Qaynar xətt:

(+99450) 247 90 86

Hərbçilərə mənzil əvəzinə pul kompensasiyası verilsin: TƏKLİF  

Hərbçilərə mənzil əvəzinə pul kompensasiyası verilsin: TƏKLİF  

HƏRBİ

48

17.11.2026, 19:09

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ehtiyatda olan ların mənzil təminatı sistemi ilə bağlı mövcud qanunvericilikdə müəyyən boşluqlar və çatışmazlıqlar hələ də qalmaqdadır. Mövcud qaydalara əsasən, evlərin adətən hərbi hissələrin yaxınlığında yerləşməsi və ya xidmət yerlərindən uzaq olması həm xidmət edən, həm də ehtiyata buraxılan hərbçilər üçün müəyyən çətinliklər yaradır. Xüsusilə hərbçilərin ailə üzvlərinin təhsil müəssisələrindən uzaq düşməsi və ya verilən mənzillərin onların sərbəst seçim imkanlarını məhdudlaşdırması tez-tez narazılıqlara səbəb olur. Bu baxımdan Milli Məclisdə səsləndirilən təklifə əsasən, mənzil əvəzinə pul kompensasiyasının verilməsi hərbçilərə yaşayış yerini sərbəst seçmək imkanı yarada bilər. Belə bir mexanizmin tətbiqi həm beynəlxalq, həm də qardaş Türkiyə təcrübəsində geniş istifadə olunan effektiv yanaşmalardan biridir. Ancaq bu keçid prosesinin hansı meyarlar əsasında və necə tənzimlənəcəyi hələ ki geniş müzakirə tələb edən əsas məsələlərdəndir.

Azərbaycanda ehtiyatda olan hərbçilərə mənzil əvəzinə pul kompensasiyasının verilməsi təklifi müzakirə mövzusuna çevrilib. 

Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən hərbi ekspert Şair Ramaldanov bildirib ki, hərbiçilərin ev təminatı ilə bağlı hazırda müvafiq qanun var, ancaq gedən proseslər göstərir ki, bu, çox vaxt nə hərbçiləri tam şəkildə razı salmır, nə də müəyyən problemlər törədir:

"Hərbiçilərin ev təminatı ilə bağlı hazırda müvafiq qanun var. Ancaq gedən proseslər onu göstərir ki, bu, çox vaxt nə hərbiçiləri tam şəkildə razı salmır, yəni müəyyən bir problemlər törədir, həm də ki, bu evlərin özlərinin də, yəni hərbiçinin ev seçiminə məhdud olduğu üçün bu, o qədər də düzgün, yəni normal qəbul edilmir, ayrı-ayrı birmənalı qarşılanmır”.

Şair Ramaldanovun sözlərinə görə, hərbi qulluqçuların mənzil təminatı məsələsində beynəlxalq təcrübənin, xüsusilə Türkiyənin tətbiq etdiyi mexanizmlərin nəzərə alınması məqsədəuyğun olardı. Bu sahədə beynəlxalq təcrübədən irəli gələn yanaşmaların tətbiqi gələcəkdə mövcud sistemdə müəyyən dəyişikliklərin aparılmasını da mümkün edə bilər:

“Sovet dövründə hərbi qulluqçuların mənzillə təmin olunması zamanı əsasən xidmət etdikləri hərbi hissələrin yaxınlığında yerləşən ərazilərə üstünlük verilirdi. Sonrakı dövrlərdə də müəyyən müddət bu prinsipə riayət olunsa da, zaman keçdikcə hərbçilərə ayrılan mənzillərin xidmət yerlərindən xeyli uzaqda yerləşməsi bir sıra çətinliklər yaradıb”.

Onun fikrincə, hərbi qulluqçuların xidmət etdikləri ərazilərdən uzaqda yaşaması gündəlik gediş-gəliş baxımından əlavə vaxt itkisinə və narazılıqlara səbəb olur. Məsələn, Günəşli və Hövsan kimi ərazilərdə yaşayan hərbçilərin Bakının şimal istiqamətində yerləşən hərbi hissələrə çatması uzun vaxt tələb edir. Bu isə onların həm şəxsi həyatına, həm də xidmət fəaliyyətinə müəyyən təsir göstərir.

Şair Ramaldanov hərbçilərin mənzil təminatının yalnız onların xidmət şəraiti baxımından deyil, ailə üzvlərinin sosial ehtiyacları nəzərə alınmaqla da qiymətləndirilməli olduğunu vurğulayıb. O bildirib ki, hərbi qulluqçular ehtiyata və ya təqaüdə çıxdıqdan sonra mənzillə təmin olunduqda ailələrinin təhsil və gündəlik yaşayış ehtiyacları da nəzərə alınmalıdır. Belə ki, ailədə təhsil alan uşaqların məktəblərdən və ali təhsil müəssisələrindən uzaq ərazilərdə yaşaması əlavə çətinliklər yarada bilər:

“Hazırkı sistemdə hərbçilərin konkret ərazidə yerləşən mənzillərlə təmin olunması onların yaşayış yeri seçiminə müəyyən məhdudiyyətlər gətirir. Halbuki mənzil təminatı zamanı hər bir hərbçinin ailə vəziyyəti, sosial ehtiyacları və gələcək yaşayış planları fərqli ola bilər.

