Yüksək vəzifələrə təyinatlar OLUB — FOTOLAR
24 Aprel 2026, 13:52
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
59
24.04.2026, 11:49
Azərbaycan Ordusunun ehtiyatda olan general-mayoru Qabil Məmmədov özünün sosial şəbəkə hesabında hərbi ekspert Ədalət Verdiyevlə bağlı bir çox məqamlara aydınlıq gətirib.
Oxu24.com generalın yazısını təqdim edir:
Sözün açığı, bir müddətdir ki, mən çoxdan tanıdığım bu adamın son illər ərzində nümayiş etdirdiyi davranış və mədəniyyət etikasını anlaya bilmədiyimdən məcburi şəkildə bu yazını yazmalı oldum. Söhbət istefada olan kapitan və “hərbi-ekspert” (dırnaq işarəsi generala aiddir – red.) Ədalət Verdiyevdən gedir. Əlbəttə, mən istəməzdim bu yazını yazam, amma bəzən insanlar həqiqətdən uzaqlaşıb yollarını azanda onlara istiqamət vermək və layiq olduqları yer göstərmək lazımdır.
Ədaləti 1998-ci ildən tanıyıram. O zamanlar mən korpusun qərargah rəisi, o isə Müdafiə Nazirliyi nəzdində yeni yaranmış Müfəttişlikdə müfəttiş vəzifəsində idi. Müfəttişlik polkovnik M.Həmidovun rəhbərliyi altında dövrü olaraq hissə və birləşmələrdə yoxlamalar aparardı. Mən də korpusun vəzifəli şəxsi kimi müfəttişliklə bərabər yoxlamalarda iştirak edər, aşkarlanan nöqsanlarla yerlərdəcə tanış olub onların aradan qaldırılması ilə bağlı ölçülər götürərdim. Və əlbəttə ki, müfəttişlikdə təmsil olunan 20-yə yaxın zabitin hamısı ilə tanış idim. O cümlədən də Ədalətlə. Mənim onunla heç bir zaman hansısa özəl münasibətim olmayıb. O, mənim üçün adi bir kapitan, müfəttiş idi. Səhv etmirəmsə, 2002-ci ilin sonlarında müdafiə naziri Səfər Əbiyevin əmri ilə Müfəttişliyin əksər zabit heyəti tutduqları vəzifələrdən azad olunaraq ön xətt hərbi hissə və birləşmələrində aşağı vəzifələrə təyin edildilər. Buna əsas səbəb müdafiə nazirinə müfəttişlərin rüşvət tələbləri ilə bağlı daxil olan şikayət və məlumatlar olmuşdu. Kapitan Ə.Verdiyev də tabeçiliyimdə olan ön xətt taborlarının birində tabor komandirinin müavini vəzifəsinə təyin olunmuşdu. Mən artıq korpus komandiri idim, Ədalətə qarşı münasibətim müsbət idi və o mənə təqdim olunduğu zaman söhbətləşdim, başa salmağa çalışdım ki, həyatda hər şey ola bilir və hər şey keçib gedir.
Əlbəttə, müfəttişlikdən və Bakıdan sonra gəlib ön xətt taborunda, səngərdə xidmət etmək çox çətin olur. Ədalət dəfələrlə məni görəndə yaxınlaşıb müraciət edirdi ki, xidmət etmək istəmir, alınmır, bundan sonra xidmətdə perspektiv görmür, ailədə problemi var və sairə. O, yaşadığı sıxıntılarını dilə gətirərək tərxis olmaq arzusunu bildirirdi. Mən onu bir insan kimi anlamağa çalışır və müəyyən simpatiyam olduğundan sakitləşdirici söhbətlər aparıb dözümlü olmağı məsləhət görürdüm. O zamanlar zabitlərə öz arzusu ilə xidmətdən tərxis ola bilmək mümkünsüz idi. Bu xahişlər bir neçə ay belə davam etdi. Bunu məndən o zamankı hərbi hissə komandiri də dəfələrlə xahiş etdi ki, Ədalətə kömək edim. Nəhayət, günlərin birində növbəti müraciəti zamanı mən ona başa saldım ki, ordudan ancaq “xidməti uyğunsuzluqla” tərxis olmaq mümkündür (bunu zatən bilənlər bilirlər). O mənə razılığını bildirdi və mən o vaxt korpusun kadr rəisi olmuş polkovnik-leytenant Eyvaz Qurbanovu çağırıb tapşırıq verdim ki, Verdiyevin sənədlərini hazırlasın. Necə deyərlər, Eyvaz Qurbanov sağdır və bu olmuş söhbətə də canlı şahiddir. Müəyyən müddət keçdikdən sonra Ə.Verdiyevin əmri gəldi və o, tərxis olunub getdi.
