Qaynar xətt:

(+99450) 247 90 86

“Mənə lazım deyil deyə bilməzsiniz, mən tamaşaçıya lazımam” İllər sonra vətənə qayıdan aktrisa

“Mənə lazım deyil deyə bilməzsiniz, mən tamaşaçıya lazımam” İllər sonra vətənə qayıdan aktrisa

MÜSAHİBƏ

116

01.07.2026, 16:32

Azərbaycan teatr və kino mühitinin tanınmış simalarından biri olan Nigar Bahadırqızı illər sonra yenidən vətənə qayıdaraq sənətsevərlərin qarşısına çıxıb. Səhnədə yaratdığı yaddaqalan obrazlar, televiziya layihələrindəki uğurlu fəaliyyəti və Türkiyədə qazandığı təcrübə onun sənət yolunu daha da zənginləşdirib.

Bakıda anadan olan Nigar Bahadırqızı 2005–2009-cu illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb. Hələ tələbəlik illərindən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında fəaliyyətə başlayıb və 2007–2015-ci illərdə həmin teatrın aparıcı aktrisalarından biri kimi bir-birindən fərqli və yaddaqalan obrazlara həyat verib. Televiziya aparıcılığı sahəsində də çalışan sənətçi 2013-cü ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təsis etdiyi “Gənclər mükafatı”na layiq görülüb.2015-ci ildə öz istəyi ilə teatrdan ayrılan aktrisa Türkiyə vətəndaşı Ersel Aktarla ailə həyatı quraraq fəaliyyətini qardaş ölkədə davam etdirib. Burada həm kino layihələrində iştirak edib, həm də uşaqlar üçün “İdol Uşaq Teatrı”nı yaradaraq Azərbaycan klassikasını yeni nəslə tanıtmağa çalışıb.

Nigar Bahadırqızının teatroqrafiyası olduqca zəngindir. O, Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında Orxan (“İncəbel qarı”), Bala siçan (“Çəkməli pişik”), Tıq-tıq xanım (“Tıq-tıq xanım”), Susanna (“Aydın”), Mari (“Şelkunçik”), Pərzad (“Hekayəti xırs quldurbasan”), Ofeliya (“Buzovna kəndinin əhvalatları”), Şərəfnisə (“Müsyö Jordan və dərviş Məstəli şah”), Qorlin Kelleqer (“Yalqız Qərb”) və digər müxtəlif obrazları uğurla canlandırıb.

Kino və televiziya yaradıcılığında isə “Tahirənin intiqamı”, “Xoca”, “Ağabəyovlar”, “Tək olanda qorxma...”, “Köpək bürcü”, “Ağ və qara”, “Həyat dərsi”, Türkiyənin məşhur “Arka Sokaklar” serialı, eləcə də 2026-cı ildə ARB televiziyasında nümayiş olunan “Seçim” serialı onun filmoqrafiyasının mühüm hissəsini təşkil edir.

Bu gün isə Nigar Bahadırqızı yenidən doğma səhnələrə və tamaşaçılarına qayıdaraq həm keçmişə, həm də gələcək planlarına dair səmimi söhbətə qoşulur.

— Nigar xanım, sizi vətəndə yenidən görmək nə qədər xoşdur. Birdən-birə getdiniz və birdən-birə yenidən qayıtdınız.

— Uzaqda olmağın nə demək olduğunu yalnız qürbətdə olan bilir. Doğrudur, İstanbula öyrəşmişdim, o artıq mənim ikinci vətənim idi. İşim, gücüm, hər şeyim yerli-yerində idi. Amma yoldaşımla birlikdə bu qərarı verdik. Çünki burada bir şey baş verdikdə, ailə üzvlərindən, dostlarımdan birinə nəsə olduqda, iki saat yarımlıq uçuş məsafəsindən gəlib çatmaq mənəvi cəhətdən çox ağır idi. Pasportu verib gülümsəyirdin, ağlaya bilmirdin, heç kimə izah edə bilmirdin ki, həyatında belə bir hadisə baş verib. Bu yaxınlarda qardaşım rəhmətə getdi. O gün nələr yaşadığımı yalnız Allah bilir, bir də mən. Biz yoldaşımla qərara gəldik: vətənə qayıdaq. Bir az vətən həsrətini mən çəkmişdim, indi bir az da o çəksin (gülür), bir az o da buraya alışsın. Orada da çox qiymətli sənət yoldaşlarım var, gözəl insanlar tanıdım o 11 il gözəl idi. Çətinliklər də oldu, amma vətəndə olmaq tamam başqa bir şeydir. İndi dilim arada türkcəyə sürüşür  o da düzələcək, çünki istəyirəm ki, düzəlsin.

