Milli Məclisin 23 fevral iclasındakı “23-cü məsələ” ətrafındakı polemikalara sözardı...
Milli Məclisin 23 fevral tarixli plenar iclasının gündəliyindəki 22 məsələ müzakirə edilib, qanun qəbul olunsa da, iclasdan sonra müzakirə olunan...23-cü məsələdir. Söhbət hərbçilərin maaşı ilə bağlı müzakirələrdən gedir. İnsafən, fasiləsiz davam edən son iclasda kifayət qədər aktual və vacib məsələlərdən bəhs olundu, deputatlar qazilərin, müharibə veteranlarının, aztəminatlı ailələrin problemlərindən danışdılar, ölkə sahibkarlarına güzəştlərlə bağlı qanun layihələrini təsdiqlədilər, ancaq hərbçilərin maaşı ilə bağlı müzakirələrin kölgəsində qaldı digər məsələlər.
Bəlkə də təbiidir, çünki son günlər sosial şəbəkə istifadəçilərinin, bir sıra media orqanlarının qızğın müzakirə etdiyi mövzulardan biri budur ki, əvvəlki aylarda ikiqat əmək haqqı alan hərbçilərin maaşı yarıbayarı azaldılıb. Hətta bunun anlaşılmazlıq olduğu və fevral ayında aradan qaldırılacağı barədə gözləntilər də var idi, lakin məsələyə nöqtə qoyulmayıb. Elə parlamentdəki müzakirələrə də ictimaiyyətin, qəhrəman hərbçilərimizin, onların ailə üzvlərinin bu mövzuya həssasiyyəti rəvac verdi.
İclasdan sonra bəzi sosial şəbəkə istifadəçilərinin bilərəkdən, ya bilməyərəkdən yanlış təqdimatını, müzakirələrin zərərli istiqamətdə aparılmasını müşahidə edirik. Elə ötən günlər ərzində bir sıra yoldaşlar, Qarabağ qaziləri, veteranlar “Yeni Müsavat”ın parlament müxbiri olduğuma görə, zəng edib məsələnin mahiyyəti barədə suallar verirlər. İlk sualları da bu olur: “Siz orda olmusunuz, doğrudanmı Milli Məclisin sədri Sahibə Qafarova “hazırda Qarabağ döyüş bölgəsi deyil, ona görə də hərbçilərə ikiqat maaş ödənilməsinə ehtiyac yoxdur”, deyib?” Məsələ ilə bağlı səmimi narahatlığını ifadə edərək məsələnin mahiyyətinə bələd olmaq istəyən vətənpərvər dostlarımıza bu barədə danışdım. Ancaq bu mövzuda qeydlərimi dəyərli oxucularımızla da bölüşmək istəyirəm. Əslində məsələ necə olub?..
Azay Quliyev: “Bəzi qurumların yaratdığı ictimai şuralar formal xarakter daşıyır”
İclasda doktorantlara möhlət hüququ verən layihənin müzakirəsi zamanı söz alan deputat Azay Quliyev bunları bildirdi: “Mən əlbəttə, müzakirə olunan qanun layihəsinə səs verəcəyəm. Ancaq bir halda ki söhbət hərbi qulluqçulardan gedir, mən istərdim bizim komitənin diqqətinə bir məsələni çatdırım: xüsusilə Ziyafət müəllimdən xahiş etmək istərdim ki, komitədə bu məsələyə imkan daxilində baxılsın, əlbəttə, müvafiq dövlət qurumları ilə birgə müzakirə şəraitində. Söhbət “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 10-cu maddəsindən gedir. Bilirsiniz ki, həmin maddəyə əsasən, döyüş bölgəsində qulluq edən hərbçilərə ikiqat pul ödənişi həyata keçirilir. Bu da son vaxtlar ciddi şəkildə müzakirə olunmaqdadır. Müzakirələrdə əlbəttə, səmimi yanaşanlar da var, bu məsələdən sui-istifadə edənlər də var. Bəzən siyasi çıxarları üçün bu mövzunu istismar edənlər də var.