Son dövrlərdə yeni tikilən yaşayış binalarında mənzillərin sahəsi və otaqların genişliyi baxımından daha əlverişli imkanlar mövcud olsa da, hərbçilərə əsasən sosial mənzil kateqoriyasına aid yaşayış sahələri təklif edilir. Bu mənzillərin sahəsi və planlaşdırılması isə bütün hərbçilərin fərdi ehtiyaclarına uyğun gəlməyə bilər”.

Ekspert vurğulayıb ki, bəzi hərbçilər ailə üzvlərinin sayına uyğun daha geniş mənzil almaq, bəziləri isə həyət evi tikmək və ya başqa ərazidə yaşayış sahəsi əldə etmək istəyirlər. Lakin onlara əvvəlcədən müəyyən edilmiş mənzilin təqdim olunması bu seçim imkanlarını məhdudlaşdırır. Belə hallarda hərbçi ayrılmış mənzili sataraq əldə etdiyi vəsaitə əlavə maliyyə vəsaiti qoymaqla öz ehtiyaclarına daha uyğun yaşayış sahəsi əldə etməyə çalışır. Bu isə əlavə maliyyə və təşkilati çətinliklər yaradır.

Hərbçilərin mənzil əvəzinə pul kompensasiyası ilə təmin olunması onların müstəqil seçim imkanlarını genişləndirə bilər. Onun sözlərinə görə, hərbi qulluqçuya xidmət müddətində xidməti mənzil verilə, ehtiyata və ya təqaüdə çıxdıqdan sonra isə yaşayış sahəsi əldə etməsi üçün müəyyən məbləğdə maliyyə vəsaiti ayrıla bilər. Beləliklə, hərbçi həmin vəsaitdən istifadə edərək özünə uyğun ərazidə və istədiyi ölçüdə mənzil ala bilər:

“Bu yanaşmanın əsas üstünlüklərindən biri hərbi qulluqçunun yaşayış yeri ilə bağlı qərarları özü verməsidir. Çünki bəzi hərbçilər paytaxtda yaşamağa üstünlük versələr də, digərləri doğulduqları rayonlarda ev tikmək və ya mənzil almaq istəyə bilərlər. Maliyyə kompensasiyası bu baxımdan hərbçilərə daha geniş seçim imkanı yarada bilər”.

O əlavə edib ki, mənzil əvəzinə ayrılan vəsaitdən istifadə istiqaməti də hər bir hərbçinin fərdi vəziyyətindən asılı olaraq dəyişə bilər. Məsələn, valideynlərindən yaşayış evi miras qalan hərbçi əlavə mənzil almaq əvəzinə, həmin vəsaiti sahibkarlıq fəaliyyətinə investisiya kimi yönəltməyi və ya başqa iqtisadi məqsədlər üçün istifadə etməyi seçə bilər. Bu baxımdan maliyyə kompensasiyası hərbçilərin yalnız mənzil ehtiyaclarının deyil, ümumilikdə sosial və iqtisadi maraqlarının təmin edilməsinə də xidmət edə bilər:

“Belə bir mexanizmin tətbiqində kompensasiyanın məbləğinin və hesablanma prinsiplərinin düzgün müəyyənləşdirilməsi xüsusi əhəmiyyət daşıyır. Bu məsələdə beynəlxalq təcrübə, xüsusilə Türkiyədə tətbiq olunan yanaşmalar araşdırılmalı, hərbçilərin sosial vəziyyəti və yaşayış ehtiyacları nəzərə alınmalıdır. Müvafiq komissiyaların və Milli Məclisin aidiyyəti komitələrinin müzakirələri zamanı bu amillərin kompleks şəkildə qiymətləndirilməsi vacibdir”.

Şair Ramaldanov qeyd edib ki, kompensasiyanın müəyyənləşdirilməsi zamanı daşınmaz əmlak bazarında baş verən dəyişikliklər də diqqətdən kənarda qalmamalıdır. Belə ki, tikinti materiallarının və mənzillərin qiymətləri ilbəil dəyişir, əsasən isə bahalaşma müşahidə olunur. Bu səbəbdən ayrılacaq vəsaitin hesablanması zamanı bazardakı real qiymətlər, mənzillərin sahəsi və hərbçilərin ailə tərkibi kimi meyarlar nəzərə alınmalıdır. Əks halda, müəyyən edilən kompensasiya məbləği hərbçinin mənzil ehtiyacını tam qarşılamaq üçün kifayət etməyə bilər.

Ekspertin sözlərinə görə, hərbçilərlə ünsiyyət zamanı onların bir qisminin də mənzil əvəzinə maliyyə dəstəyi formasında təminata üstünlük verdiyi müşahidə olunur. Bunun əsas səbəbi ayrılan vəsaitdən sərbəst istifadə etmək, yaşayış yerini və mənzilin formasını özləri müəyyənləşdirmək imkanının olmasıdır.

Sonda Şair Ramaldanov yekunda bildirib ki, kompensasiyanın hansı meyarlarla, hansı həcmdə və hansı mexanizm əsasında veriləcəyi əlavə müzakirə tələb edir. Bununla belə, hərbi qulluqçuların mənzil təminatında pul kompensasiyası modelinə keçid onların sosial müdafiəsinin gücləndirilməsi və fərdi ehtiyaclarının daha çevik şəkildə qarşılanması baxımından məqsədəuyğun yanaşma ola bilər. Əsas məsələ tətbiq ediləcək mexanizmin hərbçilərin real gözləntilərini doğrultması və yaşayış şəraitinin yaxşılaşdırılmasına xidmət etməsidir.

Çimnaz Telmanqızı