— 11 il əvvələ qayıtsaq  Nigar Bahadırqızı tanınmış bir aktrisa idi, bəzən öz yaşıdlarından da, hətta sənətin veteranlarından da daha populyar idi. Sənətin ən yüksək nöqtəsində idi: baş rollar, filmlər, televiziya, reklamlar. Birdən dedilər ki, Nigar Bahadırqızı sənəti atıb Azərbaycandan gedir. Bu, böyük bir itki kimi qəbul edildi. Üç ay ərzində bu qərarı verdiniz. Bu proses riskli deyildimi? Sənətin ən uğurlu çağında başqa bir mühitə keçmək...

— Məncə, hər insan həyatında bir dəfə bu riskə getməlidir. Mən bir çamadanla, bütün həyatımı içinə yığıb başqa bir ölkəyə getdim. Həyatımı sanki yenidən qurmaq istədim, qarşıma çıxan o gözəl insanı itirmək istəmədim. Üç ay içində bu qərarı verdim, uzun-uzadı düşünmədim. Əvvəl mənə desəydilər ki, teatra, sənətinə son qoyacaqsan, heç vaxt etməzdim. Ailəm də, sənətim də mənim üçün eyni dərəcədə önəmlidir. Mən sənəti atmadım. Sadəcə, buradakı Nigarı tamaşaçıların yaddaşında elə Nigar kimi saxlamaq istədim. Bəzən görürük, yaşca böyük aktrisalarımız sənətə o qədər qapılıblar ki, ailələri dağılıb, evə zaman ayıra bilməyiblər, gəlib tək oturublar. Mən bunu istəmədim. Tənhalıqdan qorxmuram, amma bu həyatı biri ilə paylaşmalı idim. Paylaşacağım insanı tapanda da qaçırmadım. İlk il mənəvi cəhətdən çox çətin idi. Hər axşam ağlayırdım, yuxularımda tamaşalarımı oynayırdım, qalxanda ağlaya-ağlaya oyanırdım. Bu, normal bir hal imiş, sonradan araşdırdım. Yoldaşım çox dəstək oldu. “İstərsən, qayıdaq”, dedi. Xeyr, dedim, mən bu riski görmək istəyirəm, öz-özümə nə bacara biləcəyimi sübut etmək istəyirəm. Sənətə gəldiyimdə də tək idim — ailəmdə sənət adamı yox idi, kimsə köməkçi olmadı. 16 yaşımda özüm hazırlaşdım, özüm imtahan verdim, özüm qəbul oldum, özüm bitirdim. Türkiyədə də eyni şeyi etdim. Orada başqa sənət insanları ilə çalışmaq böyük bir təcrübə oldu.

— Türkiyədəki fəaliyyətiniz bizdə həmişə işıqlandırılırdı: “Arxa Sokaklar” serialında çəkildiniz, “Kösem Sultan”da oynadınız. Azərbaycanlı bir aktrisanın Türkiyə film sektoruna daxil olması nə dərəcədə çətin idi?

— Mən həmişə teatrı filmdən, kinodan daha çox sevmişəm, özümü daha çox orada tapıram. Filmlərə çəkilmişəm, amma kamera qarşısında o qədər xoşbəxt deyiləm. Sadəcə çəkilirəm, rolumu ifa edirəm, geri çəkilirəm. Türkiyədə də çağırdılar, getdim, oynadım. Sonra bir az geri çəkildim  çünki Türkiyənin film sektoru ilə bizimkini müqayisə etmək olmur. “Uzaqdan davulun səsi xoş gələr” deyirlər. Mən orada sıfırdan başladım, onlar üçün tanınmayan biri idim. Nə qədər çalışsan da, tanınmayan biri olaraq qalacaqsan, çünki həm əhali çoxdur, həm aktyor çoxdur, həm də rejissor çoxdur. Üstəlik, orada üç aylıq sertifikatla aktyor olurlar. Bizdə isə rus məktəbi var, ciddi akademik hazırlıq var. Bizim aktyorlar türk aktyorlarına onların dili dilə desək “beş çəkər”  yalnız imkan verilsə. İmkan verilməyibsə, bu başqa məsələdir. Rejissor baxımından isə Türkiyə üstündür  hərçənd bizdə də çox gözəl rejissorlar yetişib: Hikmət Rəhimov, Emil Quliyev, Şahin Qəhrəmanov, Vüsal Məmmədov. Amma sayımız azdır, ona görə bu vəziyyətdəyik.

— Uzun müddətdir yoxsunuz, amma tamaşaçı sizi unutmayıb. Sənət ictimaiyyəti sizi xatırlayır. Bu sizə necə hiss etdirir?

