Qaynar xətt:

(+99450) 247 90 86

Tofiq Hüseyn – sözə və mətbuata həsr olunmuş ömür  

Tofiq Hüseyn – sözə və mətbuata həsr olunmuş ömür  

CƏMİYYƏT

59

21.08.2026, 12:27

Azərbaycan jurnalistikasının və ədəbi mühitinin tanınmış simalarından biri, Əməkdar jurnalist, şair və publisist Tofiq Hüseynin 80 illik yubileyi münasibətilə müxtəlif tədbirlər keçirilir, yubilyara ünvanlanan səmimi təbriklər və xoş arzular davam edir.

Oxu24.com xəbər verir  ki,Tofiq Hüseyn 1946-cı ildə Masallı rayonunun Məmmədxanlı kəndində anadan olub.

Gənc yaşlarından ədəbiyyata və jurnalistikaya böyük maraq göstərib. 1967-ci ildə Azərbaycan Dövlət Universitetini bitirdikdən sonra Əli Bayramlı şəhərində, indiki Şirvanda jurnalistika fəaliyyətinə başlayıb. “İşıq” qəzetində ədəbi işçi, şöbə müdiri və məsul katib vəzifələrində çalışaraq bölgə mətbuatının inkişafında mühüm rol oynayıb.

Müstəqilliyimizin ilk illərində yeni yaradılmış Hacıqabul rayonunda nəşr olunan “Hacıqabul” qəzetinin ilk baş redaktoru olub. Sonrakı illərdə “Həyat” qəzetinin cənub bölgəsi üzrə, 1997-ci ildən isə “Respublika” qəzetinin Muğan–Şirvan bölgəsi üzrə xüsusi müxbiri kimi fəaliyyət göstərib. Müxtəlif illərdə “Xalq” qəzetində də çalışıb.

Tofiq Hüseynin jurnalistika sahəsindəki uzunmüddətli fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib. O, “Tərəqqi” medalı ilə təltif olunub və “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.

Tofiq Hüseynin jurnalistika fəaliyyətinin ilk illəri mənim üçün həm də ailəmizin mətbuat tarixinin bir parçasıdır. 1952 -ci ildən 1972 cu ilə qədər   atam, tanınmış şair və jurnalist İlyas Allahverdiyev “Kommunist” qəzetinin bölgələr üzrə xüsusi müxbiri kimi fəaliyyət göstərmişdir. Həmin dövrdə “Kommunist” Azərbaycanın ən nüfuzlu mətbuat orqanlarından biri idi və bölgələrdə çalışan xüsusi müxbirlərə də böyük məsuliyyət düşürdü.

Atam İlyas Allahverdiyev ilə Tofiq Hüseyn arasında həmin illərdən başlayan isti və səmimi münasibət olub. Onları jurnalistikaya olan sevgi, sözə və peşəyə məsuliyyətli münasibət birləşdirirdi. Hər ikisi bölgələrdə baş verən hadisələri, insanların həyatını, qayğılarını və problemlərini mətbuat vasitəsilə geniş oxucu auditoriyasına çatdırmağa çalışırdı.

Atam Tofiq müəllimin jurnalist kimi fəaliyyətinə, istedadına və insanlarla ünsiyyət qurmaq bacarığına yüksək qiymət verirdi. Tofiq müəllim də İlyas Allahverdiyevə böyük hörmət və ehtiram bəsləyirdi. Bu münasibət illər keçdikcə sadəcə həmkar münasibəti olaraq qalmadı, səmimi dostluğa və qarşılıqlı hörmətə çevrildi.

Mənim Tofiq Hüseynlə “Respublika” qəzetində birgə işləməyim isə bu münasibətlərin başqa bir davamı oldu. Onu yaxından tanıdıqca atamın Tofiq müəllim haqqında dediyi xoş sözlərin səbəbini daha yaxşı anladım. O, peşəsinə sədaqətli, sözün məsuliyyətini dərk edən, bölgə jurnalistikasının inkişafına ömrünü həsr etmiş zəhmətkeş bir qələm sahibidir.

Tofiq Hüseynin yaradıcılığı yalnız jurnalistika ilə məhdudlaşmır. O, həm də istedadlı şair və publisistdir. Səkkiz şeir və publisistik məqalələr kitabının, sənədli povestin müəllifidir.

