Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycan Mətbuat Şurası bəyanat yaydı

Azərbaycan Mətbuat Şurası bəyanat yaydı

CƏMİYYƏT

51

27.11.2026, 12:07

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan Mətbuat Şurası informasiya məkanında baş verən proseslər zamanı media subyektlərindən və jurnalistlərdən peşəkarlığın nümayiş etdirilməsi tələbi ilə bağlı bəyanat yayıb. 

Oxu24.com xəbər verir ki, bəyanatda son dövrlər bəzi media təqdimatlarında jurnalistikanın missiyasına uyğun olmayan, hadisələrin mahiyyətindən daha çox süni rezonans yaratmağa hesablanmış yanaşmaların müşahidə olunduğu bildirilib.

“Azərbaycan Mətbuat Şurası hesab edir ki, jurnalistika ictimai maraq naminə deyil, auditoriyanın diqqətini cəlb etmək məqsədilə hadisələrdən istifadə vasitəsinə çevrilməməlidir. Xüsusilə, ayrı-ayrı tanınmış şəxslər, o cümlədən vəzifə səlahiyyətləri başa çatmış şəxslərlə bağlı yoxlanılmamış məlumatların, əsassız ittihamların və alçaldıcı ifadələrin yayılması yolverilməzdir. Belə təqdimatlar həm də ictimai müzakirə mədəniyyətinə xələl gətirir.

Uşaqlarla bağlı məlumat və görüntülərin yayılmasında yol verilən qüsurlar narahatlıq doğurur. Onların şəxsi həyatının, kimliyinin və mənafelərinin qorunması medianın mühüm etik öhdəliyidir. Xüsusilə, faciəvi hadisələrdən zərər çəkmiş uşaqların kimliyinin açıqlanması, onların şəxsi məlumatlarının yayılması yolverilməzdir.

Eyni zamanda, vətəndaşların şəxsi və biometrik məlumatlarının yayılması, bədbəxt hadisələr zamanı zərərçəkənlər barədə təsdiqlənməmiş informasiyaların tirajlanması peşə etikası prinsiplərinin pozulmasıdır. Digər ciddi problem isə bəzi media materiallarında təqsirsizlik prezumpsiyasına əməl olunmamasıdır. Məhkəmə hökmü qanuni qüvvəyə minmədən şəxslərin cinayətkar kimi təqdim edilməsi, onların ictimai linç obyektinə çevrilməsinə yönələn çağırışlar hüquqi dövlət prinsipləri ilə uzlaşmır.

Jurnalistikanın nüfuzuna xələl gətirən, vətəndaşların hüquqlarını və qanuni mənafelərini, işgüzar və şəxsi nüfuzlarını zərbə altında qoyan hallara münasibətdə prinsipial mövqe tutacaq.

Azərbaycan Mətbuat Şurası bütün media subyektlərini və jurnalistləri insan hüquqlarına, şəxsi həyatın toxunulmazlığına, təqsirsizlik prezumpsiyasına və “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”nın tələblərinə ciddi əməl etməyə çağırır”, - bəyanatda bildirilib