Qaynar xətt:

(+99450) 247 90 86

Ekspertdən ŞOK PROQNOZ: Kimlər gedəcək,kimlər qalacaq? 

Ekspertdən ŞOK PROQNOZ: Kimlər gedəcək,kimlər qalacaq? 

CƏMİYYƏT

387

29.04.2026, 11:33

Hansı peşələr tarixə qovuşur? — Ekspertdən maraqlı proqnozlar

Texnoloji tərəqqi, süni intellekt və dördüncü sənaye inqilabı yaxın gələcəkdə əmək bazarının simasını tanınmaz dərəcədə dəyişəcək. Bir çox ənənəvi ixtisaslar artıq rəqəmsal alətlər tərəfindən əvəzlənməyə başlayıb. Bəs insan əməyini hansı sahələrdə "sürprizlər" gözləyir?

Oxu24.com xəbər verir ki, təhsil eksperti İlqar Orucov mövzu ilə bağlı ətraflı fikirlərini bölüşüb.

Ekspert bildirib ki, süni intellekt və rəqəmsallaşmanın inkişafı bir çox peşələrin aradan qalxmasına gətirib çıxaracaq və bu, artıq birmənalı prosesdir.

“Bu peşələrlə vidalaşmağa hazır olun"

İlqar Orucovun sözlərinə görə, əmək bazarında peşə və ixtisaslarla bağlı ən ciddi dəyişikliklər hələ qarşıdadır. Ekspert sıradan çıxacaq konkret sahələri belə qruplaşdırıb:

“Hesab olunur ki, gələcəkdə tərcüməçilik və turizm bələdçisi kimi ixtisaslar öz aktuallığını tamamilə itirəcək. Hətta avtobus və taksi sürücüləri belə bu peşələri itirə bilər”.

Dünyada sürücüsüz nəqliyyat vasitələrinin istismara verilməsi artıq reallıqdır. Ekspert qeyd edib ki, ötən il Danimarkada olarkən xüsusi proqramla idarə olunan sürücüsüz tramvayların hərəkətini şəxsən müşahidə edib:

“Bank operatorlarının vəzifələri və bu ixtisasla bütövlükdə vidalaşmaq gözlənilir. Eyni zamanda mühasibatlıq sahəsində çalışanlar, xüsusən də mühasib köməkçiləri üçün bənzər təhlükə mövcuddur. Məlumatların sistemlərə daxil edilməsi ilə bağlı rutin texniki vəzifələrin sıradan çıxacağı proqnozlaşdırılır”.

“Böyük sürprizlər bizi gözləyir”

İlqar Orucov vurğulayıb ki, inkişaf etmiş ölkələrin təcrübəsi artıq xeyli sayda işin məhz rəqəmsal alətlər vasitəsilə icra olunduğunu təsdiqləyir. "Bu mənada gələcəkdə hələ daha böyük sürprizlər olacaq və biz bunları yaxın zamanda müşahidə edəcəyik",-deyə ekspert fikrini tamamlayıb.

Təhsil eksperti Elvin Bədirov isə qeyd edir ki, bu gün əmək bazarında baş verən dəyişikliklərin əsas səbəbi texnologiyanın, xüsusilə Süni intellekt və Avtomatlaşdırma sistemlərinin sürətli inkişafıdır.

Artıq bir çox sahədə insan əməyinin yerini maşınlar almağa başlayır və bu proses getdikcə daha da sürətlənir. Bu amillərin nəticəsində də əmək bazarının ümumi  strukturu dəyişməkdədir, bəzi peşələr demək olar ki,  aktuallığını itirir, əvəzində yeniləri yaranır və ya  daha dəyərli peşələrə çevrilir:

“Xüsusilə də, təkrarlanan işlər bu dəyişikliklərdən ən çox təsirlənən sahələrdir. Belə ki, kassirlər, sadə bank işçiləri, çağrı mərkəzi operatorları kimi peşələr artıq əvvəlki qədər əhəmiyyətli görünmür, güman ki yaxın illərdə bu sahənin işçilərinin sayı xeyli azalacaq. Hətta yaxın gələcəkdə sürücülük  də texnologiyanın inkişafı ilə ciddi transformasiyaya uğrayacaq. Bu peşələr tamamilə yox olmasa da, insan faktoruna olan ehtiyac minimuma enəcək və daha çox texnoloji həllərlə əvəz olunacaq”.

Ekspert bildirir ki, bunun əksinə olaraq, texnologiya ilə bağlı ixtisaslar getdikcə daha çox ön plana çıxır. Süni intellekt mütəxəssisləri, proqramçılar, data analitiklər , kibertəhlükəsizlik sahələri gələcəyin ən çox tələb olunan peşələri sırasında olacaq. Bununla yanaşı, insan amilinin əvəzolunmaz olduğu sahələr də öz əhəmiyyətini qoruyacaq. Müəllimlik, psixologiya, sosial sahələr və kreativ istiqamətlər texnologiya ilə rəqabət aparmır, əksinə onu tamamlayır:

“Texnologiyadan düzgün istifadə etməyi bacaran və onunla dostlaşa bilən peşə sahibləri daha dəyərli olacaq.  Çünki, empatiya, yaradıcılıq və insanlarla effektiv ünsiyyət kimi bacarıqlar hələ uzun müddət, bəlkə də heç bir zaman texnologiya tərəfindən tam şəkildə əvəz edilə bilməyəcək”.

Onun sözlərinə görə, bu reallıq fonunda gənclərin ixtisas seçimi yanaşması da dəyişməlidir. Artıq “bir diplom al və ömür boyu eyni sahədə çalış” modeli aktuallığını itirib. Müasir dövrdə əsas üstünlük çevikliyə, davamlı öyrənməyə və müxtəlif bacarıqlara sahib olmaqdır. Əsas vacib olan məqam nəyi bacarır sualının cavabıdır.  Texnologiyadan istifadə bacarığı isə artıq əlavə üstünlük deyil, zəruri tələbdir:

“Diplomun rolu tamamilə aradan qalxmır, lakin onun çəkisi dəyişir. İşəgötürənlər üçün əsas meyar yalnız diplom deyil, insanın real bacarıqları, praktik təcrübəsi və problemləri həll etmə qabiliyyətidir. Yəni müasir dünyada “nə bilirsən”dən daha çox “nə bacarırsan” ön plana çıxır. Diplom isə artıq məqsəd ola bilməz, bu sadəcə gələcək həyata və fərdin kariyera imkanlarına bir qapı rolunu oynamaqdadır. 

Bir reallığı mütləq qəbul etmək lazımdır ki,  gələcəyin əmək bazarında uğur qazanmaq üçün ən vacib keyfiyyət dəyişikliklərə uyğunlaşmaqdır. Özünü daim inkişaf etdirən, yeniliklərə açıq olan və texnologiyanı düzgün istifadə edən insanlar gələcəyin uğurlu insanları, peşə sahibləri olacaq. Müasir dövrün əsas tələbləri analitik düşüncə, problem həlletmə, ünsiyyət qurma, uyğunlaşma kimi keyfiyyətlərdir. Bu səbəbdən də həm ölkəmizin ümumtəhsil məktəbləri, həm də ali təhsil müəssisələri nəzəri yox, praktiki keyfiyyətləri daha ön planda saxlayan təhsil modelini tətbiq etməlidir”.

Çimnaz Telmanqızı