Amma həqiqət bundan ibarətdir ki, həqiqətən bu məsələyə baxılmalıdır. Çünki indi qüvvədə olan qanunun müvafiq maddəsinə əsasən, döyüş şəraitində qulluq edənlərə, döyüş bölgəsində qulluq edənlərə ikiqat pul ödənişi nəzərdə tutulur. Hal-hazırda bilirsiniz ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra bu istiqamətdə vəziyyət radikal dəyişib. Ona görə də hətta bununla bağlı müvafiq dövlət qurumları, həm Müdafiə Nazirliyi, həm Maliyyə Nazirliyi açıqlama verdi ki, biz hal-hazırda müəyyən istiqamətdə müəyyən hesablamalar aparırıq və əlbəttə ki, tam hesablamalar edildikdən və hazırki pul ödənişinin kimə şamil edilməsi haqqında konkret bir mövqeyə gəldikdən sonra bu ödənişlər olacaq. Mən də tərəfdarıyam ki, bu ödənişlər olsun.
Hərbi qulluqçular mərhələli şəkildə tərxis olunacaq” » Sfera.az Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı
Doğrudan da indi bizim hərbçilərimiz çox ağır şəraitdə, riskli şəraitdə - hətta mövcud iqlim şəraitini nəzərə alaraq, biz bunu nəzərə almalıyıq – qulluqlarını davam etdirirlər. Ancaq mənə belə gəlir ki, qanunvericiliyin bu hissəsində bu məsələ müzakirə olunmalıdır. Konkret olaraq döyüş şəraitində və döyüş bölgəsində ifadəsi yazılıb. Ona görə də əgər biz sonrakı mərhələdə bu, pul təminatını həyata keçirmək istəyiriksə, mütləq onun hüquqi bazasına müvafiq dəyişikliklər olmalıdır. Ona görə də Ziyafət müəllimdən xahiş edərdim ki, bu məsələni şərh etsin. Çünki ictimaiyyətdə də bununla bağlı dediyim kimi, geniş müzakirələr aparılır. Yaxşı olardı ki, Milli Məclis də buna rəsmi münasibət bildirsin”.
Hörmətli Azay Quliev hüquqa əsaslanaraq tamamilə haqlı olaraq qanunvericiliyə baxılması məsələsini qaldırdı. Həmçinin ictimaiyyətin narahatlığını ifadə etməklə, parlament rəhbərliyinin məsələyə münasibət bildirməsini xahiş etdi. Eyni zamanda hərbçilərə ikiqat ödənişlərin olmasının tərəfdarı kimi çıxış etdi.
Milli Məclisin sədri Sahibə Qafarovanın reaksiyası isə sadəcə bundan ibarət oldu: “Hazırda Qarabağ döyüş bölgəsi deyil”. Yəni “hərbçilərə ikiqat maaş verilməsinin əleyhinəyəm”, məzmunlu kəlmə belə kəsilməyib. Bununla belə, S.Qafarova Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədri Ziyafət Əsgərova söz verdi, A.Quliyevin müraciətini cavablandırmaq üçün. Ziyafət Əsgərov isə anons etdi ki, hərbçilərin maaşı ilə bağlı məsələ yeni hazırlanan qanun layihəsində əksini tapacaq. Sitat: “Müvafiq qurumlarla da müzakirələr aparılır. Qanun layihəsi hazırlandıqdan sonra təqdim edəcəyik”.
Hərbi qulluqçular üçün 35 milyon manat ayrılıb - RƏSMİ | KONKRET
Yəni məsələ qanunla tənzimlənəcək. Hazırda “Hərbi qulluqçuların statusu haqqında” qanunda yer alan müvafiq maddəni təqdim edirik:
Maddə 10. Pul təminatı və maddi təminat hüququ 1. Azərbaycan Respublikası hərbi xidmətin xüsusi xarakterini və dövlət qulluğunun başqa növlərindən üstünlüyünü nəzərə alaraq, hərbi qulluqçuların hərbi xidmət vəzifələrini icra etməsi üçün maddi və başqa şərait yaradır. 2. Hərbi xidmətin şəraitindən, ixtisasdan, hərbi peşədən, hərbi rütbədən və hərbi xidmətdə olmağın müddətindən asılı olaraq hərbi qulluqçuların dövlət hesabına təminat xərcliyi almaq hüququ vardır. Həm də zabitlərin, gizirlərin və miçmanların və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının vəzifə maaşlarının minimum məbləğləri Azərbaycan Respublikasında dövlət qulluqçularının orta əmək haqqından az ola bilməz. Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların həmin dövr üçün ödənilməli olan pul təminatı ikiqat hesablanır.
