Qaynar xətt:

(+99450) 247 90 86

Bir bayramın bədəli,bir iynənin qurbanı: Şıxəli Qurbanov Novruzu necə xilas etdi?  

Bir bayramın bədəli,bir iynənin qurbanı: Şıxəli Qurbanov Novruzu necə xilas etdi?  

SİYASƏT

168

18.03.2026, 11:50

Azərbaycanın görkəmli dövlət xadimi, yazıçı və dramaturq Şıxəli Qurbanovun adı xalqımızın yaddaşında hər şeydən əvvəl milli mənliyin və qədim ənənələrin dirçəlişi ilə bağlıdır. Onun ən böyük "inqilabı" isə 1967-ci ildə, sovet rejiminin dini və milli bayramları qadağan etdiyi bir dövrdə Novruz bayramını xalqa geri qaytarması oldu.

Həmin dövrdə Azərbaycan KP MK-nın katibi vəzifəsində çalışan Şıxəli Qurbanov böyük bir risk alaraq bu bayramın "dini" deyil, "xalq bayramı" olduğunu sübut etmək üçün Moskvadan icazə almağa nail oldu. 1967-ci ilin martında Bakıda ilk dəfə rəsmi şəkildə "Bahar bayramı" adı altında möhtəşəm şənliklər keçirildi.

Qeyd edək ki, 1925-ci ildə Bakıda anadan olan Ş. Qurbanov həm də istedadlı bir qələm sahibi idi. Onun "Sənsiz" pyesi Azərbaycan dramaturgiyasının dəyərli nümunələrindən sayılır. O, həm elmi, həm də siyasi fəaliyyətində hər zaman Azərbaycan dilinin, ədəbiyyatının və tarixinin təəssübkeşi olub.

Təəssüf ki, Şıxəli Qurbanov bu böyük bayramdan qısa müddət sonra, 1967-ci ilin mayında qaranlıq qalan bir hadisə (stomatoloji müdaxilə zamanı zəhərlənmə) nəticəsində vəfat etdi.Şıxəli Qurbanovun ölümünə səbəb olan həkim  Azərbaycanın mərhum diplomatı Vəfa Quluzadənin qayınatası olub.Əliağa Abbasqulu oğlu Əhmədov (21 aprel 1917, Bakı – 30 may 2005, Bakı) – stomatoloq, tibb elmləri doktoru (1968), professor (1969), Azәrbaycan SSR әmәkdar hәkimi (1983) vә әmәkdar elm xadimi olub. (1991)

Bir iynə ilə həyatını itirən Şıxəli Qurbanov illər keçsə də,unudulmur. Onun yandırdığı Novruz məşəli sönmədi və illər sonra müstəqil Azərbaycanın ən əziz dövlət bayramına çevrildi.

Mövzu ilə bağlı tarixçi alim Boran Əziz Şıxəli Qurbanovun gördüyü işlərdən, təşəbbüslərkarlığından Oxu24.com-a  danışarkən bildirib: 

“Sovet işğal rejiminin ən mühüm cəhətlərindən biri xalqımızın genofondunun məhv edilməsi, onun milli-mənəvi dəyərlərdən uzaqlaşdırılması, qan yaddaşının unutdurulması istiqamətində atdığı addımlar idi. Məhz, Şıxəli Qurbanov bu siyasəti dil, din, ədəbiyyat, adət-ənənənin tamamilə yaddan çıxarılması sahəsində həyata keçirməyə çalışırdı.

Ancaq həmin işğalçı rejim məscidləri bağlasa da, adət-ənənənin həyata keçirilməsini qadağan etsə də, xalq bunu yaddan çıxarmadı. Rəsmən qeyd edilməsə də, həmin adət-ənənə, o cümlədən də xalqımız üçün çox böyük əhəmiyyətə malik olan Novruz bayramı kəndlərdə, rayon və şəhər mərkəzlərində əhali tərəfindən qeyd edilirdi. 

Yumurta döyüşdürülməsi, qapı pusulması, torba atılması kimi adət-ənənələr yaddan çıxmamışdı.

Ancaq onun rəsmiləşdirilməsi istiqamətində 50-ci illərin ikinci yarısı, xüsusilə Stalin şəxsiyyətinə pərəstiş və onun zərərli nəticələrinin aradan qaldırılması sahəsində qərarın çap olunması, eyni zamanda Azərbaycanda Stalin repressiyasının əsas dayağı olan Mircəfər Bağırovun həbs edilməsindən sonra xeyli gücləndi.

Bu illərdə, xüsusilə İmam Mustafayev və Mirzə İbrahimovun sayəsində ana dilinin konstitusiyada rəsmi dövlət dili kimi qəbul edilməsi, "mülayimləşmə" illərinin Azərbaycanda həyata keçirilən ən mühüm xüsusiyyətlərindən biri oldu. Bu siyasətin davamını biz 60-cı illərin ortalarında da gördük. Həmin dövrdə faktiki olaraq əhali içərisində nüfuzdan düşmüş Kommunist Partiyası və onun ideologiyasına əhali içərisində rəğbət qazandırmaq üçün milli ucqarlarda adət-ənənənin, xalqın bir sıra dünyagörüşünün, o cümlədən istər dini, istərsə də dünyəvi adət-ənənəsinin yenidən bərpa olunmasına maneçilik törətmədi.

Belə istiqamətlərdən biri də Azərbaycanda Şıxəli Qurbanovun bilavasitə rəhbərliyi altında Novruz bayramının qeyd edilməsi idi və bu, xalqın içərisində çox böyük ruh yüksəkliyinə səbəb olmuşdu. Biz bunu həmin dövrdəki mətbuatdan, müxtəlif kadrlar vasitəsilə aydın görə bilərik. Bu, əhali içərisində öz dilinin yenidən dövlət dili kimi işlədilməsi, xalqın milli qürurluluq, özünəməxsusluq, ləyaqət və sair kimi hisslərin güclənməsinə gətirib çıxartdı. Və bu, Sovet dövlətini, təəssüf ki, ciddi narahat elədi. Bu da  Şıxəli Qurbanovun aradan götürülməsinə və bu cür ümumxalq gücünə çevrilmiş adət-ənənələrin bərpa olunmasının ləngidilməsinə və ya unudulmasına gətirib çıxarmalı idi. Ancaq Sovet işğal rejimi öz məqsədlərinə çata bilmədi.

Bütövlükdə milli dəyərlərin sıxışdırıldığı bir zamanda Şıxəli Qurbanovun belə təşəbbüskarlığı, mövqeyi alqışlara layiqdir və bu səbəbdən də onun yaddan çıxarılmaması insanlarımızın xatirəsində canlandırılması çox böyük tarixdir”.

Çimnaz Telmanqızı