Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda YENİLİK! Bu şəxslərə güzəştlər tətbiq olunacaq,kompensasiya veriləcək   —  DETALLAR

Azərbaycanda YENİLİK! Bu şəxslərə güzəştlər tətbiq olunacaq,kompensasiya veriləcək   —  DETALLAR

CƏMİYYƏT

591

20.02.2026, 22:48

Əmək şəraiti və stajına görə, həmçinin uşaqlı qadınlar və azad edilən ərazilərdə işləyən mütəxəssislərə verilən əlavə məzuniyyətlə bağlı yeni qaydalar tətbiq ediləcək.Sözügedən şəxslərə istifadə etdikləri əlavə məzuniyyətə görə kompensasiya veriləcək.

Bəs,bu proses necə həyata keçiriləcək,kimlər yararlana biləcək?

Məsələ ilə bağlı iqtisadçı Eldəniz Əmirov  Oxu24.com-un suallarına  aydınlıq gətirib.

-Eldəniz müəllim,istərdim yeni qərarın mahiyyətinə aydınlıq gətirək.

-Qeyd etmək lazımdır ki, büdcəyə yük ,əsasən, əlavə məzuniyyət günlərinin sayı və benefisiarların(məzuniyyətə çıxan şəxslərin) ümumi sayından asılı olur. Belə olduqda, adətən, qısamüddətli dövrdə cari xərclərin artımı müşahidə oluna bilər. Amma bu, idarəolunmaz artım demək deyil. Bu artım idarəolunan səviyyədə qalacaq. Çünki, qalmadan bu qərar verilməz. Digər bir tərəfdən də əməkhaqqı fondunda sosial xərclər bölməsinin genişlənməsinə səbəb olacaq. 

Əlavə olaraq, işğaldan azad olunmuş ərazilərimizdə peşəkar kadrların fəaliyyəti. Düşünürəm ki, burada peşəkar kadrlara çox böyük ehtiyac vardır. Məhz bu tip kadrların burada fəaliyyətinin təmin olunması üçün müəyyən stimullaşdırıcı addımların atılmasına ehtiyac var. Və bu baxımdan maliyyə və sosial üstünlüklər kadrların qərarlarına birbaşa təsir göstərdiyi üçün belə bir addım atılıb. 

Bu tip qərarlar - sözügedən qərarlar yaşayış yeri və sosial infrastrukturu ilə birgə tətbiq olunduqda daha güclü təsir göstərir. Və qısamüddətli olmasa da, bir müddət sonra, yəni uzunmüddətli perspektivdə bölgələrdə əmək bazarını balanslaşdırır

-Bəs iqtisadi baxımdan bu bölgələrin canlanmasına necə təsir edə bilər?

-Bilirsiniz, bu tip qərarlar birmənalı şəkildə iqtisadi aktivliyin təmin olunmasına xidmət edir. İqtisadi aktivlik isə ümumdaxili məhsulun regionlarda - yəni regionların ümumdaxili məhsuluna töhfəsini yüksəldir. Və bütün bu proseslər birlikdə, dövlət dəstəyi üzərində olduğu zaman investisiya mühitinin cəlbediciliyini artırır. Çünki, bu ərazilərdə olan əmək bazarı ilə bağlı təşviqedici məqamlar investor üçün cəlbedici faktordur. Belə mühitə investor investisiya yatırmaqda maraqlı olur, çünki belə mühitdə lazımi əmək kadrının, yəni lazım olan kadrların cəlb olunmasına fürsət yaranır.

-Bu xərclər özəl sektorda qiymət artımına səbəb ola bilərmi?

-Burada mən düşünmürəm ki, hansısa qiymət artımına ciddi təsir göstərəcəkdir. Burada ümumi Azərbaycan yönündə olan göstəricilərlə müqayisədə bu təsir nəticəsində olan xərc artımı, əmək xərclərinin artması o qədər də, böyük rəqəm olmayacaq. Və böyük rəqəm olmadığına görə də qiymət artımına təsiri olmayacağını düşünürəm.

