Qaynar xətt:

(+99450) 247 90 86

Naxçıvan dəmir yolu layihəsinə Avropadan BÖYÜK DƏSTƏK

Naxçıvan dəmir yolu layihəsinə Avropadan BÖYÜK DƏSTƏK

SİYASƏT

74

02.07.2026, 14:24

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Cənubi Qafqaz regionunun nəqliyyat, enerji və rəqəmsal infrastrukturunun modernləşdirilməsinə yönəlmiş mühüm investisiya planını bəyan etmişdir. Proqram çərçivəsində “Qlobal Qapılar” Sərmayə Proqramı vasitəsilə regiona 200 milyon avro həcmində qrant ayrılması nəzərdə tutulur ki, bu da dövlət və özəl sektorun cəlb edilməsi ilə ümumi investisiya potensialını 2 milyard avroya qədər yüksəltmək imkanına malikdir. Bu investisiya paketinin tərkib hissəsi olaraq Naxçıvandan keçən dəmir yolu xəttinin bərpası və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının infrastrukturunun genişləndirilməsi layihələri xüsusi yer tutur. Qeyd olunan regional təşəbbüslər təkcə iqtisadi-logistik xarakter daşımır, həm də Ermənistan ilə Azərbaycan arasında davamlı sülhün və regional inteqrasiyanın möhkəmləndirilməsində fundamental geoiqtisadi rıçaq funksiyasını yerinə yetirir. Naxçıvan üzərindən keçəcək dəmir yolu bağlantısının reallaşması Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin sinerjisini təmin edərək, beynəlxalq yükdaşımalar sistemində Azərbaycanın geostrateji mövqeyini əhəmiyyətli dərəcədə gücləndirəcəkdir.

Ekspert İlqar Hüseynli: "Naxçıvan dəmir yolu xətti qitələrarası logistik inteqrasiyanın əsas komponentidir"

Mövzu ilə bağlı Oxu24.com-a analitik mülahizələrini təqdim edən nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli

Avropa İttifaqının regiona yönəlik yeni iqtisadi strategiyasının pərdəarxası və konseptual əsaslarını şərh etmişdir. Ekspert Avropa Komissiyası rəhbərinin Azərbaycana rəsmi səfərini və ali dövlət rəhbərliyi ilə keçirdiyi görüşləri Bakının Avropanın enerji təhlükəsizliyindəki strateji rolunun növbəti təsdiqi kimi qiymətləndirmişdir:“Azərbaycan həm də Avropanı enerji daşıyıcıları ilə təmin edən əsas tərəfdaşlardan, əsas ölkələrdən biridir. Avropa İttifaqı həm də bura daxil olan ölkələrin siyasi olmaqla yanaşı, iqtisadi həyatını da kifayət qədər ciddi nəzarətdə saxlayan bir qurumdur. Bu qurumun başçısı tərəfindən səfərdə “Qlobal Qapılar” sərmayə proqramı vasitəsilə Cənubi Qafqazda nəqliyyat və enerji sisteminin təkmilləşdirilməsi istiqamətində atılmaq istəyən addımların arxasında həm də Avropanın çox böyük bir qlobal nəqliyyat-kommunikasiya sisteminə inteqrasiyası və buradakı iqtisadi və digər maraqlarının təminatı ilə bağlı əsas gözləntilər dayanır”.

İlqar Hüseynli vurğulayıb ki, infrastruktur layihələrinə ayrılan investisiyalar Ermənistan-Azərbaycan sülh prosesinin sürətləndirilməsində katalizator rolunu oynayır və bu istiqamətdə nəqliyyat kommunikasiyalarının açılması birbaşa beynəlxalq təhlükəsizlik maraqlarına xidmət edir:“Məsələ burasındadır ki, xanım Ursula Fon der Lyayen həm də sülhü sürətləndirmək, tranzit yolunun təcili surətdə bərpası və tikintisi ilə bağlı işləri həyata keçirmək yolunda Avropa İttifaqının Azərbaycana ciddi dəstəyinin ola biləcəyini təklif etdi. Burada məqsəd həm də Avropa İttifaqının birbaşa çox ciddi nəqliyyat-kommunikasiya sisteminə qoşulması ilə bağlıdır. Bilirsiniz ki, Zəngəzur dəhlizinin açılması, bu dəhliz vasitəsilə dünyanın böyük güc və iqtisadi mərkəzləri ilə əlaqələrin qurulması kimi dəyərləndirilir. Bu baxımdan hesab edirəm ki, Naxçıvandan keçən dəmir yolu xəttinin bərpası bütöv bir beynəlxalq logistika layihəsinin mahiyyətidir, əsas tərkib hissəsidir”.

Naxçıvandan keçəcək dəmir yolu xəttinin qlobal tədarük zəncirinə inteqrasiyası və beynəlxalq yükdaşımalara verəcəyi töhfələr barədə danışan ekspert, layihənin qitələrarası miqyasını qeyd etmişdir:“Buradan həm Cənubi Qafqazı, eyni zamanda Asiya ilə birləşdirən böyük bir magistral yoldan söhbət gedir. Asiyanı Cənubi Qafqaz vasitəsilə Avropaya birləşdirən çox böyük marşrut xətti xüsusi əhəmiyyət daşıyır. Bu yol Türkiyə üzərindən, boğaz vasitəsilə Çinə və dünyanın bütün əhəmiyyətli kommunikasiya qovşaqlarına inteqrasiya edə biləcək bir dəmir yolu xəttindən söhbət gedir. Və bu mənada məhz Avropa həmin beynəlxalq logistik kommunikasiyada iştirak etməkdə maraqlıdır. Bu iştirak etmək marağının da əsas səbəblərindən biri məhz həm də Azərbaycanın bu istiqamətdə Ermənistanla davamlı sülh imkanlarının qurulmasıdır”.

Mütəxəssis sonda layihənin uğurla tamamlanmasının regionun geosiyasi arxitekturasında köklü dəyişikliklərə yol açacağını və xarici asılılıq formalarını zəiflədəcəyini vurğulamışdır:“Həmçinin, həmin marşrutun tikintisi və başa çatdırılması Avropa İttifaqının, Avropa İttifaqına üzv olan dövlətlərin belə bir logistik sistemə inteqrasiyasına gətirib çıxaracaq və bununla da bərabər həm də Cənubi Qafqazda əbədi olaraq sülhə təminat yaradacaq. İkinci və ən əsas məsələlərdən də biri — Cənubi Qafqaz Rusiyanın forpostu imkanlarından, forpostu olmaq prosesindən azad olunacaq ki, bu da həm Avropa İttifaqının, o cümlədən ABŞ-nin həm də siyasi maraqları ile üst-üstə düşən əsas məqamlardan biridir”.

Çimnaz Telmanqızı