Qaynar xətt:

(+99450) 247 90 86

Qollardakı ağrını yorğunluq sanmayın – Nevroloqdan ciddi xəbərdarlıq  

Qollardakı ağrını yorğunluq sanmayın – Nevroloqdan ciddi xəbərdarlıq  

TİBB

13

01.08.2026, 17:30

Son zamanlar qollarda yaranan ağrılar, hərəkət zamanı güclənən narahatlıq və başda ağırlıq hissi ilə bağlı şikayət edənlərin sayı artmaqdadır. Bir çox insan bu əlamətləri yorğunluq, yaş artımı və ya havanın dəyişməsi ilə əlaqələndirsə də, mütəxəssislər bildirirlər ki, bu cür şikayətlər sinir sistemi və onurğa sütununda baş verən problemlərin ilk xəbərçisi ola bilər. Vaxtında diaqnoz qoyulmadıqda isə xəstəlik daha da ağırlaşaraq gündəlik həyat keyfiyyətini ciddi şəkildə aşağı sala bilər.

Həkim-nevroloq Yeganə Rəşidova Oxu24.com-a açıqlamasında bildirib ki, qollarında davamlı ağrı hiss edən, xüsusilə də qollarını yuxarı və ya önə qaldırarkən dözülməz ağrı yaşayan şəxslər bu vəziyyəti uzun müddət diqqətdən kənarda saxlamamalıdırlar.

Onun sözlərinə görə, belə halların səbəbini müəyyən etmək üçün təkcə xəstənin dedikləri kifayət etmir. Dəqiq diaqnozun qoyulması üçün xəstənin şikayətləri və keçirdiyi xəstəliklər barədə məlumatların toplanması, ətraflı nevroloji müayinə və zərurət yarandıqda radioloji müayinələrin aparılması vacibdir. Məhz bu mərhələlərin birlikdə qiymətləndirilməsi həkimə düzgün diaqnoz qoymağa və uyğun müalicə planı seçməyə imkan verir.

Yeganə Rəşidova qeyd edib ki, qollarda yaranan ağrılar müxtəlif səbəblərlə əlaqəli ola bilər. Boyun fəqərələrində degenerativ dəyişikliklər, sinir kökcüklərinin sıxılması, əzələ spazmları, çiyin qurşağının patologiyaları və bəzi nevroloji xəstəliklər bu şikayətlərin əsas səbəbləri sırasında yer alır. Ağrı hərəkət zamanı güclənirsə və gündəlik fəaliyyətə mane olursa, bu, mütləq araşdırılmalıdır.

Nevroloqun sözlərinə görə, pasiyentlərin tez-tez dilə gətirdiyi digər şikayətlərdən biri də başda ağırlıq hissidir. Bir çox insan bunu “sanki başım ağırlaşıb”, “başımı saxlamaq çətinləşir” və ya “başımda sıxılma hiss edirəm” kimi ifadə edir.

Mütəxəssis bildirib ki, bu əlamətlər əksər hallarda boyun əzələlərinin gərginliyi və boyun fəqərələrində yaranan problemlərlə əlaqədar olur. Uzun müddət kompüter qarşısında işləmək, düzgün olmayan oturuş vəziyyəti, stress və əzələ spazmları boyun nahiyəsində gərginlik yaradır və nəticədə başda ağırlıq, gicəllənmə və müxtəlif xarakterli ağrılar meydana çıxa bilir.

Yeganə Rəşidova diqqətə çatdırıb ki, bəzi pasiyentlər isti duş qəbul etdikdən və ya boyun nahiyəsini isitdikdən sonra ağrılarının və ağırlıq hissinin azaldığını bildirirlər. Bu isə çox zaman əzələ spazmı və boyun nahiyəsində olan gərginliyin müvəqqəti olaraq azalması ilə əlaqədardır. Lakin simptomların müvəqqəti yüngülləşməsi problemin tam aradan qalxması demək deyil.

Həkim vurğulayıb ki, ağrıkəsicilərdən və ya müxtəlif məlhəmlərdən özbaşına istifadə etmək düzgün yanaşma hesab olunmur. Çünki ağrının səbəbi müəyyən edilmədən aparılan müalicə yalnız əlamətləri gizlədə bilər, əsas xəstəlik isə inkişaf etməyə davam edər.

Nevroloq bildirib ki, qollarda davamlı ağrı, başda ağırlıq hissi, boyun ağrıları, əl və barmaqlarda keyimə, əzələ zəifliyi və ya hərəkət məhdudiyyəti yaranarsa, mütləq nevroloqa müraciət edilməlidir. Həkim müayinəsindən sonra ehtiyac yaranarsa, rentgen, maqnit-rezonans tomoqrafiyası (MRT), kompüter tomoqrafiyası (KT) və digər müasir diaqnostik üsullar vasitəsilə problemin dəqiq səbəbi müəyyən edilə bilər.

Yeganə Rəşidovanın sözlərinə görə, düzgün diaqnoz uğurlu müalicənin əsas şərtidir. Vaxtında aşkar olunan boyun və sinir sistemi xəstəlikləri konservativ müalicə, fizioterapiya, müalicəvi idman və həyat tərzinin dəyişdirilməsi ilə əksər hallarda nəzarət altına alına bilir.

Mütəxəssis sonda vətəndaşlara müraciət edərək bildirib ki, qollarda uzun müddət davam edən ağrıları və başda ağırlıq hissini adi yorğunluq kimi qiymətləndirmək olmaz. Erkən müraciət və düzgün diaqnoz gələcəkdə daha ciddi nevroloji problemlərin qarşısının alınmasında mühüm rol oynayır. Buna görə də bu cür şikayətlər yarandıqda vaxt itirmədən həkim müayinəsindən keçmək tövsiyə olunur.