Qaynar xətt:

(+99450) 247 90 86

Deputat yeni mənzildən imtina edən köçkünlərlə bağlı DETALLARI AÇIQLADI

Deputat yeni mənzildən imtina edən köçkünlərlə bağlı DETALLARI AÇIQLADI

SİYASƏT

81

01.07.2026, 14:41

Milli Məclis məcburi köçkünlərin statusu və mülkiyyət hüquqlarının bərpası ilə bağlı qanunvericiliyə mühüm dəyişiklikləri təsdiqləyib. Parlamentin III oxunuşunda qəbul edilən yeni qərara əsasən, əvvəlki daimi yaşayış yerinin əvəzinə dövlət tərəfindən təklif olunan yeni mənzillərdən və ya yaşayış sahələrindən imtina edən şəxslər məcburi köçkün statusunu itirəcəklər.

Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən Milli Məclisin deputatı Bəhruz Məhərrəmov qanunvericilik baxımından bu addımın zərurətini, qərarın vətəndaşların sosial təminatına və "Böyük Qayıdış" proqramının tempinə təsirlərini ətraflı şərh edib.

“Bu dəyişiklik 30 illik humanist siyasətin təntənəsidir"

Deputat Bəhruz Məhərrəmov bildirib ki, Azərbaycan Respublikası Konstitusiyasının preambulasına əsasən, ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin etmək dövlətimizin ali niyyətlərindən, ana qanunumuzun 12-ci maddəsinə görə isə Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsininin təmin edilməsi dövlətin ali məqsədlərindən biri kimi təsbit olunub:

“Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və cənab İlham Əliyevin uğurla davam etdirdiyi dövlət siyasətinin də mərkəzində hər zaman insan amili, Azərbaycan vətəndaşı, xüsusilə də doğma yurdundan didərgin salınmış məcburi köçkünlərimiz dayanmışdır. Məhz bu prizmadan yanaşsaq, “Azərbaycan Respublikasının Mənzil Məcəlləsi”ndə, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” və “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik layihəsi təkcə hüquqi-texniki tənzimləmə deyil, ölkəmizin son 30 ildə həyata keçirdiyi uğurlu, humanist və strateji siyasətin təntənəsi və hüquqi bazisin yeni dövrün reallıqlarına uyğunlaşdırılması kimi qiymətləndirilə bilər”.

“300 mindən çox köçkünün mənzil şəraiti yaxşılaşdırılıb"

Azərbaycan dövlətinin 30 ildən artıq bir dövrdə məcburi köçkünlərin sosial müdafiəsini fasiləsiz təmin etdiyini xatırladan deputat statistik göstəricilərə diqqət çəkib:

“Bu insanların sosial müdafiəsinin təmin olunması məqsədilə Milli Məclis tərəfindən 11 qanun, Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2004–2019-cu illər ərzində 75 fərman və sərəncam, Nazirlər Kabineti tərəfindən 224 qərar və sərəncam qəbul edilib. Həmçinin möhtərəm Prezidentin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” qəbul edilib. Bu çərçivədə məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması möhtərəm Prezidentin daim diqqət mərkəzində olmuş, 19 il əvvəl ölkədəki 12 çadır düşərgəsi və yük vaqonlarından ibarət qəsəbələr, 10 il öncə isə sonuncu fin tipli qəsəbə tamamilə ləğv edilmiş, 121 yeni qəsəbə və müasir yaşayış kompleksinin inşası ile 300 min nəfərdən çox məcburi köçkünün mənzil-məişət şəraiti müasir standartlara uyğunlaşdırılmışdır”.

“Xüsusi müdafiə mexanizmlərindən dayanıqlı inteqrasiya modelinə keçilir"

Bəhruz Məhərrəmov vurğulayıb ki, bu gün ölkəmiz tamamilə fərqli, tarixi bir mərhələyə qədəm qoyub. Cənab İlham Əliyevin müzəffər liderliyində işğal dövrü geridə qalmış, Azərbaycanın tarixi ərazi suverenliyinin bərpası əhalinin öz doğma torpaqlarına qayıdaraq yaşaması üçün yeni mərhələ yaratmışdır:

“Möhtərəm Prezidentin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də  də ifadə olunduğu kimi, Qələbənin əbədiləşdirilməsi üçün öz doğma torpaqlarından köçkün düşən insanların vətənə qayıdışının təmin olunması zəruri olduğu üçün Böyük Qayıdış Zəfərdən sonra qarşımızda duran ən böyük vəzifə kimi müəyyənləşmişdir. Hazırda işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinin aparıldığı və artıq 80 mindən çox soydaşımızın Qarabağ və Şərqi Zəngəzura dayanıqlı və əbədi formada döndüyü şəraitdə xüsusi sosial dəstək mexanizmlərinin müvafiq qanunvericilik çərçivəsində yenidən tənzimlənməsi və dövlətin sosial siyasətində “xüsusi müdafiə mexanizmlərindən dayanıqlı inteqrasiya modelinə” keçid reallaşır”.

