Qaynar xətt:

(+99450) 247 90 86

Bakını hədələyən iranlı deputata sərt cavab: “3-4 saata yox olmaq qorxusu öz ölkənizdədir"

Bakını hədələyən iranlı deputata sərt cavab: “3-4 saata yox olmaq qorxusu öz ölkənizdədir\"

SİYASƏT

89

10.06.2026, 00:24

İran parlamentində əyləşən bəzi şəxslər zaman-zaman sarsaqlamaq vərdişindən əl çəkmirlər. Bu dəfə də daim ölkəmizə qarşı qərəzli mövqeyi ilə tanınan Əbülfəz Zöhrəvənd bir daha əsl simasını göstərib. O, Qalib Azərbaycanı "üç-dörd saata yer üzündən silməklə" hədələyib.

Regionda onsuz da kifayət qədər gərginlik var və ağıllı siyasətçilər onu azaltmağa çalışdığı halda, Zöhrəvənd kimilər alova benzin tökməyi üstün tutur.

Ancaq bir məqam diqqətdən yayınmır. Öz ölkəsinin qarşılaşdığı təhlükəsizlik problemləri barədə susan, illərdir cavab gözləyən suallardan yayınan şəxslər niyə birdən-birə Azərbaycanı hədəf seçirlər? İşğal dövründə Ermənistanla münasibətlərə görə səslənən ittihamlara niyə cavab verilmir? Niyə Ermənistanın silahlandırılması ilə bağlı suallar cavabsız qalır?

 Oxu24.com  xəbər verir ki,siyasi təhlilçi Sona Əliyeva Musavat.com-a bunları dedi: "İranlı deputat Əbülfəz Zöhrəvəndin “Bakı 3-4 saat ərzində yer üzündən silinə bilər” ifadəsi sayıqlama ya da təhdid deyil. Bu, Tehrandakı müəyyən dairələrin Cənubi Qafqazda tamamilə dəyişmiş güc balansı qarşısında keçirdiyi geosiyasi acizliyin və qorxunun dilə gəlməsidir. Qarşımızda duran mənzərə, bir rejimin qonşusunun suveren gücünü həzm edə bilməməsindən doğan isterikadır. İran tərəfi və onların mediadakı ruporları bu cür bəyanatları tez-tez "fərdi rəy", "parlamentarinin emosional çıxışı" kimi qələmə verərək rəsmi Tehranı məsuliyyətdən yayındırmağa çalışırlar. Halbuki, idarəetmə sisteminin və hərbi-siyasi iyerarxiyanın bu qədər sərt, repressiv şəkildə qorunduğu bir ölkədə heç bir deputat xarici siyasət kursuna zidd, müharibə anonsu verən bəyanatla özbaşına çıxış edə bilməz.

Düşünürəm ki, Zöhrəvənd dövlət aparatının, xüsusilə SEPAH qanadının rəsmi diplomatiyanın deyə bilmədiyi təhdidləri cəmiyyətə və Bakıya ötürmək üçün istifadə etdiyi bir proksi-alətdir. Rəsmi Tehran bu yolla həm Bakının nəbzini yoxlayır, həm də daxili auditoriyaya hələ də "bölgənin hakimi" olduğu illüziyasını sırımağa çalışır.

Baş verən hadisələrin fonunda, İran daxilində sosial-iqtisadi böhran pik həddədir. Rejimi qorxudan əsas amil xarici təzyiqlərdən daha çox, daxildəki çoxmilyonlu Azərbaycan türklərinin milli oyanışıdır. Bakının hərbi və siyasi baxımdan güclənməsi Tehran üçün daxili stabilliyə birbaşa təhdid kimi qəbul olunur. Zöhrəvənd kimiləri Bakını hədəf göstərməklə daxili auditoriyanın diqqətini rejimin çürüməsindən yayındırmağa çalışırlar. Beynəlxalq arenada da küncə sıxışan rejim, hazırkı aqressiyasını qonşuluğundakı ən sabit və müstəqil aktora, Azərbaycana qarşı yönəldib. Aqressiv olmasının çox səbəbi var. Çünki, Bakının Ermənistanla sülhə yaxınlaşması və regional kommunikasiyaların açılması faktiki olaraq İranı həm də logistik xətlərin kənarında qoyur.

Öz paytaxtında nüvə alimlərini, hərbi generallarını, xarici qonaqlarını, hətta ölkə başçısını, dini liderini sui-qəsdlərdən qoruya bilməyən bir rejim, itirilmiş imicini Bakıya "əzələ nümayişi" göstərməklə kompensasiya etməyə çalışır. Burada uduzan, amma bunu böyük təhdidlər altında gizlətməyə çalışan tərəf elə İranın özüdür. İranın hərbi texnoloji potensialının, hava hücumundan müdafiə sistemlərinin və kəşfiyyat şəbəkəsinin real böhran anlarında necə aciz və dəlik-deşik olduğunu son illər bütün dünya açıq şəkildə gördü. Azərbaycan isə müasir hərbi doktrinaya, qlobal müttəfiqlik şəbəkəsinə və sarsılmaz daxili milli birliyə sahibdir. Ona görə də, bu qaragüruha baxmayaraq, regional reallıqları artıq Tehran yox, Bakı diktə edir. Bakını 3-4 saata yer üzündən silməyi xəyal edənlər, öz idarəetmə sistemlərinin daxildən 3-4 günün içində çökə biləcəyi reallığı ilə üz-üzədirlər. Artıq Azərbaycan 90-cı illərin zəif, hərbi xaos içində olan ölkəsi deyil və regionda heç bir teokratik təhdid qarşısında geri addım atmayacaq. Siyasi acizlikdən doğan bu kəskin ritorika yalnız sahiblərinin tarixi məğlubiyyətini sürətləndirir".