Qaynar xətt:

(+99450) 247 90 86

Dermatoloq: “Aknə ilə bağlı yanlış bilinən bir çox fikir var”

Dermatoloq: “Aknə ilə bağlı yanlış bilinən bir çox fikir var”

TİBB

84

23.06.2026, 13:47

Aknə (sızanaq) problemi ilə bağlı cəmiyyətdə geniş yayılmış yanlış təsəvvürlər mövcuddur. Bəzi insanlar bu dəri xəstəliyini yalnız yeniyetməlik dövrü ilə əlaqələndirsə də, mütəxəssislər bildirirlər ki, aknə istənilən yaşda ortaya çıxa bilər və müxtəlif səbəblərlə bağlı inkişaf edir.

Bu barədə Oxu24.com-a açıqlama verən dermatoloq Şəfa Əliyeva bildirib ki, aknə ilə bağlı ən çox edilən səhvlərdən biri onun yalnız keçici və sadə problem kimi qəbul edilməsidir.

Həkimin sözlərinə görə, aknənin sıxılması qətiyyən tövsiyə edilmir:“Bir çox insanlar düşünür ki, sızanağı sıxmaq onun tez sağalmasına səbəb olur. Amma əksinə, bu zaman iltihab daha dərin toxumalara yayılır və vəziyyət daha da ağırlaşır. Nəticədə dəri üzərində qalıcı izlər və çapıqlar qala bilər”, – deyə dermatoloq vurğulayıb.

Şəfa Əliyeva əlavə edib ki, dəriyə qulluq zamanı həddindən artıq yuma da düzgün yanaşma deyil:“Üzün tez-tez və aqressiv şəkildə yuyulması dərinin qoruyucu qatını zədələyir. Bu isə əks reaksiya yaradaraq yağ ifrazatının artmasına və aknənin daha da çoxalmasına səbəb ola bilər.”

Mütəxəssis qeyd edib ki, kosmetik məhsulların baha olması onların daha effektli olması demək deyil. Əsas şərt məhsulun dərinin tipinə uyğun seçilməsidir. Yanlış seçilmiş məhsullar dəri problemlərini daha da dərinləşdirə bilər.Makiyaj edən hər insanda aknə yaranması fikri də doğru deyil:“Əsas məsələ düzgün təmizləmə və uyğun kosmetik vasitələrin istifadəsidir. Əgər dəriyə düzgün qulluq edilirsə, makiyaj aknənin yaranmasına səbəb olmur”, – deyə o bildirib.

Şəfa Əliyeva aknə müalicəsində ən vacib məqamlardan birinin vaxtında həkimə müraciət etmək olduğunu vurğulayıb. Onun sözlərinə görə, gecikmiş müalicə nəticəsində dəri üzərində qalıcı çapıqlar və izlər qala bilər.Aknə problemi olan şəxslər özbaşına müalicə ilə məşğul olmamalı, düzgün diaqnoz və fərdi müalicə planı üçün mütləq mütəxəssisə müraciət etməlidirlər.

Jalə