B. Məhərrəmov yeni layihənin ilk növbədə bu hədəflərə fokuslandığını və “Böyük Qayıdış” prosesinin hüquqi tənzimlənməsini əhatə etdiyini, yeni mexanizmin üstünlüklərini qeyd edib:

“Qanun layihəsi hazırkı unikal situasiyada vətəndaşlarımızın mülkiyyət hüququnun tam bərpası üçün çox sadə, eyni zamanda effektiv, çevik və fundamental model ortaya qoyaraq “İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu” yaradılmasını nəzərdə tutur. Mənzil Məcəlləsinə ediləcək dəyişikliklə bu Fonda daxil olan ev və mənzillər məcburi köçkünlərin köçürülməsi üçün istifadə olunacaq. Yeni mexanizm doğma yurdlarına qayıdan vətəndaşlarımızın dövlət tərəfindən təmin olunduğu ev və ya mənzil üzərində mülkiyyət hüququnun dərhal təmin edilməsinə imkan yaradır. Daha aydın dillə desək, həmin yaşayış sahəsi dərhal keçmiş məcburi köçkünlərin özəl mülkiyyətinə çevrilir”.

B.Məhərrəmov bildirib ki, son 6 ilə yaxın bir dövrdə məcburi köçkün yox, "keçmiş məcburi köçkün" ifadəsinə haqlı olaraq daha çox üstünlük verilir və bu təbəqə üçün 30 il əvvəl müəyyən edilmiş və zamanla təkmilləşmiş hüquqi statusa yenidən baxılması, məcburi köçkün statusunun itirilməsi hallarının yeni şəraitə uyğun formada konkretləşməsi vacibdir:

“Bu mürəkkəb prosesə çox ədalətli və humanist yanaşmanın ehtiva olunduğu cari qanun layihəsi də nəzərdə tutur ki, şəxs işğaldan azad edilmiş ərazilərə köçürüldüyü andan, habelə dövlət tərəfindən təklif olunan yaşayış yerindən imtina etdiyi andan etibarən məcburi köçkün statusunu itirmiş sayılsın. Eyni zamanda qanun qüvvəyə minənədək artıq köçürülmüş şəxslər üçün isə status bu qanunun qüvvəyə mindiyi tarixdən etibarən ləğv olunsun. Təbii ki, bu mərhələdə də həm keçmiş məcburi köçkünlərin mənzil hüquqları qorunur, həm də prosesin ləngiməməsi üçün ədalətli balansın tapılmasına xüsusi diqqət yetirilib və dövlətin köçürülmə ilə bağlı öhdəliyi vətəndaşa müəyyənləşdirilmiş ölçüdə yaşayış sahəsinin təklif edilməsi ilə icra olunmuş hesab edilir”.

Dövlətin bu prosesdə humanizm və sosial həssaslıq prinsiplərini rəhbər tutduğunu söyləyən millət vəkili güzəştlərin birdən-birə ləğv olunmayacağını vurğulayıb:

“Dövlət humanist mövqeyini qoruyaraq məcburi köçkünlər üçün güzəştlərin birdən-birə ləğv olunmasını məqbul hesab etməyərək, yeni yaşayış şəraitinə uyğunlaşmasına yumşaq keçid imkanı yaradan 3 illik keçid dövrü müəyyənləşdirir. Daha dəqiq desək, sosial müdafiə tədbirləri köçürülən şəxslər və köçürülmə təklifini qəbul etməyən şəxslər üçün statusun itirildiyi tarixdən sonra daha 3 il müddətində davam edəcək. Qanun qüvvəyə minənədək köçürülmüş şəxslər üçün isə bu 3 illik müddət köçürüldükləri real tarixdən hesablanır. Habelə məcburi köçkün statusu ilə ödənişli əsaslarla ali məktəblərə qəbul olunmuş gənclərin təhsil haqlarının dövlət büdcəsi hesabına ödənilməsi vətəndaş statusunu itirsə belə, təhsil müddətinin sonunadək davam etdiriləcək”.

Məskunlaşma prosesinin inzibati-məcburiyyət tədbirləri ilə aparılmadığını vurğulayan deputat, cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən layihələrin dünya miqyasında unikal nümunə olduğunu deyib:

“BMT-yə üzv olan 40 dövlətin, o cümlədən Qətər, Livan, Monteneqro kimi ölkələrin ərazisindən daha böyük, həm də minalarla ciddi formada çirklənmiş bir əraziyə ləyaqətli və təhlükəsiz, habelə yüksək standartlara cavab verən formada həyat qaytarmaq, cəmi 5 ilə 80 mindən artıq insanın heç bir məcburetmə və inzibati tədbirlər olmadan qayıdışının təmin edilməsinə nail olmaqla cənab İlham Əliyevin, sözün əsl mənasında, “Azərbaycan modeli” yarada bilməsi təsadüf sayıla bilməz. Cənab İlham Əliyev qəti formada hesab edir ki, qayıdış formal xarakter daşımamalı, vətəndaşların əbədi məskunlaşması üçün hərtərəfli təhlükəsiz və layiqli yaşayış, müasir infrastruktur, rahat həyat tərzi və müasir xidmətlərə əlçatanlıqda ehtiva olunan əlverişli həyat şəraitinin yaradılması əsas direktiv olmalıdır. Dövlət tərəfindən məcburi köçkün ailələrinə göstərilən ümumi sosial dəstək siyasəti də məhz bu prizmadan transformasiya edərək şəxsin statusundan asılı olmayan digər bütün sosial müdafiə mexanizmləri — ünvanlı sosial yardım, aktiv məşğulluq proqramları, mənzil təminatı, təhsil və səhiyyə dəstəyi, eləcə də reabilitasiya və sosial inteqrasiya proqramları formasında ehtiyacı olan hər bir vətəndaş üçün əlçatanlığı qorunmaqla qüvvədə qalacaq”,-deyə deputat fikrini tamamlayıb.

Çimnaz Telmanqızı