Onu da qeyd edim ki, biz Bakıda onunla bir məhəllədə yaşadığımızdan arabir rastlaşanda salamlaşıb kef-əhval da tuturduq. Və o mənə heç vaxt hansısa bir narazılığını ifadə etməmişdi. Zatən bu adamın öz istəyi və xahişi əsasında mən ona köməklik etmişdim.
10 ildən yuxarı müddət keçəndən sonra Ədalət Verdiyev haradasa işə düzəlib, “hərbi ekspert” kimi fəaliyyət göstərmək arzusuna düşdüyündən onun üçün təmiz bir zabit reputasiyası vacib məsələyə çevrildi və bu adam orada-burada başladı Səfər Əbiyev və mənim haqqımda ağzına gələni yazıb pozmağa (çünki ictimayyət qarşısında kapitan rütbəsində xidməti uyğunsuzluqla tərxis olunmağına bir don geydirmək lazım idi). Yazılarından görünən o idi ki, guya mən Səfər Əbiyevlə əlbir olaraq çox mühüm strateji bir post tutmuş kapitanı planlı şəkildə məhv etmişəm. Və guya səbəb də bu adamın korpusda qulluq etdiyi dövrdə aparılan ordu quruculuğu işlərinə qarşı narazılıq ifadə etməsi olub.
Tam absurd. Çünki o zamanlar mənimlə xidmət edənlər bilirlər ki, xidmət etməyə “naz” edən bu tip zabiti ən azından “döyüş şəraitində xidməti səhlənkarlıq (342.2)” maddəsi ilə tərbiyələndirə bilərdim və heç vaxt onun tərxis olunmasına təqdimat yazmazdım.
Sözün açığı, ilk dəfə onun mənə qarşı bu hərəkətlərindən şok oldum, yəni heç vaxt ağlıma belə gətirməzdim. Onun bu tip addımına təkcə mən yox, bütün onu tanıyanlar şok olmuşdular. Qeyd edim ki, sosial şəbəkələrdə bu hal bir neçə dəfə təkrarlandı. Mən ona məhəl qoymadım, çünki belə çirkin söhbət və hərəkətlərə baş qoşmağı özümə səviyyə bilmədim. Onun bu tip yazılarının sifariş olduğunu başa düşdüm. Bu gün sifarişlər yerinə yetirənlər “n” qədərdir. Və nəhayət iş o yerə çatdı ki, çox hörmətli qardaşımız Aqil Alışovun Feysbuk səhifəsində mənim adımı çəkmədən (çünki bilir ki, onu məhkəmədə cəzalandıra bilərəm) mənə qarşı təhqir və böhtan məzmunlu şərh yazdı. Şərhdə qəsdən elə həssas mövzulara toxunub ki, məni tanımayan və bilməyən insanlarda mənə qarşı nifrət yaratsın, işgüzar imicimə xələl gətirsin. Düzdür, mən kimlərəsə hesabat verməyə borclu deyiləm, amma onun yazdıqları böhtanlara aydınlıq gətirməyi, kim olduğunu cəmiyyət içində açıqlamağı üstün tutdum. Və öncədən belə insanlara demək istəyirəm ki, sübut edə bilməyəcəyin şeyləri danışmaq istər qanuni, istərsə də qeyri-qanuni aləmdə məsuliyyətdir. O şey ki, sübuta yetirilməyəcək – böhtandır.
Ə.Verdiyev kommentdə yazır:
1. Qulluq etdiyim zaman “yerlibazlıq” etmişəm.
Cavabım: Tam absurd, tam böhtan. Yetişdirdiyim kadrların coğrafiyasına nəzər salsanız o zaman hər şey bəlli olar. Necə deyərlər, elin gözü tərəzidir.
2. Peşəkar və usta dərəcəli zabitlərin rütbələrini ləngitmişəm.
Həmçinin oxuyun
Cavabım: Tam absurd, tam böhtan.
1) “Usta” dərəcəsini müdafiə naziri öz əmri ilə verir və mənim vaxtımda bizim sıralarda “usta” dərəcəsi heç kimdə olmayıb.
2) Rütbə, bölük komandirləri və yuxarı vəzifələrə təyinat məsələlərinə o zaman qərargah rəisi vəzifəsini icra edən general A.Həsənovun sədrlik etdiyi “Attestasiya komissiyası”nda baxılıb qərar qəbul ediləndən sonra sənədlər imza üçün kadr rəisi tərəfindən mənə təqdim olunurdu. Və mümkün deyildi ki, kimsə rütbə və yaxud vəzifəyə görə kiməsə pul vermiş olsun.
