Qaynar xətt:

(+99450) 247 90 86

“Kəlağayının ruhunu qoruyaraq onu müasir dünyaya tanıtmalıyıq” – Səkinə Bağırova ilə MÜSAHİBƏ

“Kəlağayının ruhunu qoruyaraq onu müasir dünyaya tanıtmalıyıq” – Səkinə Bağırova ilə MÜSAHİBƏ

MÜSAHİBƏ

50

27.11.2026, 11:40

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Kəlağayı Azərbaycan xalqının əsrlər boyu qoruyub saxladığı və nəsillərdən-nəsillərə ötürdüyü ən zərif mədəni irs nümunələrindən biridir. Bu incə ipək parça yalnız baş örtüyü kimi qəbul edilmir. Onun hər naxışında xalqın estetik düşüncəsi, rəng duyumu, qadın zərifliyi və milli yaddaşı öz əksini tapıb. Nənələrimizin çiyinlərində, bayram süfrələrində, toy mərasimlərində və gündəlik həyatın sakit anlarında yaşayan kəlağayı illər keçdikcə ənənənin simvoluna çevrilib. Bu gün isə milli sənət nümunələrinin müasir həyatdakı yeri barədə düşüncələr getdikcə daha çox diqqət çəkir. Ənənəni qorumaq və onu gələcəyə daşımaq üçün yalnız keçmişə qayıtmaq kifayət etmir, həm də onu yeni baxışla, müasir dillə təqdim etmək lazım gəlir. Məhz bu yanaşma Azərbaycan miniatür sənətindən, xalça ornamentlərindən və milli motivlərdən bəhrələnən müəllif işlərinin yaranmasına zəmin yaradır.

Həmsöhbətim Azərbaycan Rəssamlıq Akademiyasının əməkdaşı, Rəssamlar Birliyinin üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktoru, rəssam Səkinə Z. Bağırovadır. O, həm elmi, həm də yaradıcı fəaliyyətində milli sənətin təbliği və yaşadılması məsələsinə xüsusi önəm verir. Rəssam kimi ornamentlərə yalnız bəzək elementi kimi deyil, öz fikri, kompozisiyası və bədii mənası olan sənət dili kimi yanaşır. Müəllifi olduğu «Saki Arties» brendi çərçivəsində isə ənənəvi kəlağayıların bədii xüsusiyyətlərindən, xalça naxışlarından və miniatür sənətindən ilhamlanaraq yüz faiz təbii ipək üzərində əl işləri yaradır.

Səkinə Bağırova ilə söhbətimizdə kəlağayının milli-mədəni dəyəri, ənənəvi formanı və naxış mədəniyyətini qoruyaraq onu müasir moda trendlərinə uyğunlaşdırmağın mümkünlüyü, eləcə də bu sənətin gənc nəsil arasında geniş tanıdılması və beynəlxalq arenada təbliği üçün atılmalı addımlar barədə fikirlərini oxuculara təqdim edirik.

Kəlağayı Azərbaycan xalqının milli-mədəni irsinin, qadın zərifliyinin və estetik dəyərlərinin mühüm simvollarından biridir. Siz Azərbaycan moda brendinin dizayneri kimi milli elementlərin müasir geyim kolleksiyalarında istifadəsinə necə yanaşırsınız?

- Mənə görə milli sənət nümunələri yalnız keçmişimizi xatırladan dəyərlər deyil, həm də bu günümüzdə yaşatmalı olduğumuz yaradıcı irsdir. Azərbaycan xalqının əsrlər boyu formalaşmış zəngin sənət ənənələri, rəng duyumu, ornamentləri və bədii təfəkküründən bəhrələnmək hər zaman yaradıcılığım üçün ilham mənbəyi olub.

Kəlağayı isə bu irsin xüsusi yeri olan nümunələrindəndir. Mən onu sadəcə bir geyim və ya baş örtüyü kimi deyil, qadın zərifliyini, milli yaddaşı, ənənəni və nənələrimizin həyat fəlsəfəsindən yaranan və formalaşan naxış izlərini, milli düşüncəmizdən bəhrələnən özündə birləşdirən sənət əsəri kimi qəbul edirəm. Bu bağlılıq mənim yaradıcılığımda da öz əksini tapır. Saki Arties brendi çərçivəsində ənənəvi Azərbaycan kəlağayılarının bədii xüsusiyyətlərindən, milli xalça naxışlarından, miniatür sənətimizdən və ornamentlərimizdən bəhrələnərək yüz faiz təbii ipək üzərində müəllif əl işləri yaradıram.