Məsələnin iqtisadi tərəfləri ilə yanaşı, bu yeniliklərin Konstitusiya səviyyəsində necə əsaslandırıldığı və işçilərin gündəlik həyatına necə təsir edəcəyi də böyük maraq doğurur. Xüsusilə, kompensasiya mexanizminin detalları və işəgötürənlərin yeni öhdəlikləri barədə suallarımızı əmək və məşğulluq məsələləri üzrə mütəxəssis Vüqar Şahinoğlu cavablandırıb. O, Konstitusiya Məhkəməsinin son qərarı və beynəlxalq standartlar işığında mövzuya aydınlıq gətirib:

-Yeni qaydaların tətbiqinə zərurət nə idi? Hansı sosial ehtiyac bu dəyişiklikləri şərtləndirdi?

-Bu dəyişikliklərin əsas səbəbi əmək hüquqlarının real və bərabər təmin olunması zərurətidir.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi müəyyən etdi ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 144-cü maddəsinin 3-cü hissəsi işdən çıxan şəxslərə əlavə məzuniyyətlərə görə kompensasiya verilməməsini nəzərdə tutmaqla, Konstitusiyanın 25-ci maddəsində təsbit olunmuş bərabərlik prinsipinə, 71-ci maddədə nəzərdə tutulan mütənasiblik prinsipinə, 149-cu maddədə göstərilən haqq-ədalət prinsipinə ziddir.

Sosial problem ondan ibarətdir ki, ağır və zərərli şəraitdə işləyən, uzunmüddətli əmək stajı olan, uşaqlı (14 yaşınadək iki və daha çox uşağı olan) valideynlər və ya azad edilmiş ərazilərdə çalışan mütəxəssislər əlavə məzuniyyət hüququ qazansalar da, işdən çıxarkən həmin günlərə görə kompensasiya ala bilmirdilər. Nəticədə hüquq formal xarakter daşıyırdı.

Bu məsələ yalnız milli hüquq çərçivəsində deyil, beynəlxalq əmək standartları baxımından da aktual idi. 

Konstitusiya Məhkəməsinin qərarında da istinad olunduğu kimi Beynəlxalq Əmək Təşkilatının 132 saylı “Ödənişli məzuniyyətlər haqqında” Konvensiyası illik məzuniyyət hüququnun real və effektiv təmin olunmasını tələb edir. Bu sənəd məzuniyyət hüququnun formal deyil, faktiki təminat mexanizmi ilə qorunmasını əsas götürür.

"European Social Charter"nin 2-ci maddəsində ədalətli əmək şəraiti və ödənişli məzuniyyət hüququ təsbit olunur. Avropa Sosial Hüquqlar Komitəsinin formalaşdırdığı yanaşmaya görə sosial hüquqların tətbiqi real və effektiv olmalı, qanunvericilik səviyyəsində verilən təminatlar praktik nəticəsiz qalmamalıdır.

"International Covenant on Economic", Social and "Cultural Rights"in 7-ci maddəsi də ödənişli məzuniyyət hüququnu ədalətli əmək şəraitinin ayrılmaz hissəsi kimi tanıyır. Əgər işçi əlavə məzuniyyət hüququ qazanır, lakin əmək münasibətlərinə xitam verilərkən bu hüquq tamamilə kompensasiyasız qalırsa, bu artıq hüququn mahiyyətini zəiflədir və sosial ədalət prinsipini pozur.

Məhz, bu səbəbdən Konstitusiya Məhkəməsi hesab etdi ki, mövcud norma hüququn öz mahiyyətinə toxunur və qeyri-mütənasib məhdudiyyət yaradır. Yeni yanaşma isə həm Konstitusiyanın prinsiplərinə, həm də Avropa və beynəlxalq əmək standartlarına uyğunlaşdırma məqsədi daşıyır.

Bu dəyişikliklərin arxasında duran əsas sosial ehtiyac əmək hüquqlarının real müdafiəsi, bərabər rəftarın təmin olunması və sosial ədalətin gücləndirilməsidir.

-Əlavə məzuniyyətə görə kompensasiya mexanizmi necə hesablanacaq və kim tərəfindən ödəniləcək?

-Konstitusiya Məhkəməsi müəyyən edib ki, əmək müqaviləsinə xitam verilərkən istifadə olunmamış əlavə məzuniyyətlərə görə kompensasiya əsas məzuniyyət üçün nəzərdə tutulmuş qaydada hesablanmalıdır.

