Qaynar xətt:

(+99450) 247 90 86

Bu qərar Azərbaycanda kimlərə təsir edəcək? — İqtisadçılar detalları açıqlayır

Bu qərar Azərbaycanda kimlərə təsir edəcək? — İqtisadçılar detalları açıqlayır

CƏMİYYƏT

70

11.09.2026, 16:14

Aqrar Subsidiya Şurasının qərarı ilə Azərbaycanda kənd təsərrüfatına dövlət dəstəyi mexanizmlərində bir sıra dəyişikliklər edilib. Müasir suvarma texnologiyalarının genişləndirilməsi, məhsuldarlığın və istehsalın artırılması, emal və ixrac yönümlü istehsalın təşviqi, heyvandarlıqda cins tərkibinin yaxşılaşdırılması və ərzaq təminatının gücləndirilməsi əsas istiqamətlər sırasındadır. Bəs yeni subsidiya mexanizmləri kənd təsərrüfatının inkişafına real olaraq necə təsir göstərəcək? Mövzu ilə bağlı iqtisadçıların fikirlərini öyrəndik.

Mövzu ilə bağlı  Oxu24.com-a danışan iqtisadçı - ekspert Asif İbrahimov deyib ki, yeni subsidiya mexanizmlərinə prinsip etibarilə müsbət yanaşmaq lazımdır. Onun sözlərinə görə, artıq söhbət təkcə fermerə pul verməkdən getmir:

“Dövlət dəstəyi tədricən müasir suvarmaya, məhsuldarlığa, emala, sertifikatlı toxuma, intensiv heyvandarlığa, akvakulturaya və ixrac potensialına bağlanır. Bu, kənd təsərrüfatında daha nəticəyönümlü siyasətə keçid baxımından düzgün istiqamətdir. Amma burada əsas məsələ nə qədər subsidiya verilməsindən  çox, həmin subsidiya qarşılığında nə qədər əlavə iqtisadi dəyərin yaradılmasıdır. Mən hesab edirəm ki, növbəti mərhələdə subsidiyanın fəlsəfəsi daha da təkmilləşdirilməlidir. Aparıcı ölkələrin təcrübəsində olduğu kimi, dövlət əkin aparılan torpağın sadəcə hektarına yox, həmin hektardan yaradılan əlavə iqtisadi dəyərə daha çox diqqət yetirməlidir. Yəni tədricən hektara subsidiya modelindən  nəticəyə subsidiya modelinə keçmək lazımdır.

Əgər subsidiya verilirsə, amma məhsuldarlıq artmırsa, məhsulun maya dəyəri aşağı düşmürsə və fermer yenə də bazarda rəqabət apara bilmirsə, deməli, həmin mexanizmin effektivliyini yenidən qiymətləndirmək lazımdır. Çünki subsidiyanın artırılması avtomatik olaraq ərzaq qiymətlərinin aşağı düşməsi demək deyil. Subsidiya yalnız istehsal xərclərini və məhsulun maya dəyərini aşağı saldığı halda istehlakçı üçün real fayda yarada bilər. Əks halda subsidiyanın əhəmiyyətli hissəsi bahalaşan gübrəyə, yemə, texnikaya, suya və digər xərclərə gedəcək. Fermerin gəliri arta bilər, amma istehlakçının ödədiyi qiymət dəyişməyə bilər”.

İqtisadçı hesab edir ki, idxaldan asılılığın azaldılması da xüsusi diqqət tələb edir:

“Bütün kənd təsərrüfatı məhsullarını ölkə daxilində istehsal etməyə çalışmamalıyıq. Azərbaycan hansı məhsulu daha səmərəli və rəqabətqabiliyyətli istehsal edə bilirsə, subsidiyanı ilk növbədə həmin istiqamətlərə yönəltməlidir. Kartof, tərəvəz, paxlalılar, yem bitkiləri, süd və süd məhsulları, müəyyən ət məhsulları və akvakultura bu baxımdan ciddi potensiala malikdir. Amma bunun üçün hər məhsul üzrə ölkənin istehsal potensialı, daxili tələbatı, idxal həcmi, maya dəyəri və bazar perspektivi hesablanmalıdır. Açığı, bu hesablamalar bu gün-sabah deyil, artıq dünən-srağagün aparılmalı idi. Çünki subsidiya bazarın arxasınca yox, bazarın gələcək tələbinin önündə getməlidir.

