Qaynar xətt:

(+99450) 247 90 86

MÜRGÜLƏYƏNLƏRİN GÜNAHI - Fazil Mustafa yazır  

MÜRGÜLƏYƏNLƏRİN GÜNAHI  - Fazil Mustafa yazır  

CƏMİYYƏT

72

27.02.2026, 14:10

AMEA-da I Türkoloji Qurultayın 100 illiyinə həsr olunan beynəlxalq konfransa dəvət olunduğum ərəfədə ixtiyarsız olaraq son günlər sosial şəbəkədə tirajlanan alimlərin mürgüləmə səhnəsi ilə bağlı fotoları və bunlar üzərindən ağıllı-cahil kimsələrin fərqli yorumlarını xatırlamış oldum.

Əlbəttə, Ramazan orucunun tam olmayan yuxusuzluq ortamında, istərsə də oruc tutmayan insanın günlük yorğunluğu durumunda kiminsə toplantıda əsnəməsi və ya mürgüləməsi sırf insani görüntülər olduğundan bu cür mövzuların üzərində durmağa çalışmasam da, toplumda kütləviləşən yanlış dəyərləndirmənin heç də xoş mənzərə yaratmadığını söyləməyə özümü sorumlu bildim.

Dəfələrlə bu mövzu deputatlar üzərindən də manipulyasiya edilərək milli faciə səviyyəsində bir kampaniya aparılmışdı.

Əlbəttə, inkişaf etmiş mədəni cəmiyyətlərdə bunun yumor üzərindən xoş bir təbəssüm yaratmasını bizim məkanda da görmək bəlkə də pis ovqat yaratmazdı. İclas ortamını, çıxışların maraqsızlığını və ya yoruculuğunu, zalın temperaturunu səbəb olaraq göstərmək kimi bir istiqamətə də yönəlməyi düşünmürəm. Müasir çağımızda bəlkə də bu şərtlərdə ən xilasedici vasitə mobil telefonlar sayılmalıdır.

Başını onunla qatmaq fürsətini  qaçırmadan olduğun sıxıcı məkandan yayınmaq kimi bir imkanı dəyərləndirənlər əksər hallarda hədəfə gəlmirlər. Düşünürəm ki, AMEA-nın Rəyasət Heyətinin iclasında bir neçə  foto üzərindən qeydə alınan bu görüntünün paylaşımlarda elə bir qəbahət yoxdur.

Əgər bunu səmimi bir yumor mövzusuna çevirib, epizodik bir gülümsəmə ilə yola vermək və xoş ovqat yaratmaq üçün istifadə etsəydilər, daha faydalı olardı. Bunu bir linçetmə kampaniyası kimi məqsədli və ya məqsədsiz şəkildə siyasiləşdirənlərin axsayan elm mühitimizin gerçək tablosundan yayınaraq ayrı-ayrı sahədə faydalı tədqiqatlar aparmış alimlərin epizodik insanlıq halını məsxərəyə qoyması artıq gülüş deyil, prosesin bir bambılılıq əlaməti daşıdığını göstərirdi. 

Gizlətmirik ki, yaşadığımız din bizə nəyə ağladığımızı bilməyən cahil bir topluluq tablosunu yüzillərdir göstərir. Nəyə ağladığımızı bilmədiyimiz qədər nəyə güldüyümüzü də bilməyən bir topluluq olduğumuzu da yaşadığımız həyat addımbaşı bizə göstərməkdədir.

Bu, bizlərin orta məktəbdən xatırladığımız bir tendensiyanın yetkinlik yaşlarımızdan sonra təkrarlanması kimi də anlaşıla bilər. Geriyə dönüb baxsanız görərsiniz ki, sinifdə və ya çevrədə olan hansısa nitqi, fiziki görkəmi anadangəlmə qüsurlu olan insanlara edilən məsxərələr, verilən xoşagəlməz adlar bizləri əsasən bu cür tərbiyə etmiş. Əslində insanı dəyər olaraq görməyən bütün toplumlarında xroniki bir hal kimi bu düşüncə tərzi müşahidə oluna bilər.

Ancaq bu xroniki əbləhliyi yaradıcılığı ilə, yaşamı ilə tanış olmadığın elm adamlarına qarşı sadə bir epizoda görə tətbiq etmək xoş qarşılana bilməz. Əlbəttə, məsxərəyə qoyulası, acımasızca bir tablo var, o da bir şəxsin kiminsə himayəsi ilə elmi ad almasıdır, layiq olmadığı elmi titulları daşımasıdır, öz laborantının yazdığı əsərə həmmüəllif olmasıdır, dissertasiyasını, elmi məqaləsini, kitabını kiməsə yazdırmasıdır, kiməsə hətta ehtiyac üzündən olsa belə pul qarşılığında diplom işi, dissertasiya yazmasıdır. Vicdanlı alimə isə gülmək üçün bir əsası böyük Məhəmməd Əmin bəy öz yazılarının birində müdhiş bir deyimlə vermiş: "Alimlər öz tənbəlliyindən məsuliyyət daşıyırlar!" Yəni hansısa iclasda mürgüləyən vicdanlı, bilgili şəxsiyyət kimi tanınan bir alimin istedadının mürgüləməsini linç etmək lazımdır. Bu cür istedadlı insanların tənbəlliyini linç etmək lazımdır.  Mistik yöndən izahı budur ki, Allahın verdiyi ağlı, istedadı lazımı şəkildə istifadə etməyən insan faydalı, xeyirli sayıla bilməz. Sosioloji baxımdam izahı da belədir ki, yaşadığın məkanın, mənsub olduğun millətin tərəqqisi üçün çalışma imkanların boşa xərcləməkdəsən. Durumu gücüm yetən qədər sadələşdirdim ki, mövzunun içində şəxsim də qarşışıq hamımızı yerləşdirə bilim. Fikrimcə, günün sualı belə olsa daha məntiqli alınardı:  Mürgüləyənlərin günahı daha böyük, yoxsa mürgülədənlərin! 

Bir azdan iclas başlayır. Allah bizi faydalı işlər üçün mürgüləyənlərdən etməsin! Üstəlik də xeyirli müsəlmanlara xeyirli Ramazan nəsib etsin! Xeyirsiz müsəlmana onsuz da heç nəyin xeyri yoxdur!

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa