Prezident İlham Əliyevin 16 mart 2018-ci ildə imzaladığı əfv sərəncamının şamil edildiyi şəxslərdən biri də Daxili İşlər Nazirliyinin (DİN) Baş Cinayət-Axtarış İdarəsinin Mülkiyyət əleyhinə cinayətlər şöbəsinin rəisi olmuş Kamil Sədrəddinovdur. O, 2005-ci il martın 10-da keçmiş Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının keçirdiyi “Qara kəmər” əməliyyatı nəticəsində həbs olunmuşdu.Bizimyol.info xəbər verir ki, 1994-cü ildən 2005-ci ilin martında həbs olunana qədər onlarla qətl, adam oğurluğu, quldurluq və başqa cinayətlər törətmiş dəstənin başçısı Hacı Məmmədov məhz Kamil Sədrəddinovun rəhbərlik etdiyi şöbədə baş əməliyyat müvəkkili işləyridi. Sabiq şöbə rəisinin özü də H.Məmmədovun bandasının əməllərindən xəbərdar olub heç bir tədbir görməməkdə, əksinə, bir sıra hallarda, o cinayətlərə şərik olmaqda ittiham olunurdu. Cinayət işinin materiallarından aydın olurdu ki, adam oğurluqlarına görə alınan pullardan K.Sədrəddinova da müəyyən pay çatıb.
O, ittihamlarla tam razılaşmasa da, özünü qismən təqsirli bilirdi.
K.Sədrəddinov Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmüylə ömürlük azadlıqdan məhrum edilmiş, polkovnik rütbəsi də alınmışdı. Prezidentin sərəncamıyla onun ömürlük cəzası 20 il həbslə əvəz olunub.
Hacı Məmmədovun bandasıyla bağlı cinayət işi üzrə ümumilikdə 10 nəfərə ömürlük həbs verilmişdi. Onların arasında K.Sədrəddinovla yanaşı, daha bir nəfər də vəzifəli şəxs vardı. Bu, Daxili İşlər Naziriyinin Baş Cinayət-Axtarış İdarəsinin rəisi, general Zakir Nəsirov idi. Düz iki il öncə – 2017-ci il martın 17-də prezidentin əfv sərəncamıyla Z.Nəsirovun ömürlük cəzası 15 il azadlıqdan məhrumetmə ilə əvəzlənmişdi. Aprel ayında isə o, cəzasının dörddə üçünü çəkməsi əsasıyla (11 il 9 ay) vaxtından əvvəl şərti azadlığa buraxıldı.
Z.Nəsirov isə özünü təqsirli bilmirdi. Deyirdi ki, keçmiş milli təhlükəsizlik naziri Hacı Məmmədovun onun təsiri altında olmasından öz məqsədləri üçün sui-istifadə edir. Nəsirov iddia edirdi ki, onun H.Məmmədovun əməllərindən xəbərdar olması, cinayət yoluyla ələ olunmuş pullardan ona da çatması, bəzi cinayətlərin sifarişinin ondan gəlməsi barədə Hacı Məmmədovun ifadələri yalandır və sifarişin nəticəsidir. Keçmiş generalın sözlərinə görə, bu yolla təzyiq göstərib onun özündən Daxili İşlər Nazirliyinin rəhbərliyi barədə yalan ifadələr almaq istəyirdilər. O isə həqiqətə uyğun olmayan ifadələri verməkdən imtina etdiyinə görə Eldar Mahmudov onu ömürlük həbslə cəzalandırdı.
2015-ci ilin oktyabrında MTN-də keçirilən əməliyyat və 20-dən artıq vəzifəli şəxsin həbsi, o cümlədən nazir E.Mahmudovun vəzifəsindən azad edilməsindən sonra Hacı Məmmədov özü də Ali Məhkəməyə məktub yazaraq, Z.Nəsirov haqqında ifadələrinin yalan olduğunu bildirmişdi. Yazırdı ki, E.Mahmudovun sifarişi və təzyiqilə onun əleyhinə ifadə verib.
H.Məmmədov 2017-ci ilin dekabrında keçmiş MTN-in istintaq təcridxanasında özünü asaraq intihar edib. Onunla məhkum edilən bütün şəxslər məhkəmənin hökmündən sonra Qobustan həbsxanasına köçürülsələr də (ömürlük azadlıqdan məhrum edilən şəxslər orada saxlanılır), H.Məmmədov 12 il ərzində ancaq MTN-in istintaq təcridxanasında oldu.
H.Məmmədovun dəstəsi 2005-ci ilin fevralında Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın oğurlayandan sonra MTN-in keçirdiyi əməliyyat nəticəsində martın 10-da ifşa edilmişdi.
Oxu24.com
ŞƏRHLƏR