Qaynar xətt:

(+99450) 247 90 86

Palçıqda oynamaq uşağın immun sistemini gücləndirir: Elm nə deyir?  

Palçıqda oynamaq uşağın immun sistemini gücləndirir: Elm nə deyir?  

TİBB

74

26.10.2026, 15:41

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Uşaqların palçıqda oynaması çoxları üçün təmizlik pozuntusu, valideynlər üçün isə əlavə yuyuntu və narahatlıq deməkdir. Lakin müasir tədqiqatlar göstərir ki, uşaqlığın bu sadə və təbii əyləncəsi sağlam böyümənin vacib şərtlərindən biri ola bilər. 

Oxu24.com-un məlumatına görə, palçıqda və torpaqda oynamaq uşağın immun sistemini məşq etdirir, mikrobiomunu zənginləşdirir və hətta psixoloji rahatlığa da təsir göstərə bilər.

Məlumata görə, müasir elm uşaqların palçıqda oynamasını onların immun sisteminin əsl əsgər kimi məşq etməsinə bənzədir. Məsələ ondadır ki, həddindən artıq təmiz, steril mühitdə böyüyən uşaqların immun sistemi sanki “işsiz” qalır. Mübarizə aparacağı real təhlükə ilə qarşılaşmayan immun hüceyrələr zamanla yanlış istiqamətdə fəaliyyət göstərməyə başlayır.

Nəticədə orqanizm adi, zərərsiz toz hissəciklərinə belə düşmən kimi hücum edir. Bu isə bitməyən allergiyalara və astma kimi xəstəliklərə zəmin yarada bilər.

Mütəxəssislərin qeyd etdiyinə görə, palçıq və torpaqla təmas bədənə həqiqi təhlükə ilə zərərsiz maddəni bir-birindən ayırmağı öyrədir. Uşaq orqanizmi müxtəlif mikroorqanizmlərlə qarşılaşdıqca immun sistemi daha dəqiq və balanslı işləməyi öyrənir. Elmi ədəbiyyatda bu yanaşma “hiqiyena hipotezi” adı ilə də tanınır. Həmin hipotezə görə, uşaqlıqda mikroblarla təmasın həddindən artıq məhdudlaşdırılması sonradan allergik və autoimmun xəstəliklərin artmasına təsir göstərə bilər.

Bildirilir ki, insan orqanizminin sağlamlığı birbaşa dəri və bağırsaqlardakı bakteriya müxtəlifliyindən, yəni mikrobiomdan asılıdır. Faydalı bakteriyalar həm həzm prosesinə, həm də immun müdafiəsinin formalaşmasına köməklik göstərir. Torpaqla təmas isə uşağın mikrobiomunu zənginləşdirir və bu müxtəlifliyin artmasına şərait yaradır. Məhz buna görə kənd mühitində, təbiətlə daha yaxın təmasda böyüyən uşaqlarda allergiya hallarının nisbətən az rast gəlindiyi barədə müşahidələr var.

Məsələ yalnız immunitetlə məhdudlaşmır. Təmiz təbii torpaqda yaşayan bəzi faydalı bakteriyaların beyinə təsir edərək serotonin, yəni “xoşbəxtlik hormonu” adlanan maddənin ifrazını artıra biləcəyi barədə ilkin tədqiqatlar mövcuddur. Bu baxımdan palçıqda oynamaq həm də stresi azaldan təbii vasitə hesab oluna bilər. Bu tədqiqatlar hələ yekun sübut səviyyəsində deyil, lakin istiqamət maraqlı nəticələr vəd edir. Təsadüfi deyil ki, bağda və ya torpaqla işləmək çox vaxt insanı sakitləşdirir, gərginliyi azaldır və əhval-ruhiyyəni yaxşılaşdırır.

Eyni zamanda xüsusi vurğulanır ki, söhbət şəhərin kimyəvi maddələrlə, tullantılarla və nəqliyyat tüstüsü ilə çirklənmiş küçələrindən yox, kənddəki, bağ-bağçadakı təmiz torpaqdan gedir. Zibil, heyvan nəcisi, kimyəvi gübrə və ya pestisid qalıqları olan yerlərdə oynamaq uşaq sağlamlığı üçün risk yarada bilər. Odur ki, valideynlər uşağın oynadığı məkanın təmizliyinə diqqət yetirməli, oyundan sonra isə əlləri sabunla yumağı unutmamalıdırlar. Açıq yaraları olan uşaqların torpaqla təmasına da ehtiyatla yanaşmaq lazımdır.

Beləliklə, növbəti dəfə uşağınızın paltarının palçıq içində olduğunu görəndə narahat olmayın: o, sadəcə oynamır, eyni zamanda immun sistemini məşq etdirir.

Jalə