Qaynar xətt:

(+99450) 247 90 86

Əhaliyə şad xəbər: Yüz minlərlə evə çıxarış bu formada veriləcək 

Əhaliyə şad xəbər: Yüz minlərlə evə çıxarış bu formada veriləcək 

CƏMİYYƏT

165

23.06.2026, 15:09

Azərbaycanda sənədsiz evlərlə bağlı amnistiya elan edilməsi təklif olunub.

Milli Məclisin deputatı Kamal Cəfərov bildirib ki, ölkədə 500 mindən çox sənədsiz ev var və problemin həlli üçün xüsusi proqram çərçivəsində amnistiya tətbiq olunmalıdır.

Deputatın sözlərinə görə, sənədsiz evlər bazar dəyərindən 20-30 faiz ucuz satılır və banklar tərəfindən girov kimi qəbul edilmir. Bu da vətəndaşların əmlaklarını iqtisadi dövriyyəyə çıxarmasını məhdudlaşdırır.

Oxu24.com xəbər verir ki,Mövzu ilə bağlı Bakupost.az-a danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, əmlak amnistiyasının vacibliyi ondan irəli gəlir ki, iqtisadi proseslərin aktivləşdirilməsi üçün vətəndaşlara öz əmlaklarının hüquqi sahibi olmaq imkanı yaradılmalıdır. Onun sözlərinə görə, vətəndaşlar əmlakları ilə bağlı sərbəst qərar verə bilməli, onu girov predmeti kimi istifadə etməli və ya alqı-satqı predmetinə çevirə bilməlidirlər:

“Bu baxımdan, hazırda sənədsiz evlərin mülkiyyət hüququ ilə təmin edilməsi və çıxarışla rəsmiləşdirilməsi zəruridir. Bu, həm ölkənin ümumi iqtisadi vəziyyətinə müsbət təsir edəcək, həm də vətəndaşların iqtisadi fəallığını artıracaq”.

V. Oruc qeyd edib ki, müəyyən istisnalar da mövcuddur:

“Qanunsuz və sənədsiz tikililər arasında elələri var ki, kollektor xətlərinin üzərində, strateji obyektlərin yaxınlığında, qanunla qadağan edilmiş ərazilərdə, kommunal xətlərin üstündə, yüksək gərginlikli elektrik xətlərinin altında, meşə zolaqlarında və digər icazə verilməyən ərazilərdə inşa olunub. Eyni zamanda, məhkəmə mübahisəsində olan torpaqlar və qaz-neft kəmərlərinin keçdiyi ərazilər də bu siyahıya daxildir. Belə hallarda həmin tikililərə sənəd verilməsi qanun pozuntusu sayılır. Lakin bu cür ərazilərdə yaşayan vətəndaşlar da nəzərə alınmalıdır. Onlar artıq həmin ərazilərdə yaşayır, kommunal xidmətlərə görə ödəniş edir və bu ödənişlər dövlət büdcəsinə daxil olur. Bu səbəbdən, belə şəxslər üçün alternativ yaşayış yerlərinin təmin edilməsi məqsədəuyğun hesab olunur.

Qanunun icazə verdiyi ərazilərdə yerləşən tikililər isə mütləq sənədləşdirilməlidir. Bu proses mərhələli şəkildə və amnistiya əsasında həyata keçirilməlidir. Əks halda, hər bir vətəndaşın müraciətinin ayrıca araşdırılması prosesi xeyli uzada bilər. Hazırda Azərbaycanda 500 mindən çox sənədsiz ev olduğu bildirilir. İlkin mərhələdə onların 50-100 mininin sənədləşdirilməsi müsbət haldır. Lakin daha effektiv nəticə üçün ümumi amnistiyanın tətbiqi məqsədəuyğundur ki, bütün vətəndaşlar bundan yararlana bilsin”.

V.Oruc xüsusilə qeyd edib ki, on minlərlə fərdi yaşayış evi kənd təsərrüfatı təyinatlı torpaqlarda inşa edilib:

“ Bu torpaqların təyinatının dəyişdirilməsi üçün əsaslar mövcuddur. Çünki həmin evlər böyük yaşayış massivləri şəklində, aidiyyəti qurumların nəzarəti altında tikilib. Bu halda torpaqların təyinatının dəyişdirilməsi ilə vətəndaşlara hüquqi əsas vermək mümkündür.

Mülkiyyət hüququnun əldə olunması vətəndaşlara bankdan kredit götürmək, əmlaklarını sərbəst şəkildə satmaq imkanı yaradır. Bu isə dövlət üçün də faydalıdır: iqtisadi şərait yaxşılaşır, daşınmaz əmlak reyestri formalaşır və ölkədə mövcud əmlakın dəqiq uçotu aparılır”.

Sədrin sözlərinə görə, amnistiya çərçivəsində hansı evlərin bu prosesə daxil ediləcəyi dəqiq müəyyənləşdirilməli, daha sonra müraciətlər əsasında növbəli şəkildə sənədləşmə həyata keçirilməlidir:

“ Bu, texniki baxımdan mürəkkəb proses olsa da, elektron sistemlərin tətbiqi ilə sürətləndirilə bilər. “ASAN xidmət” və digər dövlət qurumlarının cəlb edilməsi bu prosesi daha effektiv edə bilər. Eyni zamanda, yerli icra hakimiyyətlərinə və aidiyyəti qurumlara tapşırıq verilməlidir ki, ərazilərdəki qanunsuz tikililəri müəyyən edərək siyahıya alsınlar və sənədləşmə prosesini təşkil etsinlər. Prosesi sadələşdirmək üçün tələb olunan sənədlərin sayı minimuma endirilməli və əsasən faktiki mövcudluq prinsipi əsas götürülməlidir. Əks halda, sənədlərin toplanması illərlə çəkə bilər”.

V. Oruc əlavə edib ki, amnistiyanın yeni qanunsuz tikililərə stimul verəcəyi ilə bağlı narahatlıqlar da mövcuddur:

“2023-cü ildən etibarən qanunsuz tikililərə kommunal xidmətlərin göstərilməsi dayandırılıb. Bu, kifayət qədər ciddi və preventiv tədbirdir. Bununla yanaşı, monitorinqlər gücləndirilməli və yeni qanunsuz tikililərin qarşısı qəti şəkildə alınmalıdır.

Yerli icra hakimiyyətləri və bələdiyyələr də məsuliyyət daşımalı, qanunsuz tikintilərə göz yummamalıdırlar. Yəni bundan sonra belə halların qarşısı alınmalı, əvvəlki tikililər isə qanun çərçivəsində rəsmiləşdirilməlidir. Nəticə etibarilə, əmlak amnistiyası həm dövlət, həm də vətəndaşlar üçün faydalı addım ola bilər. Bu, iqtisadi aktivliyi artıracaq, vətəndaşların hüquqlarını və ölkədə daşınmaz əmlak sisteminin şəffaflığını təmin edəcək”.