Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
54948
az

Xankəndidə "tikilən" məscid, Çin və Aİ-nin Zəngəzur marağı - Politoloq DETALLARI AÇDI

23:2704 İyun, 2021
2145
ÖZƏL BÖLÜM
  • A

Son günlər bir sıra olaylarla yadda qaldı. Çin Xalq Respublikasının Sədri Si Cinpin və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə eyni gündə zəng etdi. Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya prosesində də bir sıra xoşagəlməz hallar yaşandı. Ermənistan növbəti təxribatlara əl atdı. Xankəndidə rus hərbçilərinin məscid inşa etməsi ilə bağlı xəbərlər yayıldı.

Bütün bunlar barəsində politoloq İlqar Vəlizadə ilə söhbətləşdik.

 

Politoloq Publika.az-ın “Cümə söhbəti”ndə proseslərin gələcək konturlarından danışdı. Öz proqnozlarını açıqladı:

- İlqar bəy, Çin Xalq Respublikasının Sədri Si Cinpin və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə eyni gündə zəng etməsi nədən xəbər verir? Eyni gündə iki qütbün liderlərinin ölkə başçısına telefon zənginin pərdəarxasında nələr ola bilər?

- Çin Xalq Respublikasının Sədri Si Cinpin və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə eyni gündə zəng etməsi həm təsadüfdür, həm də qanunauyğunluqdur. Təsadüf ondan ibarətdir ki, Aİ Şurasının prezidenti Şarl Mişelin Azərbaycan Prezidentinə telefon zəngi Ermənistanın baş naziri Nikol Paşinyanın Brüsselə səfərindən sonra baş verib. Paşinyanın Avropa İttifaqının paytaxtında müzakirə etdiyi məsələlər eyni zamanda bizim Prezidentlə də müzakirə edildi. Burada reaksiya bəllidir. Əlbəttə, biz münasibətlərin normal şəkildə inkişafında maraqlıyıq. Ancaq Ermənistan da bizim irəli sürdüyümüz şərtləri qəbul etməlidir. Bütün hallarda Azərbaycanla Avropa İttifaqı arasındakı münasibətlər inkişaf mərhələsindədir. Burada təkcə enerji layihələrinin həyata keçirilməsindən söhbət getmir. Bu məsələdə Cənub Qaz Dəhlizi də əhəmiyyətli rol oynayır. Digər məsələlər də aktualdır.

- Söhbət hansı məsələlərdən gedir?

- Yol-nəqliyyat infrastrukturunun qurulması və qeyri-neft sektoru sahəsində münasibətlərin inkişafını söyləmək olar. Pandemiyadan sonra turizm sektorunun inkişafını da bu siyahıya daxil etmək olar. Eləcə də digər sahələrdə Avropa İttifaqı ilə münasibətlərin qurulması bizim üçün çox vacibdir. Eyni zamanda, enerji təhlükəsizliyi ilə bağlı məsələlər bizim üçün vacib və aktualdır. Ona görə də bu kimi məsələlər müzakirə olunub. Həmçinin hazırda tərəflər arasında müzakirə mövzusu olan və yekunlaşan strateji tərəfdaşlıqla bağlı sənədin imzalanması ilə bağlı məsələlər diqqət mərkəzindədir.

- Bəs Çinlə Azərbaycanı hansı ortaq nöqtələr, strateji tellər birləşdirir?

- Çinlə bizim əməkdaşlığımız hazırda tamam başqa prizmada inkişaf edir. Burada əsas məsələ ilk növbədə iqtisadi əməkdaşlıqdır. Bu, həmin münasibətlərin nüvəsini təşkil edir. Regionda reallaşan yeni nəqliyyat infrastrukturu Çin üçün maraqlıdır. Burada “Bir kəmər, bir yol” layihəsinin ortaq marşrutu məhz Azərbaycandan keçir. Transxəzər marşrutu bu infrastrukturun tərkib hissəsidir. Ona görə də Çin bu infrastrukturun inkişafında maraqlıdır. Çin öz maraqlarının burada təmsil olunmasına çalışır. Yeri gəlmişkən, post-müharibə reallıqları yeni imkanlar açır. Yeni yol-nəqliyyat infrastrukturu yaradılır və Zəngəzur dəhlizi formalaşır. Bu da Azərbaycandan keçən beynəlxalq əhəmiyyətli yol infrastrukturunu zənginləşdirir. Çin də məhz bundan yararlanmaq istəyir. Çinin Azərbaycanla bağlı maraqları bununla bitmir.


