Prezident İlham Əliyev Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinin 30 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.
Bu barədə məlumatı Prezident.az dərc edib.
Reklamınızı SmartBee ilə effektiv edin.
Sərəncamda məqsəd Azərbaycan Milli Olimpiya Komitəsinin təsis olunmasının 30 illiyinin ölkənin ictimai həyatında əhəmiyyətini nəzərə alaraq, habelə Azərbaycan Respublikasında Olimpiya Hərəkatının daha da genişləndirilməsini təmin etməkdir.
Sərəncama əsasən Nazirlər Kabineti Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsi ilə birlikdə Milli Olimpiya Komitəsinin 30 illiyinə dair tədbirlər planı hazırlayıb həyata keçirməlidir.
Qeyd edək ki, 2022-ci ildə Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinin yaradılmasının 30 ili tamam olur.
Milli Olimpiya Komitəsi təsis olunduğu vaxtdan ölkədə idmanın dinamik inkişafı, Olimpiya ideallarının bərqərar olması və təşviqi üçün məqsədyönlü, ardıcıl fəaliyyət göstərmişdir. Ötən müddət ərzində Azərbaycanın idman infrastrukturunun yenilənərək ən müasir standartlara cavab verən səviyyəyə gətirilməsində, idmanın kütləviliyinin artırılmasında və sağlam həyat tərzinin təbliğində Milli Olimpiya Komitəsinin mühüm xidmətləri olmuşdur. İdmançılarımız Olimpiya Oyunlarında ölkəmizi ləyaqətlə təmsil etmiş, yüksək nəticələr qazanmış və Azərbaycan Respublikasının müstəqilliyinin bərpasından sonra Olimpiya Oyunlarında əldə olunan medalların sayını 53-ə çatdıraraq Azərbaycanın idman şöhrətini artırmışlar.
Milli Olimpiya Komitəsinin mötəbər idman yarışlarının təşkili istiqamətində təqdirəlayiq fəaliyyəti sayəsində ölkəmizdə 2015-ci ildə I Avropa Oyunları, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları və 2019-cu ildə Avropa Yeniyetmələrinin Olimpiya Festivalı böyük uğurla keçirilmişdir. Əldə edilmiş nailiyyətlər beynəlxalq miqyasda əks-səda doğurmuş, Azərbaycanı dünyada idman ölkəsi kimi tanıtmışdır.
Oxu24.com
ŞƏRHLƏR