Digər önəmli məsələmiz emaldır. Azərbaycanın kənd təsərrüfatında problem yalnız məhsul istehsal etmək deyil, həmin məhsulu əlavə dəyərə çevirməkdir. Fermer məhsul istehsal edir, amma əsas gəlir çox vaxt emal və satış mərhələsində formalaşır. Buna görə məhsulunu rəsmi müqavilə əsasında emal müəssisəsinə təhvil verən fermer üçün əlavə subsidiya və ya bonus mexanizmi tətbiq etmək məqsədəuyğun olardı. Beləliklə, həm fermerin satış problemi azalacaq, həm emal sənayesi inkişaf edəcək, həm də kənddə əlavə iş yerləri yaranacaq”.

Ekspert vurğulayıb ki, su məsələsi isə gələcəkdə kənd təsərrüfatının ən ciddi problemlərindən biridir və həll edilməsə, ən önəmli probleəmə çevriləcək:

“Azərbaycanda su artıq yalnız  kənd təsərrüfatı resursu deyil. Hazırki vəziyyət önəmli strateji iqtisadi resursdur. Ona görə suya qənaət edən fermer daha çox dəstək almalıdır. Müasir suvarma, damcı suvarma, lazer hamarlama və digər resursqoruyucu texnologiyalara dəstək artırılmalıdır. Növbəti mərhələdə isə subsidiya real su qənaətinin nəticəsi ilə əlaqələndirilməlidir”.

İqtisadçı kənddən şəhərə miqrasiyanın qarşısının alınmasında subsidiyaların mühüm alət olduğunu, lakin bunun problemin həlli üçün kifayət etmədiyini bildirib:

“İnsan kənddə yalnız subsidiya olduğu üçün qalmayacaq. Kənddə gəlirli iş, bazar, emal müəssisəsi, soyuducu anbar, logistika, qablaşdırma, aqroservis və sosial infrastruktur olmalıdır. Əgər bunlar yaradılırsa, bir fermer təsərrüfatının ətrafında təkcə kənd təsərrüfatında deyil, emal, logistika və xidmət sektorunda da yeni iş yerləri yaranacaq. Kənddən şəhərə miqrasiyanın qarşısını almağın ən effektiv yolu məhz kənddə davamlı gəlir mənbələrinin yaradılmasıdır”.

A.İbrahimov əlavə edib ki,  ən vacib məsələ subsidiyanın nəticəsinin ölçülməsidir:

“Hər il verilən subsidiyaların nəticələri qiymətləndirilməli, məhsuldarlığın nə qədər artdığı, maya dəyərinin nə qədər azaldığı, fermerlərin gəlirlərinin nə qədər yüksəldiyi, su sərfiyyatının nə qədər azaldığı, neçə yeni iş yerinin yaradıldığı, nə qədər məhsulun emala yönəldildiyi və hansı məhsullar üzrə idxalın azaldığı müəyyən edilməlidir. Bu  meyarlar ölçülmürsə, subsidiya iqtisadi inkişaf alətindən sadəcə büdcə xərcinə çevrilə bilər.  Mənim mövqeyim bu məsələdə ondan ibarətdir ki,  fermerə sadəcə “istehsal et” deyilməməlidir. Burada əsas məqsəd daha məhsuldar istehsal etmək, suya qənaət etmək, məhsulun keyfiyyətini artırmaq, onu emal etmək, bazara çıxarmaq və rəqabət qabiliyyətini yüksəltmək olmalıdır. Fermer daha çox istehsal etdiyinə görə yox, daha yüksək məhsuldarlıq yaratdığına, resurslardan daha səmərəli istifadə etdiyinə, məhsulun keyfiyyətini artırdığına və onu əlavə dəyərə çevirdiyinə görə daha çox dövlət dəstəyi almalıdır.  Əgər bu yanaşma təmin olunarsa, subsidiya sadəcə dövlət büdcəsindən fermerə verilən vəsait olmayacaq. O, məhsuldarlığı, məşğulluğu, ərzaq təhlükəsizliyini, emalı və rəqabət qabiliyyətini artıran real iqtisadi investisiyaya çevriləcək. 2026–2030-cu illər üzrə subsidiya siyasətinin uğuru da məhz verilən vəsaitin həcmi ilə deyil, yaratdığı nəticə ilə ölçülməlidir və müsbət nəticələr verəcəyinə bir mütəxəssis olaraq çox ümidiyəm”.