— Sağ olsunlar, vallah, kimi görsəm, ürəkdən qucaqladılar, necə deyərlər  “özüm şok oldum”. Heç kim unutmayıb. Tanımayan adamlar da üzümə baxıb: “Siz mənə tanış gəlirsiniz”, deyirlər. Mən özümü təqdim etməkdən bir az çəkinən insanam, keçib gedirəm. Amma bu yaxınlarda mənə bir mesaj gəldi: “Siz mənim uşaqlığımın aktrisasısınız”. Oturub ağladım. Qocalığımı hiss etdim  yaxşı mənada. Çünki onlar mən oynayanda uşaq idilər, indi artıq yetkin insanlardır. Bir başqa hadisə də var  tanışımın həyat yoldaşı var ki, məni uzaqdan görmək istəyirmiş, yaxınlaşmağa utanırmış. Uşaqlığında məni çox izləyibmiş. Həyat yoldaşına baxdım məndən böyük görünür. Bu, çox gözəl bir hissdir, amma eyni zamanda zamanın keçdiyini xatırladır.

— Olmadığınız illərdə nələri itirdiniz, nələri qazandınız?

— İtirmədim, ələdim. İnsan böyüdükcə görür ki, ətrafındakıların hamısı həqiqi sevgidən gəlmir. Bəziləri o dövrdəki tanınmışlığıma görə yanımda imiş. Getdikdən sonra xatırlamadılar, zəng etmədilər. Mən uzaqda olan dostlarıma həmişə yazmışam: “Ehtiyacın varmı, necəsən?” deyə. Hətta İstanbula gələnlərə ev sahibliyi etmişəm, yardımçı olmuşam. Bu yardım etdiyim insanlar isə bu gün teatra işə girməyə mane oldular. Bu qədər deyim. Onları həyatımdan çıxartdım. Azaldıqca daha rahat oluram. Yaltaqlıq görürəm, boyun əymə görürəm belə dostum olmaz. Həyatımda ən nifrət etdiyim şey insanı bir məqsəd üçün istifadə etməkdir. Etməmişəm, etmərəm. Edənləri isə həyatımdan çıxartmışam.

— Türkiyədə yaşayan bəzi həmyerlilərimiz Azərbaycandan gedən sənətçilərə dəstək olmadığını, əksinə, mane olduğunu deyirlər. Siz bu mövzuda nə düşünürsünüz?

— Mən yeni gedəndə hər kəs deyirdi: “Azərbaycanlı gördün, qaç”. Anlamırdım bunu. Azərbaycanlı eşidəndə qaça-qaça gedib salam verirdim. Bu, üç il belə davam etdi. Sonra gördüm ki, həqiqətən, sənət insanları arasında dəstək yox idi, mənim şəxsən gördüyüm belədir. Kim görübsə, çıxsın desin. Mən bir dəfə kömək xahiş etdim iş məsələsində — “sən vətəndaş deyilsən” deyib söhbəti bağladılar. Bir dəfə soruşsan, iki dəfə soruşsan, üçüncü dəfə artıq o insana bir şey deməzsən, öz işini görərsən. Mən də elə etdim: öz teatrımı qurdum, öz pulumu qazandım, öz sənətimi davam etdirdim. Heç kimə ehtiyac yoxdur, amma yeni gəlmiş bir insanın yad ölkədə bir az istiqamətə ehtiyacı olur. Mən ora gələn həmyerlilərə kömək etdim. Rafiz Mehdizadə var Pantomim Teatrımızın aktyoru idi, çox istedadlı gəncdir. Yeni gəlmişdi, kömək etdim, indi maşallah, yerini tutub. Əlimdən gəlsə, niyə etməyəsən? Etmirəmsə, deməli, xislətim pisdir.

— Türkiyədə açdığınız “İdol” uşaq teatrından danışın — adı, fəaliyyəti, tamaşaları...

— “İdol Uşaq Teatrı” açdım “idol” yəni  ideal deməkdir. Məqsədim Azərbaycan klassikasını, Azərbaycan əsərlərini uşaqlara çatdırmaq idi. İlk tamaşam “Tıq-tıq xanım” oldu. Orada bu əsəri bilmirlər, amma biz onunla böyümüşük. Dostluğu öyrədir, bir-birinə pislik etməməyi aşılayır. Türkiyədə indi ailə, dost zorakılığı çox böyük problemdir, uşaqlar bir-birini alçaldır. Biz tamaşalarla bu yanaşmanı dəyişməyə çalışdıq. Həftə içi məktəblərə gedirdik  300, 400, 500, bəzən 1000 nəfərlik auditoriya qarşısında çıxış edirdik. Həftə sonları mədəniyyət mərkəzlərində, bələdiyyələrdə oynayırdıq. İkinci tamaşam “Qızılbalıq” idi, Gözümüz tox olsun, nə varsa, onunla kifayətlənək deyə bir mesaj verirdik. Uşaqlara öyrətmək istəyirdim: bir-birinizə ziyan verməyin, valideynlərə hörmət edin, ətrafı çirkləndirməyin, təkrar emala diqqət yetirin. Bunlar ana-atadan görülür, görülməyincə uşaq da eyni şeyi təkrarlayır. Aktyorlarım da yaxşı idi, özüm də arada oynayırdım. Təəssüf ki, Bakıya qayıtmaq qərarı ilə hər şeyi sökmək məcburiyyətində qaldım. Həyatımda ikinci dəfə qurulan bir şeyi dağıtdım. Qəribədir, amma qismət.

