OMBUDSMAN-ın rəhbərlik etdiyi APARAT-dan aldığım 14 aprel 2026-cı il tarixli cavab belə oldu:

“Əsrin möcüzəsi və ya üç dəniz əfsanəsi” adlı bədii əsərinizin “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinə məxsus televiziya kanallarında ekranlaşdırılması məqsədəuyğun hesab edilməyib. Belə ki, QSC-də Sizin qeyd olunan əsəriniz ilə eyni məzmunda çoxsaylı materiallar, o cümlədən filmlər, əsərlər vardır və onlar ekranlarda müntəzəm nümayiş olunur!

Bu məktubun məzmunu, harada ki, əsərin ekranlaşdırılması məqsədəuyğun hesab olunmur, aşağıdakı təkzibolunmaz faktlara, dəlil-sübutlara görə ləğv olunmalı və Ulu Öndər, xalqımızın Dahi Lideri Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş “Əsrin möcüzəsi və ya üç dəniz əfsanəsi” əsəri Azərbaycan Televiziyasında (AzTV-də) layiqincə ekranlaşdırılmalıdır:

1. İlk növbədə, yeri gəlmişkən, bir faktı-xatirəni yada salmaq istəyirəm.

1981-ci ildə respublikamızda xüsusi nəzarət altında olan cinayət işləri ilə əlaqədar olaraq Mədəniyyət və İncəsənət Universitetinin (o zamankı İncəsənət Universitetinin) binasında görülən əsaslı təmir işlərini Maliyyə Nazirliyi tərəfindən aparılan yoxlama nəticəsində tərtib olunmuş sənədlərə və onları təsdiq edən Ekspertiza İnstitutunun materiallarına RƏY (qəti qərar) vermək məqsədilə mən Mədəniyyət Nazirliyinin əsaslı tikinti şöbəsində aparıcı mühəndis vəzifəsində çalışdığım zaman Respublika Prokurorluğu - Baş Prokuror cənab Abbas Zamanov tərəfindən Ekspert kimi rəsmən dəvət olunmuşam.

Buna əsas səbəb universitetin binasının əsaslı təmirində iştirak edən rəhbər vəzifəli və maddi məsul işçilərin məhz qeyri-obyektiv yoxlama materialları əsasında, nahaqdan məsuliyyətə cəlb olunmaları barədə paytaxt Moskvaya yol açan dost-tanışları, qohum-əqrəbaları ilə birlikdə ən yüksək dövlət orqanlarına göndərdikləri şikayətlərə, SSRİ Prokurorluğunun bu işə ciddi nəzarətinə və beləliklə də respublika prokurorluğunun özündə də yaranan bəzi şübhələrə son qoymaq idi.

Mənim o zaman verdiyim RƏY-ə əsasən Maliyyə Nazirliyi tərəfindən tərtib olunmuş və Ekspertiza İnstitutu tərəfindən təsdiq edilmiş bütün materiallar yol verilən əsassızlığa və sübutsuzluğa görə, daha doğrusu, yoxlama materialında göstərilən dəlil-sübutların kifayət etmədiyinə və çox asanlıqla təkzib olunduğuna görə, Maliyyə Nazirliyinə qaytarıldı və orada ləğv olundu.

Söz yox ki, respublikamızın sabiq baş prokuroru Abbas Zamanov tərəfindən mənim verdiyim Rəy əsasında atılan belə qeyri-standart, mərdanə addım, onun haqq-ədaləti, qanunun aliliyini, respublikamızın beynəlxalq nüfuzunu hər şeydən uca tutan mətin iradəli, uzaqgörən, vətənpərvər Şəxsiyyət olduğunu göstərən real və parlaq amildir.

Bir yazıçı, eləcə də Respublika Prokurorluğunun sabiq eksperti kimi tam məsuliyyətlə bildirmək istəyirəm ki, Ulu Öndər, xalqımızın Dahi Lideri Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş, mövzu və məzmunu tələb olunan ən yüksək səviyyələrdə bəyənilmiş, xüsusilə mühüm, siyasi-tarixi və müstəsna əhəmiyyət kəsb edən “Əsrin möcüzəsi və ya üç dəniz əfsanəsi” kimi bədii əsərin ekranlaşdırılması məsələsi araşdırılan zaman AzTV-nin rəhbərliyi tərəfindən bunun üçün təqdim olunan qeyri-müəyyən, çox asanlıqla təkzib olunan, tamamilə uydurulmuş, saxta, əsas əvəzinə qanun üzrə tələb olunan məhz təkzibolunmaz əsas və dəlil-sübutlar kimi mütləq bir neçə (kifayət qədər) bədii film göstərilməlidir, hansılar ki, adı çəkilən bədii əsərlə eyni məzmundadır.

