Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda tramvay keçəcək ərazilərlə bağlı RƏSMİ AÇIQLAMA 

Bakıda tramvay keçəcək ərazilərlə bağlı RƏSMİ AÇIQLAMA 

CƏMİYYƏT

353

23.02.2026, 22:40

Bakıya yenidən tramvay xətti çəkiləcək? 

Oxu24.com xəbər verir ki, Bakıda ictimai nəqliyyat sisteminin modernləşdirilməsi istiqamətində növbəti mühüm addım kimi tramvay xəttinin yenidən bərpası məsələsi gündəmə gəlib.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucov  Oxu24.com-a bildirib ki, Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda ilk növbədə “Mehdiabad-28 May (HUB)” tramvay xəttinin çəkilməsi nəzərdə tutulub.

“Bu xətt Bakının şimalındakı qəsəbələrin mərkəzlə birbaşa bağlantısını təmin edəcək. Gələcəkdə dəhlizin üzərindəki M.Rəsulzadə qəsəbəsində dəmiryolu stansiyasının tikintisi nəzərdə tutulub. Tramvay xətti istifadəyə verildikdən sonra bu dəmiryolu stansiyasında, həmçinin metronun “Azadlıq prospekti” stansiyası yaxınlıqda sərnişin mübadiləsi baş tutacaq. Yəni, tramvayla gələn sərnişinlər səfərlərini dəmiryolu və ya metro ilə davam etdirə biləcəklər.

Növbəti sərnişin mübadiləsi isə son dayanacaq kimi nəzərdə tutulan Bakı şəhərinin əsas nəqliyyat mübadilə mərkəzi olan “28 May”da baş tutacaq. Hesablamalara görə, bu dəhliz istifadəyə verildikdən sonra həmin istiqamətdə təxminən 20 mindən çox avtomobil səfərinin azalacağı gözlənilir.     

Tramvayın bir çox üstünlükləri var: o, yüksək sərnişindaşıma qabiliyyətinə malikdir, ekoloji cəhətdən təmizdir, uzunömürlüdür (istismar müddəti 50 ilə qədərdir) və xüsusi yollarla hərəkət etdiyinə görə tıxaca düşmür. Bu da avtobus və trolleybuslarla müqayisədə daha rahat və sürətli hərəkəti təmin edir.  Tramvaylar vasitəsilə irihəcmli sərnişin axınlarının sürətli və rahat şəkildə mobilliyini təmin etmək mümkündür. Tramvaylar ilk növbədə həmin dəhlizlər üzrə olan avtobus marşrutları ilə inteqrasiya olunur. Burada avtobuslar əlaqələndirici rol oynaya bilir, yəni sərnişinlər bu nəqliyyat növü vasitəsilə tramvay dayanacaqlarına çata bilirlər. Digər tərəfdən, əgər həmin dəhlizlər üzrə metro və ya dəmiryolu stansiyalari mövcuddursa, tramvaylar mütləq şəkildə həmin stansiyalarla da inteqrasiya olunurlar. Bu zaman sərnişinlər səyahətlərini özlərinə uyğun və rahat nəqliyyat növləri ilə davam etdirə bilirlər.

Dünya təcrübəsi göstərir ki, tramvay xətləri keçən ərazilərdə infrastrukturun sürətli inkişafı baş verir, dolayısı ilə yeni iş yerləri açılır ki, bu da tramvayın daha bir üstünlüyüdür”.

İctimai nəqliyyatda ən böyük problem vaxt itkisidir. Tramvay isə rels üzərində, tıxaclardan asılı olmayaraq hərəkət edən “dəqiq saat” deməkdir. Ekspertimiz hesab edir ki, tramvayların avtonomluğu və müasir tələblərə cavab verməsi Bakı üçün həyati əhəmiyyət kəsb edir. Bakının dar küçələrində bu infrastrukturu qurmaq nə dərəcədə mümkündür? Bu barədə nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib:

“Bakıda tramvayların bərpası məsələsi artıq layihələndirmə mərhələsinə gəlib çıxıb. Bu, dövlət proqramında da təsbit olunub ki, Bakı şəhərində tramvay xətti olacaq. Və bu real bir məsələdir. Həmçinin, ictimai nəqliyyatın şaxələndirilməsi üçün vacib addımlardan biridir.

Əlbəttə ki, tramvay ictimai nəqliyyatda yükün bir qismini öz üzərinə götürəcək. İndi bilirsiniz ki, bizim ictimai nəqliyyatımız metro və avtobusdan ibarətdir. Taksi və dəmir yolu burada köməkçi alət kimi istifadə olunur. Və tramvayların ictimai nəqliyyata qayıdışı ilə, əlbəttə ki, bizim ictimai nəqliyyatımız güclənəcək və burada artıq bir nəqliyyat dördbucağı yaranacaq. Dəmir yolunun özü də qismən indi ictimai nəqliyyatın bir qolu kimi müəyyən yerlərdə də istifadə olunur.

Və tramvay öz səmərəsini verəcək. Məlumdur ki, tramvay rels üzərində hərəkət edir, ona görə də maneəsiz hərəkət edir və vaxtı-vaxtında mənzil başına, qrafik üzrə sərnişinləri çatdıra bilir. Həmçinin, daha çox sərnişin daşıya bilir.

Sadəcə düşünürəm ki, tramvay xətləri, avtonom olmalıdır. Yəni ona ayrıca bir zolaq ayrılmalıdır. Tramvaylar avtomobillərlə müqayisədə daha sürətli olmalıdır.

Tramvay xətləri mümkün ərazilərdən keçəcək, harada ki bu infrastrukturu yaratmaq mümkündür, oradan keçəcək. Fikrimcə, müəyyən yerlərdə əlavə yol ötürücülərinə, körpülərinə, hətta tunellərə də ehtiyac olacaq. Çünki, biz tramvay xəttini bərpa ediriksə, bu bugünkü müasir tələblərə cavab verən tramvay xətti olmalıdır, tramvaylar olmalıdır, bir qədər sürətli olmalıdır, köhnə sovet sistemində olan tramvaylardan olmayacaq. Ona görə müəyyən yol infrastrukturunda dəyişikliyə ehtiyac olacaq”.

Çimnaz Telmanqızı