Bu işlərin əsas məqsədi milli naxışları sadəcə bir aksesuar üzərində təqdim etmək deyil. İstəyirəm ki, Azərbaycan sənətinin özünəməxsus rəngləri, motivləri və estetikası müasir insanın gündəlik həyatında da yaşasın. Hesab edirəm ki, milli irsə yaradıcı münasibət onun qorunmasının və gələcək nəsillərə ötürülməsinin vacib yollarından biridir.

Kəlağayının ənənəvi formasını və özünəməxsus naxışlarını qorumaqla onu müasir moda trendlərinə uyğunlaşdırmaq nə dərəcədə mümkündür?

- Məncə, bu, tamamilə mümkündür. Əsas məsələ ənənəni müasirliyə uyğunlaşdırarkən onun özünəməxsusluğunu itirməməkdir. Çünki hər bir milli sənət nümunəsinin öz dili, öz xarakteri və onu fərqləndirən xüsusiyyətləri var.Rəssam kimi mən ornamentlərə yalnız naxış kimi yanaşmıram. Onların hər birində müəyyən fikir, kompozisiya və bədii məna görürəm. İstər Azərbaycan miniatür sənətində, istər xalçaçılıqda, istərsə də kəlağayılarımızda bu xüsusiyyətlər aydın şəkildə özünü göstərir.Saki Arties-də yaratdığım ipək əl işlərində də məhz bu yanaşmanı əsas götürürəm. Azərbaycan miniatürlərindən, xalça ornamentlərindən və milli motivlərdən bəhrələnərək onları öz yaradıcılıq düşüncəmlə yeni kompozisiyalarda təqdim edirəm.Hesab edirəm ki, müasir dizayn ənənədən uzaqlaşmaq deyil. Əksinə, ənənənin ruhunu qoruyaraq ona yeni baxış gətirməkdir. Kəlağayının ənənəvi forması və naxış mədəniyyəti qorunmaqla onun müasir geyim və aksesuarlarda istifadəsi üçün geniş imkanlar var. Burada əsas olan milli sənətin mahiyyətinə hörmətlə yanaşmaqdır.

Sizcə, bu milli sənətin gənc nəsil arasında daha geniş tanıdılması və Azərbaycan moda brendi kimi beynəlxalq arenada təbliği üçün hansı addımlar atılmalıdır?

Düşünürəm ki, milli sənətimizi gənc nəslə sevdirmək üçün ilk növbədə onu onların həyatına yaxınlaşdırmalıyıq. Gənclər kəlağayını yalnız tarix dərslərində öyrənməməli, onun gözəlliyini görməli, hazırlanma prosesini tanımalı və bu sənətin bir parçası olmağa maraq göstərməlidirlər.Bunun üçün məktəblərdə, ali təhsil müəssisələrində ustad dərslərinin, sərgilərin, yaradıcılıq layihələrinin və müxtəlif müsabiqələrin təşkili vacibdir. Xüsusilə gənc rəssamların və dizaynerlərin milli sənət ustaları ilə əməkdaşlığı yeni ideyaların yaranmasına şərait yarada bilər.Digər mühüm istiqamət isə Azərbaycan milli sənətinin beynəlxalq səviyyədə tanıdılmasıdır. Məncə, bunun üçün milli ornamentlərimizi və ənənəvi sənət nümunələrimizi müasir dizaynla birləşdirən müəllif işləri beynəlxalq sərgilərdə, moda nümayişlərində və müxtəlif mədəni layihələrdə daha geniş təqdim olunmalıdır.Öz yaradıcılığımda da milli irsimizin bu zənginliyindən bəhrələnməyə çalışıram. Mənim istəyim Azərbaycan miniatürünün, xalça sənətinin və milli ornamentlərimizin gözəlliyini ipək üzərində yaşatmaq, bu estetik dəyərləri daha geniş auditoriyaya çatdırmaqdır.

İnanıram ki, milli sənətimizin beynəlxalq səviyyədə tanınması üçün yalnız onun tarixindən danışmaq kifayət deyil. Biz onu yaratmalı, inkişaf etdirməli və müasir dünyaya öz bədii dilimizlə təqdim etməliyik. Çünki milli kimliyimizi qorumaqla yanaşı, dünyaya özümüzü məhz bu kimliklə tanıtmalıyıq.

Özəl olaraq Oxu24.com üçün söhbətləşdi: Turan Etibaroğlu