Oxu24.com-a danışan iqtisadçı alim Günay Hüseynova bildirib ki, yeni subsidiya mexanizmlərinin uzunmüddətli iqtisadi nəticələri barədə indidən dəqiq fikir söyləmək mümkün deyil:

“Proqram tam icra olunmadan onun uzunmüddətli və ya qısamüddətli nəticələri barədə dəqiq proqnoz vermək çətindir. Təbii ki, hər bir yeni layihə və mexanizm tətbiq edilərkən onun uzunmüddətli iqtisadi fayda verməsi gözlənilir. Xüsusilə kənd təsərrüfatı sektorunda hər hansı layihəyə uzunmüddətli perspektivdən yanaşmaq lazımdır. Ən azı layihənin icrasının ilk 6 ayının nəticələrinə və iqtisadi göstəricilərə əsasən onun orta və uzunmüddətli perspektivdə nə dərəcədə əlverişli olacağını qiymətləndirmək mümkün olacaq. Yeni subsidiyaların tətbiqi həm qiymətlərin yüksəlməsinə, həm də aşağı düşməsinə təsir göstərə bilər. Burada gübrə, yanacaq, daşınma xərcləri və digər amillər də nəzərə alınmalıdır. Təkcə subsidiyaların artırılması və ya yeni mexanizmin tətbiqi qiymətlərin artmasına və ya azalmasına səbəb olmur. Əgər bu sahədə yeni texnologiyalar tətbiq edilərsə, innovativ inkişaf təmin olunarsa və istehsal həcmi artarsa, məhsul bolluğu yaranar. Bu isə tələb və təklif balansına təsir edərək qiymətlərin aşağı düşməsinə şərait yarada bilər.

Əsas məsələlərdən biri kənd təsərrüfatında innovasiyaların tətbiqidir. Bu sahədə inkişaf etmiş Avropa ölkələri və dünyanın digər qabaqcıl ölkələri ilə müqayisədə müəyyən geriliklərimiz var. İnsanların kənd təsərrüfatı ilə məşğul olması üçün müasir texnologiyaların tətbiqi və əlverişli şərait yaradılmalıdır. İnsanlar şəhərdə əldə etdikləri gəliri kənddə də qazana bilsələr, bölgələrdə yaşamağa daha çox üstünlük verə bilərlər. Əgər sistemli yanaşma, şəffaflıq və innovasiyaların tətbiqi təmin edilərsə, kənd və rayonlarda insanların rahat yaşayışı üçün şərait yaradılarsa, bölgələrdə iqtisadi aktivlik artacaq. Bu, məşğulluğun yüksəlməsinə, işsiz əhalinin sayının və sosial müavinətlərə olan ehtiyacın azalmasına səbəb ola bilər”.

Xaricdən asılılığın azaldılması məsələsinə toxunan iqtisadçı hesab edir ki, ilk növbədə yerli məhsullar istehlakçıların tələbatını ödəməlidir:

“Eyni zamanda istehsal həcmi kifayət qədər olmalı və məhsulun maya dəyəri aşağı salınmalıdır. Bu halda idxalı azaltmaq mümkün olar. Hazırda bir sıra məhsullar üzrə yerli istehsal daxili tələbatı tam ödəyə bilmir. Tələbat ödənilmədikdə isə bazarda qiymət artımı baş verir və ya həmin məhsulların xaricdən idxalına ehtiyac yaranır. Buna görə də daxili istehsal və idxal arasında düzgün balans qorunmalıdır.

