Qaynar xətt:

(+99450) 247 90 86

Polkovnik-leytenant: Müharibə dövründə Prezidentin Xalqa müraciətlərini ayrıca qiymətləndirmək lazımdır

Polkovnik-leytenant: Müharibə dövründə Prezidentin Xalqa müraciətlərini ayrıca qiymətləndirmək lazımdır

HƏRBİ

45

08.11.2026, 13:21

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Hər xalqın tarixində elə günlər olur ki, təqvimdəki sadə rəqəm bir millətin yaddaşına, taleyinə və gələcəyinə çevrilir. 8 Noyabr Azərbaycan üçün məhz belə bir gündür. Bu, sadəcə Şuşanın qayıtdığı tarix deyil, otuz ilə yaxın davam edən haqsızlığa, işğala və illərlə kağız üzərində qalan beynəlxalq qətnamələrə qoyulmuş nöqtədir. 

Birinci Qarabağ müharibəsinin veteranı, Azərbaycan bayrağı ordenli, polkovnik-leytenant Elxan Şıxəliyev Oxu24.com-a  bildirib ki, müharibə dövründə Prezidentin Xalqa müraciətlərini ayrıca qiymətləndirmək lazımdır. Çünki 44 günlük müharibə təkcə cəbhədə deyil, həm də informasiya məkanında və beynəlxalq diplomatik müstəvidə gedirdi.

Prezidentin gündəlik müraciətləri cəbhədə baş verən hadisələr barədə cəmiyyətin məlumatlandırılması, əhalinin mənəvi-psixoloji dayanıqlığının qorunması, cəmiyyətin vahid məqsəd ətrafında səfərbər edilməsi, Azərbaycanın hərbi və siyasi mövqeyinin beynəlxalq ictimaiyyətə çatdırılması, müharibənin məqsədləri və dövlətin mövqeyi ilə bağlı informasiya boşluğunun yaranmasının qarşısının alınması kimi funksiyaları yerinə yetirirdi.

Polkovnik-leytenant əlavə edib ki, xüsusilə xarici media qurumlarına verilən müsahibələr mühüm əhəmiyyət daşıyırdı. Bu müsahibələrdə Prezident həm hərbi əməliyyatların siyasi əsaslarını izah edir, həm də Azərbaycanın mövqeyinə qarşı irəli sürülən ittihamlara cavab verirdi. İnformasiya müharibəsinin effektivliyi yalnız verilən bəyanatlarla deyil, onların beynəlxalq auditoriyada necə qarşılanması və faktlarla nə dərəcədə əsaslandırılması ilə ölçülür.

E.Şıxəliyevin sözlərinə görə, müharibədən sonrakı fəaliyyətin ən mühüm istiqamətlərindən biri 44 günlük müharibənin nəticələrinin gələcək ordu quruculuğu üçün təcrübəyə çevrilməsidir. Müasir müharibə göstərdi ki, klassik hərbi üstünlük anlayışı dəyişir. Artıq yalnız tankların, artilleriyanın və canlı qüvvənin sayı deyil, pilotsuz uçuş aparatları və zərbə dronları, kəşfiyyat, müşahidə və hədəfgöstərmə sistemləri, rəqəmsal rabitə və idarəetmə, dəqiq silah sistemləri, elektron müharibə imkanları, xüsusi təyinatlı və komando bölmələrinin hazırlığı, müxtəlif qoşun növlərinin vahid sistemdə fəaliyyət göstərməsi də həlledici əhəmiyyət daşıyır. Ali Baş Komandan tərəfindən bu yanaşmanın strateji mahiyyəti ondan ibarətdir ki, müharibədə əldə edilmiş üstünlük daimi hərbi üstünlüyə çevrilməli, ordu isə dəyişən müharibə texnologiyalarına uyğun inkişaf etməlidir.

O qeyd edib ki, müharibədən sonrakı mərhələdə Ali Baş Komandanın fəaliyyətinin digər mühüm istiqaməti Azərbaycanın yeni geosiyasi şəraitdə mövqelərinin möhkəmləndirilməsi idi. Prezidentin 2023-cü il iyunun 23-də komando hərbi hissəsindəki çıxışında yeni hərbi birliklərin yaradılması, xüsusi təyinatlı qüvvələrin genişləndirilməsi, pilotsuz uçuş aparatları və uzaqmənzilli raket sistemlərinin alınması məsələlərinə toxunması gələcək strategiyanın konkret istiqamətlərini göstərirdi.

Polkovnik-leytenant vurğulayıb ki, 2023-cü il sentyabrın 19-20-də keçirilmiş antiterror tədbirləri nəticəsində Azərbaycan Qarabağda dövlət suverenliyini tam bərpa etdi. 2024-cü ildə Rusiya sülhməramlı kontingentinin vaxtından əvvəl Azərbaycan ərazisindən çıxması da müharibədən sonrakı təhlükəsizlik mühitində baş verən ən mühüm dəyişikliklərdən biri oldu. Bütün bunlar Azərbaycanın hərbi-siyasi mövqeyinin və regional təhlükəsizlik siyasətinin Ali Baş Komandanın sərkərdəlik məharəti və strateji vizyonu doğrultusunda yeni mərhələyə keçdiyini göstərir.

E.Şıxəliyev sonda bildirib ki, Vətən müharibəsi Azərbaycanın hərbi potensialının real döyüş şəraitində nümayiş etdirilməsi ilə yanaşı, dövlət idarəçiliyində siyasi iradə, strateji planlaşdırma və hərbi güc amillərinin nə qədər mühüm olduğunu da göstərdi. Müharibədən sonrakı mərhələdə isə əsas vəzifə əldə edilmiş nəticələri qorumaq, ordunu yeni müharibə texnologiyalarına uyğunlaşdırmaq və Azərbaycanın regional təhlükəsizlik sistemindəki mövqeyini möhkəmləndirməkdir. Bu baxımdan Ali Baş Komandanın qarşısında duran əsas strateji vəzifə qalib ordunun imkanlarını gələcəyin təhlükəsizlik çağırışlarına cavab verən müasir müdafiə sisteminə çevirməkdir.

Turan Etibaroğlu