Şəhriyar Hacıyev Suqovuşan uğrunda gedən döyüşlərdə şəhid olub
OXU24.COM RealTV-yə istinadən xəbər verir ki, Suqovuşan onu atasının gəncliyinə qovuşdurdu. Şəhidimiz ilk müjdəsini atasına verdi. "Ata, sənin qanın tökülən Suqovuşanı mən azad etdim" dedi.
Bəli, söhbət Vətən müharibəsi şəhidi Şəhriyar Şahlar oğlu Hacıyevdən gedir. O Şəhriyar ki, Birinci Qarabağ döyüşlərində atasının yaralandığı yerdə şəhid olub. 1999-cu il avqustun 2-də Gədəbəy rayonu, Novoivanovka kəndində doğulan Şəhriyar, 6-cı sinifə kimi İvanovka kənd məktəbində oxuyub, daha sonra təhsilini Abşeron rayon Xırdalan şəhəri 6 nömrəli tam orta məktəbdə davam etdirib. Həmin illərdə idmanla məşğul olmağa başlayan qəhrəmanımız, kimboks və karatedə Respublika üzrə birincilik qazanıb. Şəhriyar 2016-cı ildə orta məktəbi bitirib və Kazan Dövlət Universitetinə daxil olub. 2017-ci ilin oktyabr ayında isə xüsusi təyinatlı kəşfiyyatçı kimi hərbi xidmətə başlayıb. 2019-cu ilin aprel ayında əsgərlikdən qayıdan qəhrəmanımız, özünün seçdiyi peşə üzrə əmək fəaliyyətinə başlayıb.
Hələ ilk əmək haqqını almadan hərbiyə çağırılan Şəhriyar, sentyabrın 27-də cəbhəyə yola düşür. Oktyabr ayının 10-u atasına şad xəbəri verəndən sonra Suqovuşanda şəhid olur.
Birinci Qarabağ müharibəsində yaralanan atanın qüruru yerə-göyə sığmır. Ona görə ki, oğlu Şəhriyar Qarabağın azadlığı uğrunda vuruşaraq, Suqovuşanda gedən döyüşlərdə şəhid olub.
Şəhriyarın anası sanki oğlunun şəhid olacağını bilirmiş...
Bacısı isə hələ də Şəhriyarın şəhid olduğuna inana bilmir. Ona elə gəlir ki, sanki qardaşı tezliklə geri dönəcək.
Şəhid Şəhriyar Şahlar oğlu Hacıyevin nəşi oktyabrın 25-də doğulduğu kəndə gətirilib. Oktyabrın 26-da böyük izdihamla İvanovka kənd qəbirstanlığında dəfn edilib. Qeyd edək ki, Şəhriyar Hacıyev ölümündən sonra Vətən uğrunda, Cəsur döyüşçü və Suqovuşanın azad olunması uğrunda medalları ilə təltif edilib.
Oxu24.com
ŞƏRHLƏR