Eyni zamanda yerli məhsullarımızı “Made in Azerbaijan” brendi altında xarici bazarlara çıxarmaq mümkündür. Düşünürəm ki, kənd təsərrüfatı məhsullarının böyük hissəsi üzrə idxalı əvəz etmək üçün kifayət qədər imkanımız var. Əslində, əsas problem idxalın özü deyil. Bəzi məhsullar bahalı kateqoriyaya aid olduğundan onların yerli istehsalının təşkili daha məqsədəuyğun ola bilər. Bir çox məhsulların istehsalı üçün ölkəmizin iqlim şəraiti əlverişlidir.

Yerli istehsalın artırılması həm daxili bazarın təmin olunmasına, həm də gələcəkdə xarici bazarlara çıxışa imkan verə bilər. Digər məhsullar üzrə isə əsas problem istehsal həcminin az olmasıdır. Bu səbəbdən həmin məhsullar idxal edilir. İdxal olunan məhsulların bir qismi isə yerli istehlakçının zövqünə və tələbatına tam uyğun olmur. İstehlakçılar məhsulun yerli və ya xaricdən gətirildiyini keyfiyyətinə və dadına görə hiss edə bilirlər.

Subsidiyaların səmərəli və məqsədli istifadəsi üçün ilk növbədə şəffaflıq təmin edilməli və sistemli yanaşma tətbiq olunmalıdır. Fermerlər, kəndlilər və sahibkarlar maarifləndirilməlidir. Bu istiqamətdə maarifləndirmə tədbirləri Regional Aqrar İnkişaf Mərkəzləri tərəfindən həyata keçirilə bilər”.

Günay Hüseynova onu da əlavə edib ki, hazırda bir çox fermer və kəndli öz hüquqlarını, hara müraciət etməli olduğunu tam bilmir:

“Eyni zamanda onlar mürəkkəb və yorucu sənədləşmə prosesləri ilə üzləşməməlidirlər. Buna görə də maarifləndirmə və sistemli yanaşma vacibdir.

Əvvəlki subsidiya mexanizmində müəyyən problemlər mövcud idi. Fermerlər daha çox subsidiya verilən məhsulları əkməyə üstünlük verirdilər. Nəticədə bəzi məhsulların istehsalı həddindən artıq artır, digər məhsullar üzrə isə qıtlıq yaranırdı. Bu isə bazardakı balansın pozulmasına səbəb olurdu. Bu baxımdan dövlət nəzarəti vacibdir. Eyni zamanda ehtiyat anbarlarının yaradılması və düzgün idarə olunması istiqamətində addımlar atılmalıdır ki, bazarda məhsul qıtlığı yaranmasın və qiymət artımının müəyyən qədər qarşısı alınsın. Yeni sistemin tətbiqini təqdirəlayiq addım hesab edirəm. Bu, həm ərzaq qıtlığının qarşısının alınmasına, həm daxili tələbatın yerli məhsullar hesabına ödənilməsinə, həm də gələcəkdə yerli məhsulların brend halında xarici bazarlara ixracına şərait yarada bilər. Nəticədə kənd təsərrüfatının ölkə iqtisadiyyatındakı payının artacağını düşünürəm”.

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Oxu24.com-a açıqlamasında  deyib ki, yeni subsidiya mexanizmlərini kənd təsərrüfatının uzunmüddətli inkişafı baxımından müsbət addım kimi qiymətləndirmək olar:

“Lakin subsidiyanın artırılması öz-özlüyündə kənd təsərrüfatında dayanıqlı inkişaf yaratmır. Əsas məsələ dövlət vəsaitinin hansı sahəyə, hansı məqsədlə və hansı nəticə qarşılığında verilməsidir. Əgər subsidiya məhsuldarlığın artırılmasına, müasir texnologiyaların tətbiqinə, suvarma sistemlərinin yaxşılaşdırılmasına, toxum və damazlıq bazasının inkişafına yönəldilərsə, 2026–2030-cu illərdə kənd təsərrüfatının istehsal potensialını əhəmiyyətli dərəcədə gücləndirə bilər.