“Sənə inanıram”, “Sənin yaxşılığın”, “Sabah sənin ad günündür”, “Şərurlu polkovnik”, “Əli Bayramlı hacıları”, “Adamları mənim yanıma dərd gətirir”, iki cildlik “Seçilmiş əsərləri” və “Üzünə gün işığı düşən” kitabları müəllifin zəngin yaradıcılıq yolunu əks etdirir.

Tofiq Hüseynin yaradıcılığında insan, Vətən, doğma torpaq, həyatın ağrı-acıları, mənəvi dəyərlər və insan münasibətləri mühüm yer tutur. Onun poetik dili səmimi və düşündürücüdür. Şair sözün zahiri bər-bəzəyindən daha çox onun mənasına, oxucuda yaratdığı duyğuya və düşündürdüyü fikrə üstünlük verir.

Tofiq Hüseynin “Unut...” şeiri onun həyata fəlsəfi münasibətini əks etdirən təsirli poetik nümunələrdəndir. Şeirin başlanğıcındakı “Unut” müraciəti sadəcə nəyisə yaddaşdan silmək çağırışı deyil. Burada insanın özünü mənəvi cəhətdən qoruması, keçmişin ağır yükündən azad olması, qəlbində qəm və kin saxlamaması ideyası dayanır.

“Unut bu dünyada çox şeyləri sən” misrası oxucunu düşünməyə vadar edir. Şair insanın hər hadisəni ürəyinə salmasının, hər incikliyi illərlə daşımasının əleyhinə çıxır. Həyatın keçiciliyini xatırladaraq insanı bağışlamağa, yaxşılığı qorumağa və könül rahatlığına səsləyir.

Şeirin əsas poetik gücü onun səmimiliyindədir. Tofiq Hüseyn burada oxucu ilə sanki üz-üzə dayanır və ona uzun həyat yolundan, gördüklərindən, yaşadıqlarından süzülüb gələn bir nəsihət verir. “Unut” sözünün poetik təkrarından istifadə edilməsi şeirin həm ritmini gücləndirir, həm də əsas fikri ön plana çıxarır.

Bu şeir bir daha göstərir ki, Tofiq Hüseyn jurnalist kimi hadisələri, şair kimi isə insanın daxili dünyasını müşahidə edir. Onun poeziyasında yaşanmış ömrün, insanlarla ünsiyyətin və həyat təcrübəsinin izləri aydın görünür.

Tofiq Hüseynin 80 illik yubileyi münasibətilə keçirilən tədbirlər və ünvanına səslənən səmimi təbriklər onun uzun illər ərzində gördüyü əməyə verilən mənəvi qiymətin ifadəsidir. Şirvan Şəhər İcra Hakimiyyətində keçirilən görüş də bu ehtiramın gözəl nümunələrindən biridir.

80 il böyük bir ömürdür. Bu ömrün böyük hissəsini mətbuata, jurnalistikaya, poeziyaya və insanlara həsr etmək isə hər qələm sahibinə nəsib olmur. Tofiq Hüseyn bu illər ərzində yazıb, axtarıb, insanların sevincinə və kədərinə şərik olub, bölgələrin həyatını ölkə mətbuatına çatdırıb və öz sözünü Azərbaycan jurnalistikasında yaşadıb.

Əziz Tofiq müəllim, 80 illik yubileyiniz ilin axırına qədər davam edəcək və   Sizi ürəkdən təbrik edir, möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və yeni yaradıcılıq uğurları arzulayıram. Qoy yubileyiniz münasibətilə başlayan xoş təbriklər, səmimi görüşlər və gözəl arzular hələ uzun müddət davam etsin.

Qələminiz daim işlək, sözünüz kəsərli, ürəyiniz Vətən və insan sevgisi ilə dolu olsun. Sizə bundan sonrakı illərdə də sağlamlıqla, könül xoşluğu ilə yazıb-yaratmağı, yeni kitablarla və yeni şeirlərlə oxucularınızı sevindirməyi arzulayıram.

Növbəti yubiley illərində iştirak etmək ümidiylə  Sizə uzun və sağlam ömür arzulayırıq.

Rauf İLYASOGLU.