— Azərbaycana qayıdarkən teatrda işə başlayacağınıza ümid bəsləyirdiniz. O ümidlər doğruldumu?

— Gözləmirdim ki, qapılar bağlı olacaq. Mən buraya köçməzdən əvvəl teatrla görüşdüm  “məni işə götürəcəklərini” söylədilər. Ona görə hər şeyi orada satıb gəldim, yoldaşımı da özümlə gətirdim. Mən aktrisayam. Gedib marketdə işləmərəm. Ayıb deyil, problem deyil, amma 38 yaşıma qədər teatrla böyümüşəm, sənətlə böyümüşəm. Çörəyimi oradan qazanmışam. Zəmanət alıb gəldim, amma bəzi xəsis insanlar mane oldular. Olsunlar  hər şeyin bir sonu var. Mən heç vaxt rahatlıqla bir yerə çatmamışam. Həmişə dırnaqlarımla, əllə, zəhmətlə qazanmışam. Dörd il ştatdankənar işlədim teatrda, bir dəfə olsun kimsədən xahiş etmədim ki, məni ştata götürsünlər. Özümü sübut etdim, sonra işə götürüldüm. “İlin aktrisası” mükafatını da aldım o dövrdə çox az adam alırdı. Bu gün də eyni yolu gedəcəyəm. Teatr direktoru dəyişir, bu normaldır. Amma o teatr nə sənin atanındır, nə mənim. Ora dövlət teatrıdır. “Mənə lazım deyil” deyə bilməzsiniz. Mən tamaşaçıya lazımam, mənə yazılan mesajlar bunu göstərir. Qayıdacağam.

— Müsahibədən əvvəl dediniz ki, film çəkilişindən gəlirsiniz. Bəlkə yeni işdən danışaq?

— “Seçim” mənim ilk komediya filmimdir. Mən dram aktrisasıyam, heç vaxt komediya oynamamışam. Nə dərəcədə yaxşı alındığını tamaşaçı qiymətləndirəcək. Mən nə bacardımsa, oynadım, nə yarada bildimsə, yaratdım. Obrazımın adı Gitadır. Məncə, uğurlu olacaq. Bundan sonra “Metaflix”də yayımlanacaq bir filmə çəkildim — tamamilə təsadüfən. Haqq-hesab məsələsi üçün getmişdim, orada danışırdılar ki, bu aktrisanı götürsək... Məni tanımırdılar, amma söhbət edirdilər. Gedib özümü təqdim etdim. Gözəl bir layihə olacaq deyə düşünürəm. Mən yaradıcı insanam, icraçı deyiləm. Yaradıcılıq istəyən insanlardan təkliflər gözləyirəm.

— Şəxsi həyatınıza toxunaq — ətrafda şayiələr dolaşır ki, siz ayrılıb gəlmisiniz. Bu müsahibənin sonunda bu məsələyə bir nöqtə qoyaq.

— Şayiə həmişə olur biz Azərbaycanlıyıq, başqasının həyatına maraq var. Mən həyatımın yarısını tapmışam. Onu tapmadım ki, itirim. Allah qorusun, bizi yalnız ölüm ayıra bilər. Mən o insandan o qədər razıyam ki... Aktrisa İlqarə Toskanın  bir sözü var idi, ağlımda qalıb: “Əzrayıl gəlsə, onu aparıram desə, məni apar deyərəm”. Biz 11 ildə dava etməmişik, bir-birimizə təhqir söyləməmişik. Biz hər çətinlikdən əl-ələ verib çıxmışıq. Birlikdə çalışmışıq, birlikdə ağlamışıq, birlikdə gülmüşük. Əyləncəyə tək gedə bilmirik belə — mən qızlarla getmişəm, o evdədir, bir azdan zəng edir ki, kluba keçmişəm, mən də taksiyə minib onun yanına gedirəm. Alışmaq sevgidən də güclüdür. Gənclərə bəzən deyirəm: evlənməyin. Özüm isə bəxtim gətirib. Anlaşırıq, hörmət var, sevgi var. Bizi kim gözləyirsə, çox gözləyəcək.

— Nigar xanım, sənətinizdə uğurlar arzulayırıq. Səhnədə görüşmək ümidiilə 

Mən də çox sağ olun. Sizi görmək çox xoş idi. İnşallah, bir layihədə yenidən görüşərik.

Müsahibəni aldı - Turan Etibaroğlu