Azərbaycanda fermerin problemi yalnız maliyyə çatışmazlığı deyil. Su qıtlığı, bahalı gübrə və yanacaq, texnikaya və kreditlərə çıxış, məhsulun satışı, logistika və bazara çıxış kimi problemlər bir-biri ilə bağlıdır. Bu məsələlər paralel həll olunmadan yalnız subsidiya məbləğinin artırılması gözlənilən nəticəni tam verməyə bilər. Ona görə də subsidiyalar kənd təsərrüfatının bütün istehsal zəncirini əhatə edən siyasətin bir hissəsi olmalıdır”.

İqtisadçının sözlərinə görə, subsidiyalar müəyyən məhsulların qiymətinin aşağı düşməsinə şərait yarada bilər, lakin bunu avtomatik nəticə kimi qəbul etmək olmaz:

“Əgər dövlət dəstəyi istehsalın və məhsuldarlığın artmasına səbəb olarsa, bazarda təklif çoxala, bu isə qiymətlərin sabitləşməsinə, bəzi hallarda isə ucuzlaşmasına gətirib çıxara bilər. Lakin istehsalçıdan istehlakçıya qədər olan zəncirdə logistika, saxlama və satış problemləri qalırsa, fermerə verilən əlavə dəstək pərakəndə qiymətlərdə ciddi dəyişiklik yaratmaya bilər.

Kənd yerlərində məşğulluğun artırılması baxımından da subsidiyaların potensialı böyükdür. İstehsal genişləndikcə aqronom, texnika operatoru, baytar, emal, logistika və digər xidmət sahələrində yeni iş imkanları yarana bilər. Bu isə kənddə gəlirlərin yüksəlməsinə və şəhərlərə miqrasiyanın müəyyən qədər azalmasına kömək edə bilər. Amma bunun üçün kənd təsərrüfatı gəlirli biznesə çevrilməli, fermer istehsal etdiyi məhsulu sərfəli qiymətə sata bilməlidir”.

Ekspert idxaldan asılılığın azaldılması üçün subsidiya siyasətinin daha seçici aparılmasının vacibliyini də vurğulayıb:

“Azərbaycanda xüsusilə taxıl, ət və süd məhsulları, kartof, bəzi meyvə-tərəvəz məhsulları, yağlı bitkilər və onların emalı istiqamətində daxili istehsalın artırılması imkanları var. Ancaq bütün məhsullarda tam özünütəminetmə nə iqtisadi baxımdan məqsədəuyğundur, nə də realdır. Daha düzgün yanaşma ölkənin iqlim, su və torpaq imkanlarına uyğun məhsullarda idxalı əvəz etməkdir.

Su qıtlığının getdikcə artdığı şəraitdə dövlət dəstəyi suya qənaət edən texnologiyalara, məhsuldarlığı yüksək sortlara, intensiv istehsal sistemlərinə, emal və saxlama imkanlarına yönəldilməlidir”.

Müsahibimiz subsidiya sistemində nəticəyə əsaslanan yanaşmanın gücləndirilməsinin vacibliyini də diqqətə çatdırıb:

“Dövlət yalnız nə qədər vəsait xərclədiyini deyil, həmin vəsaitin qarşılığında istehsalın, məhsuldarlığın, fermer gəlirlərinin və ixracın nə qədər artdığını da ölçməlidir. Subsidiyaların real nəticələrə bağlanması dövlət vəsaitinin daha məqsədli istifadəsinə və səmərəsiz istehsalın qarşısının alınmasına imkan verə bilər.

Nəticədə, 2026–2030-cu illər üçün yeni subsidiya mexanizmləri düzgün tətbiq olunarsa, kənd təsərrüfatında ciddi struktur dəyişikliklərinə təkan verə bilər. Amma subsidiya problemin özü deyil, problemlərin həlli üçün maliyyə vasitəsidir. Su, kredit, sığorta, texnologiya, bazara çıxış, emal və logistika məsələləri paralel həll edilməsə, subsidiyaların artırılması ərzaq qiymətlərinin və idxaldan asılılığın davamlı şəkildə azalmasına zəmanət verməyəcək”.

Mehin Mehmanqızı

Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” mövzusunda hazırlanıb.