- Pekinin burada başqa hansı maraqları ola bilər?

- Çin istəyir ki, işğaldan azad edilən ərazilərdə quruculuq və yenidənqurma işlərində iştirak etsin. Çin şirkətləri bu yenidənqurma işlərində iştirak etməkdə maraqlı olduqlarını gizlətmirlər. Çünki Çinə imkan yaranıb ki, regionda uzunmüddətli mövcudluğunu təsdiq etsin.

- Ermənistan Zəngəzur dəhlizinin açılmamasında israrlıdır. Ümumiyyətlə, Çin və Avropa İttifaqı öz maraqlarından dolayı, bu dəhlizin açılmasını tezləşdirə bilərmi?

- Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel belə ifadə işlədib ki, biz 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli sazişin yerinə yetirilməsində maraqlıyıq. Bu o deməkdir ki, 9-cu bəndə əsasən, Azərbaycanın cənub-qərb rayonlarından – Zəngilandan Naxçıvana yol açılır və bu da Zəngəzur dəhlizinin açılması anlamına gəlir. Ona görə Avropa İttifaqı da bu dəhlizin açılmasında maraqlıdır. İndi Ermənistan bədbəxtçilikdən anlamır ki, həmin bəyanatda hansı müddəaların altına imza atıb. İrəvan dərk etməlidir ki, tərəflər arasındakı məqsədlər aydındır. Avropa ilə yanaşı, Çin də bu dəhlizin açılmasında maraqlıdır. Bu dəhliz Çin üçün də yeni imkanlar açır. Çin bu dəhliz vasitəsi ilə öz zəruri maraqlarını yürütmək niyyətindədir. Çin bu dəhliz vasitəsi ilə Avropaya daha yaxın çıxış əldə edir. Eyni zamanda, Çin istehsalçıları da Avropaya və Yaxın Şərqə bu dəhliz vasitəsi ilə daha qısa yol əldə edəcək. Ona görə də Çin bu yolların açılmasında və onun təhlükəsiz şəraitdə fəaliyyət göstərməsində maraqlıdır. Eyni zamanda, bu dəhliz vasitəsi ilə iqtisadi səmərəliliyi artırmaq fikrindədir. Bu o deməkdir ki, nəqliyyat vasitələrinin daha ucuz gediş-gəlişi təmin olunsun. Bir müddət əvvəl Süveyş kanalındakı problem köhnə nəqliyyat qovşaqlarının səmərəsizliyi məsələsini aktuallaşdırdı. Həmin problem nəticəsində həm Çin, həm də Avropa şirkətləri xeyli ziyan gördü. Ona görə də alternativ yolların qurulması onlar üçün çox vacibdir.

- Son dövrlər Azərbaycan-Ermənistan sərhədindəki delimitasiya proseslərindəki gərginlik Bakını yenidən anti-terror əməliyyatlarına təhrik edə bilərmi? İrəvan başqa fikirlər səsləndirir, Ermənistan ordusunun Baş Qərargahı fərqli addımlar atır. Qızışdırıcı və təxribatçı hərəkətlərə yol verir. Bütün bunlar nədən xəbər verir?

