Qaynar xətt:

(+99450) 247 90 86

TRIPP üzrə üçtərəfli qruplar işə başladı: Azərbaycan, ABŞ və Ermənistanı nə gözləyir? — AÇIQLAMA  

TRIPP üzrə üçtərəfli qruplar işə başladı: Azərbaycan, ABŞ və Ermənistanı nə gözləyir? — AÇIQLAMA  

SİYASƏT

58

07.11.2026, 10:55

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Cənubi Qafqazda sülh, sabitlik və nəqliyyat-kommunikasiya xətlərinin bərpası istiqamətində son dərəcə mühüm və geostrateji əhəmiyyətə malik diplomatik dinamika müşahidə olunur. Azərbaycan, ABŞ və Ermənistanın "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" (TRIPP) proqramını həyata keçirmək daxilində üçtərəfli texniki qrupların fəaliyyətə başlaması regionun geosiyasi mənzərəsini köklü şəkildə dəyişir. Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birbaşa birləşdirəcək bu strateji dəhliz regional inteqrasiya, iqtisadi tərəqqi və təhlükəsizlik üçün böyük perspektivlər vəd edir. Amerika Birləşmiş Ştatlarının bu layihədə birbaşa vasitəçi və təminatçı qismində çıxış etməsi isə marşrutun beynəlxalq çəkisini və siyasi zəmanətini dəfələrlə artırır. Yeni kommunikasiya xətlərinin açılması təkcə Azərbaycan və Ermənistan arasında deyil, bütövlükdə Cənubi Qafqazda uzunmüddətli sülhün bərqərar olmasına misilsiz töhfə verə bilər. Genişmiqyaslı iqtisadi dividendlər təklif edən TRIPP layihəsi region dövlətləri üçün tranzit imkanlarını genişləndirərək yeni ticarət habının yaranmasına zəmin yaradır. Şübhəsiz ki, bu cür böyük miqyaslı təşəbbüslər regional güclərin marşrut üzərindəki maraqlarını və geosiyasi rəqabətini də yenidən formalaşdırır. 

Bakı ilə Vaşinqton arasında bu müstəvidə qurulan əməkdaşlıq tərəflər arasındakı ikitərəfli diplomatik əlaqələri daha da möhkəmləndirir. Azərbaycan tərəfi hər zaman olduğu kimi, regionda bütün tərəflərin maraqlarına cavab verən və suverenliyə hörmət edən nəqliyyat dəhlizlərinin reallaşmasında maraqlıdır. Baş verən son geostrateji dəyişikliklər, dəhlizin açılması perspektivləri və Azərbaycanın əldə edəcəyi strateji dividendlər barədə xüsusi olaraq Oxu24.com-a diplomat, politoloq Fikrət Sadıqov danışıb.

Fikrət Sadıqov proqramın strateji mahiyyətini və regional təsirlərini Oxu24.com-a belə dəyərləndirib:

"İlk növbədə qeyd etmək istəyirəm ki, TRIPP marşrutu Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirən yoldur və bu, strateji xarakter daşıyan mühüm bir layihədir. Eyni zamanda, bu təşəbbüs həm Azərbaycanın, həm də Ermənistanın maraqlarına cavab verir. Çünki Ermənistan da bundan faydalana bilər və onlar bunu yaxşı dərk edirlər”.

Diplomat qeyd edib ki, Vaşinqton bu layihənin arxasında duraraq və dəstək göstərərək bizə yardım xarakterli addım atır. Eyni zamanda, bununla Amerika Birləşmiş Ştatlarının Cənubi Qafqazdakı mövqeyi və nüfuzu daha da artacaq:

“Bu addım hansısa digər dövlətlərini qıcıqlandıra da bilər. Lakin siyasətdə hər şey hamar olmur və hansısa layihənin həyata keçirilməsinə hamının eyni dərəcədə sevinməsi mümkün deyil”.

Fikrət Sadıqovun sözlərinə görə, biz ilk növbədə bu marşrutun reallaşmasının tərəfdarıyıq. İkinci vacib məqam ondan ibarətdir ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesi bundan sonra da davam etməlidir və TRIPP marşrutu bu yolda təkanverici bir addımdır.

“Yekun olaraq, Amerikanın bu prosesdə iştirakı həm Azərbaycan üçün maraqlıdır, həm də Azərbaycan-ABŞ münasibətlərinin keyfiyyətcə yeni bir müstəviyə qalxmasının bariz göstəricisinə çevriləcək",- deyə politoloq əlavə edib. 

Çimnaz Telmanqızı