Qaynar xətt:

(+99450) 247 90 86

Endokrinoloq: "Yatmazdan əvvəl lazımsız qidalardan uzaq durmaq sağlamlıq üçün faydalıdır"  

Endokrinoloq: \"Yatmazdan əvvəl lazımsız qidalardan uzaq durmaq sağlamlıq üçün faydalıdır\"  

TİBB

51

16.07.2026, 20:39

Yatmazdan əvvəl qidalanmaq vərdişi bir çox insanda geniş yayılıb. Bəziləri gecə saatlarında şirniyyat, meyvə, çərəz və ya digər qəlyanaltılar qəbul etməyi adi hal hesab etsə də, mütəxəssislər bu vərdişin həm yuxunun keyfiyyətinə, həm də maddələr mübadiləsinə mənfi təsir göstərə biləcəyini bildirirlər.

Endokrinoloq Ayşən Eldar Oxu24.com-a açıqlamasında bildirib ki, son yeməklə yuxu arasında bir neçə saatlıq fasilə saxlamaq orqanizmin daha sağlam fəaliyyət göstərməsinə kömək edə bilər.

Həkimin sözlərinə görə, gecə yatmazdan əvvəl ağır yeməklər qəbul edilmədikdə ilk növbədə yuxunun keyfiyyəti yüksəlir. O qeyd edib ki, gec saatlarda yağlı və ağır qidaların qəbulu həzm sisteminin fəaliyyətini artırır, mədə turşusunun qida borusuna qayıtmasına, yəni reflüksə səbəb ola bilir. Nəticədə insan gecə tez-tez oyanır, səhər isə özünü yorğun və halsız hiss edir.

Ayşən Eldar vurğulayıb ki, gecə qidalanmamaq qan şəkərinin daha sabit qalmasına da kömək edir. Xüsusilə şəkər və yüksək kalorili qidaların gec saatlarda qəbul edilməsi qlükoza səviyyəsində kəskin dəyişikliklər yarada bilər. Bu isə həm maddələr mübadiləsinə, həm də hormonal tarazlığa mənfi təsir göstərir.

Mütəxəssis bildirib ki, insanların gün ərzində qəbul etdikləri artıq kalorilərin əhəmiyyətli hissəsi məhz axşam və gecə saatlarının payına düşür. Televiziya izləyərkən, telefon və ya kompüter qarşısında olarkən fərqinə varmadan qəbul edilən əlavə qidalar zamanla çəki artımına, piylənməyə və gələcəkdə şəkərli diabet riskinin yüksəlməsinə səbəb ola bilər.

Həkimin sözlərinə görə, yeməklər arasında uzun fasilələrin olması həzm sisteminin də istirahət etməsinə imkan yaradır. Orqanizm qidanı həzm etməklə yanaşı, özünü bərpa proseslərinə də daha çox vaxt ayıra bilir. Bu isə bağırsaqların fəaliyyətinə və ümumi sağlamlığa müsbət təsir göstərir.

Ayşən Eldar qeyd edib ki, son illərdə aparılan bəzi elmi araşdırmalar da gec saatlarda qidalanmanın azaldılmasının müəyyən insanlarda çəki nəzarətini asanlaşdırdığını göstərir. Bununla belə, o vurğulayıb ki, bu, "mütləq ac qalmaq lazımdır" anlamına gəlmir.

"Pasiyentlərimə heç vaxt aclıq hissi ilə əziyyət çəkərək yatmağı tövsiyə etmirəm. Əgər insan güclü aclıq hiss edirsə, bu da orqanizm üçün əlavə stress yarada bilər. Məqsəd ac qalmaq deyil, yatmazdan əvvəl orqanizmə lazım olmayan əlavə kalorilərdən uzaq durmaqdır", – deyə həkim bildirib.

Endokrinoloq xüsusi risk qrupuna daxil olan şəxslərin bu məsələyə daha diqqətlə yanaşmalı olduğunu da xatırladıb. Onun sözlərinə görə, şəkərli diabet xəstələri, hamilə qadınlar, bəzi dərman preparatları qəbul edən şəxslər və müəyyən xroniki xəstəlikləri olan insanlar üçün uzunmüddətli gecə aclığı hər zaman uyğun olmaya bilər. Belə hallarda qidalanma rejimi yalnız həkim məsləhəti əsasında müəyyən edilməlidir.

Ayşən Eldar hesab edir ki, sağlam həyat tərzinin əsas prinsiplərindən biri düzgün vaxtda və balanslı qidalanmaqdır. O bildirib ki, axşam saatlarında yüngül və asan həzm olunan qidalara üstünlük vermək, son yeməklə yuxu arasında kifayət qədər vaxt saxlamaq və gecə lazımsız qəlyanaltılardan uzaq durmaq həm yuxunun keyfiyyətini artırır, həm də maddələr mübadiləsinin normal fəaliyyətinə dəstək verir.

Həkim sonda qeyd edib ki, hər bir insanın orqanizmi fərqlidir və qidalanma ilə bağlı qərarlar fərdi sağlamlıq vəziyyəti nəzərə alınmaqla verilməlidir. Buna görə də gecə qidalanması ilə bağlı davamlı problem yaşayan şəxslərin mütləq mütəxəssisə müraciət etmələri tövsiyə olunur.

       

    Nigar