- Ermənistanda baş verənləri heç erməni siyasətçiləri də dərk etmir. Onlar ara-sıra bir-birlərini suçlayırlar. Bir-birlərinə çağırışlar edirlər. Bu yaxınlarda Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın bir müsahibəsi yayımlandı. O, çıxışında söyləmişdi ki, Ermənistanda bu kimi proseslər davam edərsə, ölkə vətəndaş müharibəsinin astanasında dayana bilər. Yəni, Ermənistanda baş verənlər təkcə Azərbaycana və regiona təhdid deyil, eyni zamanda öz cəmiyyətləri üçün də başdan-ayağa təhdid sayıla bilər. Hətta iş o yerə çatıb ki, Ermənistanda nələrin baş verəcəyini indidən proqnozlaşdırmaq da çətinləşib. Belə bir vəziyyətdə Ermənistan özlüyündə böyük təhlükə mənbəyidir. Bu təhlükəni nəzarətdə, çərçivədə saxlamaq, onu cızığından çıxmağa qoymamaq beynəlxalq aktorların işidir. Ermənistan öz gücünə bunu edə bilməz. Çünki iqtidar təkbaşına bunu bacarmayacaq. Hazırkı Ermənistan iqtidarı heç nəyə qadir deyil. Eyni zamanda, Ermənistan müxalifəti də gücsüzdür. Yalnız pozucu və dağıdıcı işlərə qadirdir. Əllərindən başqa şeylər gəlmir. Beynəlxalq aktorların burada rolu ola bilər. Əsas aparıcı beynəlxalq aktorların da kimlər olduğunu görürük. Düşünürəm ki, bu məsələdə daha böyük rolu Rusiya oynaya bilər. Digər dövlətlərdən fərqli olaraq Rusiyanın Ermənistana təzyiqi daha böyükdür. Bizim indi Rusiya ilə də müəyyən əməkdaşlıqlarımız var. Müəyyən dialoqlar mövcuddur. Düşünürəm ki, Rusiya Ermənistanla bağlı müəyyən məsələləri nəzarət altında saxlaya bilər. Rusiya hərbçiləri indi Ermənistanda sərhədboyu yerləşiblər. Federal Təhlükəsizlik Xidmətinin dayaqları Zəngəzur dəhlizi boyu yerləşdirilib. Bu kimi məsələlərdə bizim də tərəf müqabilimiz Rusiya ola bilər. Ona görə ki, Ermənistandakı təhdidlərdən bir balaca da olsa, bizi qorusunlar. Təhdidlər, təxribatlar olacaq. Yaxşı olardı ki, bu təhdidlərə nəzarət edilsin. Bu nəzarət şərti də olsa, təmin edilə bilər. Ən azından buna ümidlər var.

- Ötən günlərdə Xankəndidə məscid tikilməsi ilə bağlı erməni mediası xəbərlər yaydı. Bu məsələ Ermənistanda narazılıqlara səbəb oldu. Məscid tikintisi hər hansı mesaj ola bilərmi?

- Hadisələri qabaqlamaq istəmirəm, gəlin, izləyək görək nə olur. Açığı, Ermənistanın informasiya mənbələrinə etibar etmirəm. Biz də orada nəyin tikildiyini dəqiq deyə bilmərik. Ermənistan bu kimi məsələlərdə daxili oyunlar oynayır. Bütün informasiyaları təhrif olunmuş formalarda verirlər. Kimsə kimisə “vurmaq” istəyəndə deyir ki, baxın, vəziyyət hansı həddə çatıb ki, Xankəndidə məscid tikilir. Bəlkə də o heç məscid də deyil. Ona görə də bu məsələyə reaksiya verməyə tələsməməliyik. Səbrli olmalıyıq. Düşünürəm ki, Xankəndidə də məscid tikilməlidir. Xocalıda da soyqırımı qurbanlarımızın memorialı olacaq. Buna şübhəmiz də yoxdur. Əgər bunu özümüz etsək, deyə bilərik ki, bu məsələ dəqiqdir. Kimsə həmin tikilini məscid kimi qələmə verirsə, mən bu informasiyaya bir az ehtiyatla yanaşardım. Çox güman ki, bu, feyk informasiyadır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

COP29-un Liderlər Sammitində ailə fotosu çəkdirilib
Kasıblar ən çox bu ölkələrdə yaşayır - ŞOK RƏQƏMLƏR
İbadət Məhərəmovun “xəstə balaları”nın işini Hərbi Pokurorluq araşdıracaq

Qırmızı dodaqlı yarasa balığı - Heyvanlar aləmi

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
Metroda qadının    pulqabısı     oğurlandı