Qaynar xətt:

(+99450) 247 90 86

Müqavilə var, amma ev yoxdur: Dələduzlar qanundakı boşluqdan necə istifadə edirlər? — VƏKİL AÇIQLADI  

Müqavilə var, amma ev yoxdur: Dələduzlar qanundakı boşluqdan necə istifadə edirlər? — VƏKİL AÇIQLADI  

HÜQUQ

36

28.08.2026, 17:40

Bir çox vaxtlarda cəmiyyətdə ən çox rast gəlinən hüquq pozuntularından biri də dələduzluq hallarıdır. Mülkiyyət əleyhinə yönəlmiş bu cinayətlər vətəndaşların maddi və mənəvi baxımdan ciddi zərər çəkməsinə səbəb olur. Hüquqi mexanizmlərin inkişafı ilə yanaşı, dələduzluq edən şəxslərin də üsul və metodları günü-gündən mürəkkəbləşir. Əvvəllər daha çox şifahi vəd və ya sadə aldatma yolu ilə həyata keçirilən bu əməllər, artıq formal hüquqi müstəviyə keçirilməyə başlayıb. Xüsusilə daşınmaz əmlak, tikinti və alqı-satqı sahələrində vətəndaşların etibarından sui-istifadə edilməsi halları geniş vüsət alıb. 

Bir çox hallarda zərərçəkənlər rəsmi müqavilə bağladıqları üçün aldanmayacaqlarını düşünsələr də, sonradan böyük maliyyə itkiləri ilə üz-üzə qalırlar. Cinayətkarlar hüquq sistemindəki incəliklərdən və qanunvericiliyin tələblərindən məharətlə istifadə edərək öz cinayət əməllərini pərdələməyi bacarırlar. Bu durum vətəndaşların hüquqi maariflənməsinin və dələduzluq mexanizmlərini dəqiq anlamasının nə qədər vacib olduğunu bir daha sübut edir. Mövzu ilə bağlı Oxu24.com-a vəkil Turan Abdullazadə açıqlama verib.

 

O bildirib ki, praktikada dələduzluq əməlləri əsasən iki cür olur: müqaviləli dələduzluq və müqaviləsiz dələduzluq. Müqaviləsiz dələduzluq heç bir rəsmi sənəd olmadan həyata keçirilirsə, müqaviləli dələduzluqda vəziyyət fərqlidir. Hazırda dələduzlar o qədər peşəkarlaşıblar və öz əməllərini o qədər kamuflyaj edirlər ki, onları ilk baxışdan ifşa etmək demək olar ki, qeyri-mümkün olur. 

Vəkil qeyd edib ki, onlar öz cinayətkar əməllərini adətən uydurma sənədlər və ya formal müqavilələr əsasında pərdələyirlər.

Bu üsul daha çox hansı sahələrdə özünü göstərir?

Turan Abdullazadənin sözlərinə görə, bu hallara daha çox tikinti şirkətlərində və daşınmaz əmlak alqı-satqısında rast gəlinir:

“Məsələn, bir mənzili bir neçə nəfərə satırlar. Və ya vətəndaşa vəd edirlər ki, müəyyən bir ərazidə ev tikib təhvil verəcəklər. Bu adla vətəndaşdan 30-35 min manat pul alırlar, müəyyən müddət keçdikdən sonra isə həmin şəxs ortalıqdan çıxır”.

Bəs onlar rəsmi müqavilə bağlamaqla məsuliyyətdən necə yayına bilirlər?

Vəkil vurğulayıb ki, burada əsas məqam odur ki, zərərçəkən şəxs həmin dələduza qarşı cinayət işinin açılmasına nail ola bilmir. Çünki dələduzluq edən şəxs əməlini öncədən müqavilə ilə pərdələyir

“Hüquqi baxımdan həm Avropa Konvensiyasının, həm də bizim yerli qanunvericiliyin əsas prinsipi var: heç kəs yalnız müqavilə öhdəliyini icra edə bilmədiyinə görə azadlıqdan məhrum edilə bilməz.

Dələduzlar da bu hüquqi normanı qabaqcadan nəzərə alırlar. Onlar cinayət niyyətini birbaşa büruzə vermək əvəzinə, məsələni mülki-hüquqi müstəviyə keçirirlər. Nəticədə, törətdikləri cinayət əməlini "müqavilə öhdəliyinin pozulması" kimi qələmə verərək məsuliyyətdən yaxa qurtarmağa çalışırlar”,- deyə vəkil bildirib. 

Çimnaz Telmanqızı