Qaynar xətt:

(+99450) 247 90 86

Xəyanət edən tərəf əmlakdan məhrum edilə bilərmi? – Vəkildən ÖNƏMLİ AÇIQLAMA  

Xəyanət edən tərəf əmlakdan məhrum edilə bilərmi? – Vəkildən ÖNƏMLİ AÇIQLAMA  

HÜQUQ

86

01.07.2026, 15:32

Azərbaycanda boşanma prosesləri zamanı ən çox mübahisə doğuran və cəmiyyəti maraqlandıran məsələlərdən biri də birgə nikah dövründə alınmış əmlakın tərəflər arasında necə bölünməsidir. Xüsusilə, tərəflərdən birinin xəyanət etməsi faktının əmlak bölgüsünə təsir edib-etməməsi hər zaman müzakirə mövzusu olub.

Məsələyə hüquqi nöqteyi-nəzərdən aydınlıq gətirən vəkil Ayaz Əhmədov Oxu24.com-a açıqlamasında bildirib ki, mövcud qanunvericiliyə əsasən,  tərəflərdən birinin xəyanət etməsi birgə nikah dövründə qazanılmış əmlakdan tamamilə məhrum edilməsi üçün birbaşa əsas yaratmır:“Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinə görə, nikah müddətində əldə olunmuş mülkiyyət tərəflərin birgə müştərək mülkiyyəti hesab olunur və boşanma zamanı bərabər paylarla bölünür”.

Lakin vəkil qeyd edib ki, bu vəziyyəti hüquqi müstəvidə dəyişmək və xəyanət edən tərəfi əmlakdan məhrum etmək mümkündür. Bunun üçün nikah münasibətləri qurularkən və ya nikah dövründə tərəflər arasında nikah müqaviləsi imzalanmalıdır.

A.Əhmədovun sözlərinə görə, nikah müqaviləsinə xüsusi bir şərt əlavə edilə bilər:“Müqaviləyə “Xəyanət edən tərəf birgə nikah dövründə alınmış əmlakdan məhrum olacaq” bəndi daxil edilməlidir. Belə bir rəsmi şərt olduğu təqdirdə, xəyanətə məruz qalmış tərəf qarşı tərəfin xəyanətini məhkəmədə sübuta yetirərsə, əmlakın tam mülkiyyətçisi ola bilər”.

Vəkil onu da vurğulayıb ki, beynəlxalq təcrübədə bu üsuldan geniş istifadə olunsa da, Azərbaycanda nikah müqaviləsi bağlamaq mədəniyyəti hələ tam formalaşmadığı üçün bu cür hallarda əmlakın itirilməməsi üçün nikah müqaviləsinin əvvəlcədən düzgün tərtib edilməsi böyük əhəmiyyət kəsb edir.

Çimnaz Telmanqızı