3) Əsgər maaşı ilə kazarma tikmək.
Cavabım: Ön xətdə qulluq edən əsgərlərin sağlamlığını təmin etmək üçün həqiqətən də tərəfimdən göstəriş verilmişdi ki, vərəm xəstəliyinə qarşı ölçü qismində bölmələr üçün mini kazarmalar yerin altında yox, üstündə tikilsin. O zamanlar Prezidentin sərəncamı ilə yaradılmış Müdafiə Şurası adlı qurum var idi və hər hərbi hissəyə təhkim olunmuş rayon icra hakimiyyətləri lazım olan inşaat materialları ilə (sement, daş, taxta) təmin edirdilər. Bunu mənim müavinlərim (general A.Həsənov, polkovniklər - N.Babayev, N.Əhmədov) və korpusun idarə heyətinin digər zabitləri də təsdiq edə bilərlər.
4. Müharibə vaxtı akademiyada oxuyanlar.
Cavabım: Bu yanaşmada da məntiq yoxdur. Bəli, mən 1992-1995-ci illər ərzində Moskvada Hərbi Akademiyada RF hesabına əyani təhsil almışam. Akademiyada oxumaq və vətənə dönmədən rus ordusu sıralarında qalıb xidmət keçmək fərqli anlayışlardır. Akademiyanı da bitirən kimi fərari qismində Azərbaycana gəlib xidmətə başlamışam. General M.Beydullayev RF-da mənə qarşı açılmış cinayət işinə görə canlı şahiddir.
5. “Narkoman kombriq” təklifi ilə təcrübəli zabitləri müxtəlif bəhanələrlə ordudan uzaqlaşdırmaq.
Cavabım: Tam absurd, tam böhtan. Qoyulmuş sualın özü insanın düşüncə qabiliyyətindən xəbər verir. Bu sualın mənasını kimlərsə dərk edərsə, o zaman qoy mənə də mənasını başa salsınlar. Və görəsən kimdir tərəfimdən “narkoman kombriq təklifi” ilə ordudan uzaqlaşdırılmış təcrübəli zabitlər?!
Ədalət, söz və sübut anlayışları arasında fərq böyükdür. Siz artıq bunu dərk etməli idiniz. Sübuta yetirilməyən isə böhtan sayılır. Hər bir insan sözünə və əməlinə görə cavab verməlidir.
Sizin bu komment dostlarım tərəfindən “skrin” olunub və mənə göndərilib. Təzəlikcə azadlığa çıxmısınız, istəmirəm sizi bu böhtanlarınıza görə məhkəməyə (Mülkü Məcəllə, maddə 23 və CM-in 147-ci maddəsi) verim, çünki bu mənim öz etik normalarıma uyğun olmadığından bunu özümə ar bilərəm. Və yekunda sizə olan məsləhətim odur ki, başınızı aşağı salıb öz şəxsi və ailə işlərinizlə məşğul olasınız. Amma xəbərdarlıq edirəm, bu hal axırıncı dəfə olsun, əks təqdirdə ən azından bu kommentə görə qanun çərçivəsində ölçü götürməli olacağam.
Qeyd edək ki, general-mayor Qabil Məmmədovun aprelin 18-də Feysbuk sosial şəbəkə hesabında Ərazi Müdafiə Qüvvələri (ƏMQ) haqqında dərc etdiyi geniş yazıya Ədalət Verdiyev ittihamedici münasibət bildirmişdi.
13:52 / 24 Aprel 2026
1
13:38 / 24 Aprel 2026
19
13:35 / 24 Aprel 2026
22
13:29 / 24 Aprel 2026
29
13:21 / 24 Aprel 2026
26
13:19 / 24 Aprel 2026
26
13:16 / 24 Aprel 2026
119
13:09 / 24 Aprel 2026
319
13:05 / 24 Aprel 2026
529
12:56 / 24 Aprel 2026
41
12:50 / 24 Aprel 2026
72
12:49 / 24 Aprel 2026
33
12:46 / 24 Aprel 2026
36
12:44 / 24 Aprel 2026
29
12:28 / 24 Aprel 2026
76
12:24 / 24 Aprel 2026
94
12:17 / 24 Aprel 2026
1627
12:09 / 24 Aprel 2026
500
12:01 / 24 Aprel 2026
80
11:58 / 24 Aprel 2026
211
11:44 / 24 Aprel 2026
74
11:35 / 24 Aprel 2026
118
11:21 / 24 Aprel 2026
58
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.