London məhkəməsi Azərbaycandan 20 milyon dollar (14 milyon funt sterlinq) pulu qanunsuz yollarla Böyük Britaniyaya aparan ər-arvadın anonimliyinin götürülməsi üçün onlara daha bir həftə vaxt verib. Virtualaz.org “The Evening Standard” qəzetinə istinadən xəbər verir ki, London Yüksək Məhkəmənin hakimi Fridmanın çıxardığı qətnaməyə əsasən ər-arvadın onların anonimliyinin götürülməsinə dair bir həftə əvvəl Vestminister magistrat məhkəməsinin hakiminin verdiyi qərara yenidən baxılması rədd edilir. Eyni zamanda hakim onların vəkilinə öz mövqeyini şifahi şəkildə əsaslandırmaq üçün növbəti məhkəmə iclasına qədər vaxt verib. Növbəti məhkəmə isə bir həftədən tez olmayacaq.
Xəbər verildiyi kimi, şərti olaraq “X” və “Y” adlandırılan həmin azərbaycanlı ər-arvadın barəsində Cinayətkarlıqla mübarizə üzrə Milli Agentlik (NCA) təhqiqat aparır, onlar qanunsuz yollarla Azərbaycandan 14 milyon funt sterlinqin Londona aparılmasında və orada “yuyulmasında” günahlandırılır. NCA ər-arvadın adlarını onların vəkillərinin tələbi əsasında gizli saxlayırdı, lakin “The Evening Standard” qəzeti ər-arvadın kimliyinin açıqlanması tələbi ilə iddia qaldırıb. Və hazırda bu iddia məhkəmə tərəfindən araşdırılır, bu yaxınlarda NCA özü də qəzetin tərəfinə keçib və ər-arvadın anonimliyini təmin edən məhkəmə qərarının dəyişdirilməsini müdafiə edib.
Ötən həftə Vestminister magistrat məhkəməsinin hakimi Vanessa Baraytser qəzetin iddiasını təmin edərək ər-arvadın adlarının açıqlanması üçün bir həftə vaxt vermişdi. Lakin indi London Yüksək Məhkəməsi həmin qərarın icrasını azı bir həftə təxirə salıb.
Hakim Fridman bildirib ki, ər-arvadın Vestminister məhkəməsinin çıxardığı qərarın ləğvinə dair bütün arqumentləri əsassızdır, amma onların öz mövqelərini şifahi dinləmələrdə bir daha çatdırmaq haqları var. Və həmin vaxta qədər anonimliyin qorunması təmin edilməlidir.
Cinayətkarlıqla Mübarizə üzrə Milli Agentlik (NCA) ər-arvadı qanunsuz yollarla əldə edilmiş 14 milyon funt sterlinqi mürəkkəb sxemlərdən və çoxsaylı offşor şirkətlərin şəbəkəsindən istifadə edərək Böyük Britaniyaya daşıdığını bildirir. Artıq onların 6.5 milyon dollarlıq bank hesablarına həbs qoyulub. Gələn ay həmin pulların müsadirə edilməsi prosesi başlayacaq.
Ər-arvad isə həmin pulların korrupsiya yolu ilə əldə edildiyini inkar edir və bank hesablarındakı pulların müsadirə edilməsini məhkəmə yolu ilə mübahisələndirməyə çalışır. Məhkəmə sənədlərinə əsasən ər-arvadın 1.6 milyon funt sterlinqi Londondakı hesablara ötürmək üçün istifadə etdiyi şirkətlərdən biri 2014-cü ilin iyununda yeddi gənc kişidən və beş gənc qadından ibarət qrupu İbitsa adasına aparmaq üçün özəl təyyarə kirayələyib.
Oxu24.com
ŞƏRHLƏR