Eyni zamanda bildirilir ki, hərbi qulluqçulara təminat xərcliyi verilməsinin qaydası və bu xərcliyin normalarının dəyişdirilməsi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunur.
Deməli, parlament məsələni qanunvericilik müstəvisinə daşıya bilər. Bunun üçünsə sözsüz ki, öncə bir çox hallarda qanunvericilik təşəbbüsü ilə çıxış edən Administrasiya ilə məsləhətləşmək zərurəti ortaya çıxır.
Bu yerdə xatırladaq ki, Maliyyə Nazirliyi bundan qabaq məsələ ilə bağlı yaydığı açıqlamasında da “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununa istinad edib. “Həmin qanunun 10.2-ci maddəsinə uyğun olaraq, döyüş şəraitində, döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçulara həmin dövr üçün ödənilməli olan pul təminatı ikiqat hesablanır”, açıqlamada qeyd olunub. Daha sonra bildirilib ki, “Ermənistanın kapitulyasiyasından sonra təmas xəttinin uzunluğu, coğrafiyası və digər məsələlərin kardinal şəkildə dəyişməsi səbəbindən Müdafiə Nazirliyinin Maliyyə Nazirliyi ilə birlikdə ikiqat pul təminatı ilə əhatə olunacaq hərbi qulluqçuların sayının dəqiqləşdirilməsi həyata keçirilir. Bununla əlaqədar Maliyyə Nazirliyi tərəfindən Müdafiə Nazirliyinə müvafiq sorğular edilib. Aparılan dəqiqləşdirmələr nəticəsində ikiqat pul təminatı alacaq hərbi qulluqçuların sayı müəyyənləşdirilərək qanunvericiliyə uyğun olaraq müvafiq maliyyələşmə ilə təmin olunacaq”.
Müdafiə Nazirliyi əhaliyə müraciət edir
Belə aydın olur ki, məsələ araşdırma mərhələsindədir. Qəti əminliyimiz var ki, hərbçilərin maaş problemi tezliklə həll olunacaq, çünki boynumuzda igid qardaşlarımızın haqqı var. Azərbaycanın tarixi zəfərinə imza atıblar, bizi xəcalətdən qurtarıblar, ermənini “zəbun” ediblər. Üstəlik, Qarabağda görüləsi işlər var, ara-sıra baş qaldıran terrorçular “Dəmir yumruq” zərurətini ortaya çıxarır, bu barədə dövlət başçımız da xəbərdarlıq edib. Üstəlik, 3500 metr yüksəklikdəki səngərdə olan hərbçi ilə Bakıdakı zabit arasında fərq olmalıdır, sözsüz.
İnanırıq ki, onların zəhməti dəyərləndiriləcək.
Yəqin ki, parlament sədri də məsələnin hərbçilərin xeyrinə həllini istəyir. Amma onun tutduğu post istənilən məsələdə subardinasiyanı gözləməyi tələb edir. Həm də qanun var. Yaxud indi də desək “Qarabağ döyüş bölgəsidir”, oranı dirçəltməyə, qurub-yaratmağa hansı xarici şirkət gələr?..
Qarabağ de-yure döyüş bölgəsi olmasa da, de-fakto döyüş bölgəsi sayıla bilər. Yəni nə qədər Ermənistanla sülh müqaviləsini imzalamamışıq, terrorçu dəstələri Qarabağdan tam rədd etməmişik, başlarını əzməmişik, faktiki olaraq Qarabağ döyüş bölgəsi statusunu saxlayır. Deməli, qanunvericiliyə düzəliş etmək lazımdırsa, etmək və son nəticədə məsələni hərbçi qardaşlarımızın xeyrinə həll etmək lazım gələcək.