Bununla belə onu da tam əminliklə yüksək nəzərinizə çatdırmaq istəyirəm ki, AzTV-nin rəhbərliyi “Əsrin möcüzəsi və ya üç dəniz əfsanəsi” adlı bədii əsərlə eyni məzmunda olan nəinki çoxsaylı bədii film, heç bircə bədii film də göstərə bilməz, çünki onlarda belə bədii film ümumiyyətlə yoxdur və heç vaxt olmayıb.

Məhz ona görə AzTV-nin bu uydurulmuş, saxta məktubunun-qərarının qanun üzrə heç bir hüquqi qüvvəsi ola bilməz və bu səbəbdən mütləq ləğv olunmalıdır.

“Əsrin möcüzəsi və ya üç dəniz əfsanəsi” bədii filminin ssenarisi müasir və müstəqil Azərbaycan dövlətinin tarixində yuxarıda qeyd olunan mövzuda yazılmış yeganə, analoqu olmayan bədii əsərdir.

2. Bir qocaman yazıçı, bir təcrübəli ekspert kimi onu da qeyd etmək istəyirəm ki, AzTV-nin ekranlarında göstərilən müxtəlif çıxışlardan və xatirələrdən, yazılı və şifahi məlumatlardan, ayrı-ayrı fotoşəkillərdən və sənədli kadrlardan və s. ibarət verilişlər, eləcə də analoji məzmunlu sənədli filmlər ilə həyatın güzgüsü olan, insanın daxili aləmini zənginləşdirən, düşüncəsini formalaşdıran, cəmiyyəti inkişaf etdirən bədii ədəbiyyata, ədəbi-bədii əsərlərə, o cümlədən bədii filmlərə eyni meyardan yanaşmaq olmaz. Onların arasında olan açıq-aydın, gözəçarpan böyük fərqi görməmək isə AzTV-nin rəhbərliyi tərəfindən göstərilən, yumşaq desək, bağışlanmaz səriştəsizlikdir.

“Əsrin möcüzəsi və ya üç dəniz əfsanəsi” bədii əsərin ekranlaşdırılmasının bilərəkdən məhz qanunazidd yollarla qarşısını alan AzTV-nin rəhbərliyi (Rövşən Məmmədov) başa düşməlidir ki, onlar Azərbaycan kimi dünya şöhrətli, azad və müstəqil bir ölkədə yaşayır, harada ki, haqq-ədalət və qanunun aliliyi həmişə və mütləq qələbə çalır! Böyük qələbə!

Möhtərəm cənab Prezident!

88 yaşlı qocaman, ömrünün payız fəslini yaşayan bir yazıçı kimi Sizdən xahiş edirəm, Ulu Öndərimiz, xalqımızın Dahi Lideri Heydər Əliyevin əziz xatirəsinə həsr edilmiş, mövzu və məzmunu tələb olunan ən yüksək səviyyələrdə bəyənilmiş, müasir və müstəqil Azərbaycan dövlətinin tarixində yuxarıda qeyd olunan mövzuda yazılmış yeganə, analoqu olmayan bədii əsər olan “Əsrin möcüzəsi və ya üç dəniz əfsanəsi” bədii film ssenarisinin, xüsusilə mühüm siyasi-tarixi və müstəsna əhəmiyyətini, eləcə də son dərəcə aktuallığını nəzərə alaraq, onun Azərbaycan Televiziyasında (AzTV-də) layiqincə ekranlaşdırılması üçün təbiətinizə xas olan köməkliyinizi əsirgəməyəsiniz.

Dərin hörmətlə,

Əməkdar mədəniyyət işçisi,

Yazıçılar Birliyinin və Teatr

Xadimləri İttifaqının üzvü,

yazıçı-dramaturq

Marat Haqverdiyev

Tel.: (ev) 539-81-07

(mob) 050 391-77-83

14 iyul 2026-cı il