Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycan-Rusiya iqtisadi əlaqələrində yeni mərhələ: Qeyri-neft ixracı və birgə sənaye zonaları nə vəd edir?  

Azərbaycan-Rusiya iqtisadi əlaqələrində yeni mərhələ: Qeyri-neft ixracı və birgə sənaye zonaları nə vəd edir?  

SİYASƏT

37

26.11.2026, 17:05

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan və Rusiya arasında iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində yeni əməkdaşlıq imkanları müzakirə olunub. Noyabrın 25-də İqtisadiyyat Nazirliyində keçirilən görüşdə tərəflər qarşılıqlı ticarətin artırılması, sənaye və kənd təsərrüfatı sahələrində tərəfdaşlığın inkişaf etdirilməsi məsələlərini dəyərləndiriblər. Eyni zamanda görüş çərçivəsində birgə sənaye zonalarının yaradılması və işgüzar əlaqələrin genişləndirilməsi imkanları nəzərdən keçirilib. Bu təşəbbüslər yerli istehsalın dəstəklənməsi, məhsulların xarici bazarlara çıxarılması və qeyri-neft sektorunun potensialının daha fəal reallaşdırılması baxımından diqqət çəkir. Birgə sənaye zonalarının formalaşdırılması həm istehsal zəncirlərinin dərinləşməsinə, həm də Azərbaycan məhsullarının Rusiya bazarına daha səmərəli çıxışına əlavə stimul verə bilər. Digər tərəfdən, əməkdaşlığın genişlənməsi fonunda ixrac coğrafiyasının şaxələndirilməsi və xarici iqtisadi tərəfdaşlardan asılılığın balansı da iqtisadi gündəmin əsas mövzularındandır. 

Məsələ ilə bağlı Oxu24.com-a danışan Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir və hazırda ölkəmizin ticarət dövriyyəsində ilk beşlikdə təmsil olunur. 

Onun sözlərinə görə, uzun müddət Rusiya Azərbaycanın ticarət dövriyyəsində ən böyük idxalçı tərəfdaş olub, hazırda isə ikinci ən böyük idxalçı tərəfdaş mövqeyində qərarlaşıb:

“Rusiya eyni zamanda qeyri-neft məhsullarının ixracatında Azərbaycanın ən böyük tərəfdaşıdır. Azərbaycanın qeyri-neft məhsullarının illər üzrə təxminən 30 faizi məhz Rusiya bazarına ixrac olunur”.

Əməkdaşlığın əsas hədəflərinə toxunan deputat söyləyib ki, buradakı əsas məqsədlərdən biri qeyri-neft məhsullarının ixracatının artırılması və genişləndirilməsi, digər mühüm məqsəd isə bazarların diversifikasiya olunmasıdır. Onun fikrincə, Rusiya bazarı Azərbaycan iş adamları üçün qeyri-neft sektorunda ənənəvi bazarlardan biridir, çünki Azərbaycan bir sıra məhsullar üzrə Rusiya bazarında müqayisəli üstünlüyə malikdir və bu da sahibkarlara həmin bazara daha çox məhsul çıxarmağa imkan verir:

“Paralel olaraq Rusiyadan kənar bazarlara — xüsusilə Avropa İttifaqına və Körfəz ölkələrinə daha çox qeyri-neft məhsulunun ixracı da prioritetdir və bu istiqamətdə işlər daha sistemli şəkildə həyata keçirilir.

Qarşılıqlı investisiyalar və birbaşa ticarət dövriyyəsinin artırılması ilə bağlı addımlar məhz qeyd olunan görüşdə müzakirə edilən əsas məsələlər sırasındadır”.

Vüqar Bayramov bu dinamikanın onu göstərdiyini vurğulayıb ki, digər ölkələrlə əməkdaşlıq fonunda eyni zamanda Rusiya-Azərbaycan ticarət dövriyyəsində, xüsusən də qeyri-neft sektorunda əməkdaşlığın dərinləşməsini müşahidə etmək olar.

Çimnaz Telmanqızı