Heç şübhəmiz yoxdur müsbət nəticəyə. Həm də dövlətin ali iradəsi ortadadır. Qarabağ zəfərindən, Ermənistanın kapitulyasiya sənədini imzalamasından bir gün sonra, noyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşdülər. Şuşanın azad olunması müjdəsini xalqa Şəhidlər Xiyabanından çatdıran Komandan Qələbədən sonra ilk görüşünü də məhz müalicə olunan hərbçilərlə keçirdi. Həmin görüşdə bəyan etdi ki, qələbə bizim hərbçilərimizin peşəkarlığı, qəhrəmanlığı hesabına qazanılıb. Prezident daha sonra bildirdi: “Həm döyüş meydanında, həm danışıqlar masası arxasında biz istədiyimizə nail ola bildik. Ona görə bu gün, müharibə başa çatandan dərhal sonra gəlmişəm ki, sizə öz hörmətimi ifadə edim. Sizin valideynlərinizə öz təşəkkürümü bildirim ki, dövlət üçün belə qəhrəman övladlar yetişdiriblər. Gəlmişəm ki, sizə şəxsən öz təşəkkürümü bildirim, sizi təbrik edim. Mənim birinci təbrik etdiyim insanlar sizsiniz və sizin simanızda bizim bütün qəhrəman döyüşçülərimizdir. Gəlmişəm deyim ki, mən hər zaman sizinlə bir yerdə olacağam. Mənə arxalana bilərsiniz. Bizim qəhrəman döyüşçülərimiz gələcək həyatda da daim mənim nəzarətim altında olacaqlar”.
İlham Əliyev və Mehriban Əliyeva yaralı hərbçilərlə görüşdülər -
Bəli, dövlət başçısı bu fikirlərlə döyüşün başa çatdığını bildirib. Ara-sıra düşmən təxribatlarını nəzərə almasaq, döyüşlər geridə qalıb. Ancaq ölkə başçısı döyüşçülərinə “mənə arxalana bilərsiniz”, deyib. Yəni bu, o deməkdir ki, Prezident İlham Əliyev günün birində Kəlbəcərdə, Laçında, elə Şurnuxu kəndində xidmət keçən düşmənə göz dağı olan igid hərbçilərimizin, sərhədçilərimizi məmnun edən qanun layihəsini Milli Məclisə yollayanda bəziləri pərt olacaqlar. Buna şübhə etmirik ki, dəqiqləşmə aparılandan, maliyyə tutumu hesablanandan sonra məsələ həllini tapacaq, hətta ötən ayların maaşı da ödəniləcək. Necə ki, Qaradağ ərazisində dəfn olunmuş şəhidlərimizlə bağlı ailələrin narahatlığı bir gecədə məhz dövlət başçısının göstərişilə həllini tapdı, hərbçilərin maaşı da həllini tapacaq. Məhz ölkə başçısının təqdimatı ilə 44 günlük döyüşlərdə igidlik göstərənlər yeni orden və medallara layiq görülmədimi, YAŞAT Fondu, Qarabağı Dirçəliş Fondu yaradılmadımı? Növbəti addımın atılacağına da inanırıq! Sadəcə bir az səbirli olmaqda fayda var. Heç şübhəsiz bəzi dairələr “qaşınmayan yerdən qan çıxartmaq”, Prezidentlə xalqın arasında uçurum yaratmaq, nifaq toxumu səpmək üçün yollar arayırlar. Əks təqdirdə, niyə deyilməyən bir ifadəni iqtidar adamının şəklinin üstünə yazıb, tirajlasınlar ki? İndi parlamentdən stenoqram əldə etmək də çətin deyil. Parlament sədri sadəcə qanunvericiliyə, 10 noyabr üçtərəfli bəyannaməyə, Bakıdakı Zəfər paradına, Prezidentin bəyanatına, mövcud reallıqlara istinad edib. Həqiqətən də Qarabağ bu gün dirçəliş günlərini yaşayır, Azərbaycan tikib-qurur, hava limanından tutmuş, SES-lərədək. Ermənistanda ordu-hakimiyyət, xalq-hakimiyyət qarşıdurması yaşanırkən biz daha sıx birləşməliyik, 44 günlük savaşda olduğu kimi. O halda yeni qələbələri haqq edəcəyik. Çünki dövlətimizin başçısı Zəfər paradında əbəs yerə Zəngəzur, Göyçə və İrəvanın tarixi Azərbaycan torpaqları olduğunu xatırlatmadı. Bizim işimiz Xankəndi, Xocavənd, Xocalı ilə bitməyəcək və həmin zəfərlərin də əsas qəhrəmanı BİZİM ƏSGƏR olacaq!
Elşad PAŞASOY,
Musavat.com
ŞƏRHLƏR