Qaynar xətt:

(+99450) 247 90 86

Çiyin ağrısından yata bilmirsiniz? Səbəbi bu ola bilər — Həkim xəbərdarlıq edir  

Çiyin ağrısından yata bilmirsiniz? Səbəbi bu ola bilər — Həkim xəbərdarlıq edir  

TİBB

68

17.07.2026, 12:36

Gündəlik həyatda bir çox insan çiyin nahiyəsində yaranan və hərəkət məhdudiyyəti yaradan kəskin ağrılardan əziyyət çəkir. Bəzən bu ağrılar o dərəcədə şiddətlənir ki, insanı gecə yuxusundan oyadır və həyat keyfiyyətinə ciddi şəkildə mənfi təsir göstərir. Bir çox hallarda vətəndaşlar bu cür narahatlıqları sadə bir əzilmə və ya soyuqdəymə hesab edərək həkimə müraciət etməyi gecikdirirlər. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, çiyindəki dözülməz ağrıların arxasında ciddi cərrahi müdaxilə tələb edə biləcək travmatoloji problemlər dayana bilər. Vaxtında düzgün diaqnoz qoyulub müalicəyə başlanmadıqda, qolun hərəkət funksiyasının tamamilə itirilməsi kimi ağır fəsadlar qaçılmaz olur.

Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən uzman həkim, travmatoloq-ortoped Şamil Səfərəliyev çiyin ağrılarının ən geniş yayılmış səbəblərindən biri olan rotator manşet yırtığı barədə ətraflı məlumat verib.

Rotator manşet nədir və niyə yırtılır?

Həkimin sözlərinə görə, çiyin oynağımızı yerində saxlayan və qolumuzu qaldırmağımızı təmin edən, bazu sümüyünün başına yapışan dörd vacib əzələ var:

“Bunları qolumuzu hərəkət etdirən kəndirlər kimi düşünə bilərsiniz.

Gənc yaşlarda bu kəndirlər adətən kəskin travma və ya ağır yük qaldırma səbəbindən qopur. Ancaq yaş irəlilədikcə vətərlərin qidalanması zəifləyir, sümüklər arasında sıxışma yaranır. Zamanla bu vətərlər aşınaraq yırtılır”.

Hər yırtıq əməliyyat deməkdirmi?

Həkim bildirib ki, bu problemlə qarşılaşan xəstələrin dərhal cərrahiyyə barədə düşünərək təşvişə düşməsinə ehtiyac yoxdur:

"Narahat olmayın, hər yırtıq mütləq əməliyyat demək deyil. Başlanğıc mərhələdəki yırtıqları dərmanlar, iynələr və ya fizioterapiya vasitəsilə sağalda bilirik.

Lakin yırtıq böyüdükdə və qolunuz tam gücünü itirdikdə, ən müasir qapalı üsulla — artroskopik metodla müalicəyə ehtiyac yaranır. Bu zaman böyük kəsiklər etmədən, kamera ilə içəri girərək vətərləri yenidən öz yapışma yerlərinə tikirik”.

Uzman həkim çiyin ağrısı olan şəxslərə çağırış edərək gecikməməyi tövsiyə edib:

"Keçməyən çiyin ağrılarına dözməyin. Çünki gecikdirilmiş yırtıqların müalicəsi hər zaman daha çətin olur. Sağlam olun, hərəkətdə qalın!”

Çimnaz Telmanqızı