Bu o deməkdir ki, işçinin orta əməkhaqqı müəyyən edilir, istifadə olunmamış əlavə məzuniyyət günlərinin sayı hesablanır. Həmin günlərə görə pul ödənişi aparılır. Ödənişi işəgötürən həyata keçirir.

Məsələn, işçinin 8 gün istifadə olunmamış əlavə məzuniyyəti varsa və orta gündəlik əməkhaqqı 60 manatdırsa, ona görə də əlavə 480 manat kompensasiya ödənilməlidir.

-Bu dəyişikliklər “Əmək Məcəlləsi”nin hansı maddələrinə təsir edir?

-Konstitusiya Məhkəməsinin Qərarı birbaşa olaraq 144-cü maddənin 3-cü hissəsinin tətbiqini dayandırıb və 2-ci və 3-cü hissələrin Konstitusiyaya uyğunlaşdırılmasını tələb edib. Dolayı şəkildə isə aşağıdakı maddələrdə nəzərdə tutulan əlavə 115-ci maddə (staja görə əlavə məzuniyyət),116-cı maddə (ağır və zərərli şərait), 117-ci maddə (xüsusi xarakterli işlər), 118-1-ci maddə (azad edilmiş ərazilərdə işləyən mütəxəssislər ) məzuniyyətlərə  müsbət mənada işçinin xeyrinə təsir edir.

Artıq bu maddələr üzrə qazanılmış əlavə məzuniyyətlər daha  kompensasiyasız qalmayacaq.

-Kompensasiya dövlət büdcəsi hesabına ödəniləcək, yoxsa işəgötürən tərəfindən?

-Kompensasiya dövlət büdcəsindən ödənilmir. Əmək münasibəti işçi ilə işəgötürən arasında olduğuna görə, maliyyə öhdəliyi də işəgötürənin üzərinə düşür. Bu dövlət qurumu ola bilər, özəl müəssisə də ola bilər, fərqi yoxdur.

Konstitusiya Məhkəməsi də qərarında məhz, əmək münasibətləri çərçivəsində kompensasiya mexanizminin tətbiqini göstərib.

-İşçilər bu hüquqlardan istifadə etmədikdə kompensasiya alma imkanları necə olacaq?

-Əgər işçi işləməyə davam etdiyi müddətdə zəruri işlə bağlı məzuniyyətdən istifadə edə bilmədiyi halda onsuzda Əmək Məcəlləsinin 135-ci maddəsinin ikinci hissəsinə əsasən, işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (və ya digər iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilməlidir. 

Müvafiq qərarda isə şərh edilir ki, Əmək Məcəlləsinin 144-cü maddəsinə əsasən, işçi işdən çıxarkən istifadə etmədiyi, yalnız ,əsas deyil eləcə də, əlavə məzuniyyət günlərinin də pulunu (kompensasiyasını) ala biləcək. 

Başqa sözlə ifadə etsək, işçinin əmək müqaviləsinə xitam verilərkən bunlar da ödənilməlidir.

Əgər  işçi işdən çıxarkən istifadə olunmamış əlavə məzuniyyət günləri qalarsa və işəgötürən kompensasiyanı ödəmərsə, işçi bu halda ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət edərək İXM-nin 192.5 (İşçinin məzuniyyət hüquqlarının pozulmasına, işçiyə əmək məzuniyyətinin verilməməsinə, habelə istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən edilmiş kompensasiyanın ödənilməməsinə görə) maddəsinə əsasən, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Və yaxud  məhkəməyə müraciət edərək iddia qaldıra bilərlər. Bu halda yerli məhkəməkər artıq Əmək Məcəlləsinə və digər əlaqəli normativ hüquqi aktlara dəyişiklik edilənədək Konstitusiya Məhkəməsinin 18 fevral 2026-cı il tarixli hüquqi mövqeyini əsas götürməlidirlər.Son olaraq qeyd edim ki, bu qərar qüvvəyə mindiyi gündən(18 fevral 2026-ci il) və sonrakı tarixlərdə xitam verilən əmək müqavilələrinə şamil edilir.

Hazırladı: Çimnaz Telmanqızı