Qaynar xətt:

(+99450) 247 90 86

Sülhün əsas açarı: Delimitasiya və anklavlar prosesi ləngidə bilərmi? – ŞƏRH  

Sülhün əsas açarı: Delimitasiya və anklavlar prosesi ləngidə bilərmi? – ŞƏRH  

SİYASƏT

43

17.11.2026, 19:14

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması və yekun sülh sazişinin imzalanması istiqamətində tarixi fürsət yaranıb. Tərəflər arasında sülh müqaviləsinin mətninin razılaşdırılması ilə yanaşı, dövlətlərarası sərhədlərin delimitasiyası və demarkasiyası prosesi də gündəliyin mərkəzində dayanır. Mütəxəssislər hesab edirlər ki, hər iki ölkənin suverenliyi və ərazi bütövlüyü çərçivəsində sərhədlərin müəyyənləşdirilməsi Cənubi Qafqazda uzunmüddətli sabitliyin əsas təminatçısıdır. Bununla belə, illərdən bəri həllini gözləyən anklav kəndlərin taleyi və mürəkkəb coğrafi relyefdə aparılan delimitasiya işləri ictimaiyyətdə müəyyən suallar doğurur. Xüsusilə bu texniki və hüquqi prosedurların yekun sülh sazişinin imzalanmasına necə təsir edəcəyi geniş müzakirə olunur. 

Təcrübə göstərir ki, qonşu dövlətlərlə sərhəd məsələlərinin tənzimlənməsi müəyyən vaxt və qarşılıqlı səy tələb edən ardıcıl prosesdir. Azərbaycanın digər qonşuları ilə sərhəd delimitasiyası təcrübəsi bu istiqamətdə konstruktiv yanaşmanın mövcud olduğunu sübut edir. Bütün bu amillər fonunda əsas sual həmin texniki məsələlərin sülh prosesini ləngidib-ləngitməyəcəyi ilə bağlıdır.

Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsi imzalanarsa, delimitasiya və demarkasiya prosesi də sürətlənə, anklav kəndlərlə bağlı məsələlər isə qarşılıqlı danışıqlar yolu ilə həllini tapa bilər.

Onun sözlərinə görə, nəzərə almaq lazımdır ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra Rusiya və Gürcüstanla da sərhədlərin delimitasiyası və demarkasiyası istiqamətində uzun illərdir danışıqlar aparır: 

“Rusiya ilə bu istiqamətdə məsələ həllini tapıb, Gürcüstanla isə danışıqlar yenidən aktivləşib. Ona görə də hesab edirəm ki, Azərbaycanla Ermənistan arasında bu məsələlərin həlli üçün ciddi maneə yoxdur. Əsas məqam tərəflərin siyasi iradəsinin mövcud olması, məsələlərin danışıqlar yolu ilə həllinə maraq göstərməsi və bunun üçün müvafiq komissiyaların fəaliyyət göstərməsidir”.

Politoloq hesab edir ki, yekun sülh müqaviləsi imzalandıqdan sonra delimitasiya və demarkasiya prosesi də mərhələli şəkildə həyata keçiriləcək. Anklav kəndlərlə bağlı məsələlərdə də qarşılıqlı kompromis əsasında ortaq məxrəcə gəlmək mümkündür. Nəticədə bu proseslər sülh müqaviləsinin daha etibarlı və dayanıqlı olmasına, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına əlavə töhfə verəcək.

Çimnaz Telmanqızı