Qaynar xətt:

(+99450) 247 90 86

Sülh artıq reallıqdır: Prezidentdən Cənubi Qafqazla bağlı MÜHÜM MESAJ  

Sülh artıq reallıqdır: Prezidentdən Cənubi Qafqazla bağlı MÜHÜM MESAJ  

SİYASƏT

79

02.07.2026, 13:28

Azərbaycan və Ermənistan arasında sülh prosesinin praktik müstəviyə keçməsi həm regional, həm də beynəlxalq səviyyədə tam fərqli bir geosiyasi mənzərə formalaşdırır. Prezident İlham Əliyevin sülhün artıq reallığa çevrilməsi ilə bağlı bəyanatları, Cənubi Qafqazda uzunmüddətli və davamlı sabitliyin əsasını qoyur. Yaranan yeni şərait region ölkələri arasında tranzit, nəqliyyat, ticarət və kommunikasiya əlaqələrinin bərpası üçün misilsiz imkanlar yaradır. Keçmiş münaqişənin aradan qaldırılması xarici investorların bölgəyə olan marağını artırır və irimiqyaslı iqtisadi layihələrin icrasını sürətləndirir. Lakin bölgədə sülhün bərqərar olması və Azərbaycan-Türkiyə tandeminin güclənməsi, keçmiş münaqişədən öz mənafeləri üçün istifadə edən bəzi xarici dairələrdə ciddi narahatlıq doğurur. Bütün təzyiqlərə və süni maneələrə baxmayaraq, rəsmi Bakı və Ankaranın qətiyyətli siyasəti regionda sülhün rəsmiləşməsini artıq qaçılmaz edib.

Mövzu ilə bağlı Oxu24.com-un suallarını cavablandıran politoloq Tural İrfan regionun gələcək perspektivlərini şərh edib. 

Politoloq Tural İrfan bildirib ki, Cənubi Qafqazda davamlı sabitliyin bərqərar olması beynəlxalq əməkdaşlığı gücləndirməklə yanaşı, bölgəni böyük investisiya mərkəzinə çevirir:"Prezident İlham Əliyevin “Azərbaycan üçün sülh artıq reallıqdır” bəyanatı sadəcə bir bəyanat deyil, regionda keyfiyyətcə yeni bir mərhələnin, böyük inkişaf erasının başlanğıcıdır. Rəsmi Bakının atdığı praktik addımlar sülh prosesini dönməz xarakterə salıb. Bu proses reallaşdıqca müxtəlif ölkələrin bölgəyə investisiya yatırmaq marağı artır. Tranzit əlaqələrin, nəqliyyat və kommunikasiya xətlərinin açılması Cənubi Qafqazda tamamilə müsbət və fərqli bir iqtisadi mənzərə yaradır”.

Onun sözlərinə görə, bölgədə sülhün rəsmiləşməsi, Azərbaycan və Türkiyənin mövqelərinin bu dərəcədə güclənməsi bəzi xarici dairələri ciddi şəkildə narahat edir:“Çünki uzun illər boyu bu münaqişədən öz geosiyasi mənafeləri üçün alət kimi istifadə edən güclər var idi. İndi həmin rıçaqlar əllərindən çıxır. Məsələn, İsrailin qondarma “erməni soyqırımı” mövzusunu gündəmə gətirmək cəhdləri və müəyyən təzyiq mexanizmlərini işə salmaq istəyi məhz bu narahatlığın və təlaşın göstəricisidir”.

T.İrfan vurğulayıb ki, hər kəs anlamalıdır ki, regional reallıqları artıq Azərbaycan və Türkiyə diktə edir. Bakı və Ankaranın yürütdüyü qətiyyətli siyasət bütün bu süni maneələrin qarşısında keçilməz bir sədd çəkməyə qadirdir. 

O həmçinin, əlavə edib ki, aparılan uğurlu diplomatiya Cənubi Qafqazda sülhün rəsmiləşməsini artıq ladübləşdirib (qaçılmaz edib) və bu sülhdən bütün region xalqları bəhrələnəcək. 

Çimnaz Telmanqızı