Sentyabrın 27-dən bəri Ermənistanın təcavüzünə qarşı Azərbaycanın əks-hücüm əməliyyatları nəticəsində işğal altında olan torpaqlarımızın, xüsusilə Şuşanın qəhrmancasına azad edilməsi Azərbaycan tarixinin şanlı səhifəsi kimi yaddaşlarda dərin iz buraxdı və bu, hər bir azərbaycanlının qürur, şərəf tarixi kimi hər zaman müzakirə olunacaq, öyrəniləcək. 44 günlük müharibə ərzində qazanılan qələbələr elan olunduqca, hər bir Azəbaycan vətəndaşı, eləcə də bütün dünya azərbaycanlıları bununla qurur duydu, xoş təsürratlar yaşadılar. Görəsən, torpaqlarımızın, xüsusilə Şuşanın azad olunması tanınmış hüquqşünas Aslan İsmayılovda hansı təsürratları oyatdı?
Publika.az onunla müsahibəni təqdim edir:
- Bütün Azərbaycan xalqında hansı təəssüratları oyatdısa, məndə də o təəssüratları oyatdı. Ona görə ki, Şuşa müqəddəs bir yerdir. Şuşa bizim mənəvi, mədəni dəyərlərimizin bir simvoludur.
- Bildiyimiz kimi, ordumuzun döyüş meydanında qələbəsindən sonra Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri birgə bəyanat imzaladılar. Bir hüquqşünas kimi, bu bəyanatı necə dəyərləndirirsiniz?
- Normal, yəni mən istənilən müharibənin bitməsinin tərəfdarıyam. Özü də ki, bu müharibə bütün istədiklərimizin həyata keçməsi ilə nəticələndi. Ən əsası biz sərhədlərimzi bərpa etdik. Bütün erməni silahlıları o ərazini tərk edəcək. Bundan əvvəl Azərbaycan xalqı - biz Şuşa, Kəlbəcər və digər işğal altında olan rayonları restoran, kafe adlarında və sağlıq deyəndə deyirdik. Amma indi özümüz inşallah, ora gedib-gələcəyik. Bu, böyük qələbədir, buna heç bir şübhəm yoxdur. Ölkə başçısı o müqavilədə bu gün həyatda mümkün olanın yüz faizini etdi.
- Ancaq Azərbaycan cəmiyyətində bölgəyə Rusiya sülməramlılarının gəlməsi birmənalı qarşılamayanlar da var. Siz bunu necə qarşılayırsınız?
- Birincisi, bu hadisələrə qiymət verənlər burnundan o tərəfi görməyənlərdir. İkincisi, istənilən uğura kölgə salmaq istəyən adamlardır. Üçüncüsü isə bu, onlar üçün bir biznesdir. Bu biznesi quranlar üçün ölkə, dövlət ikinci dərəcəlidir, bunlara öz şəxsi maraqları üstündür. Sentybarın 27-dən bu günə qədər baş verənlərə və onun necə bitməsinə bu gün ağız büzənləri mən normal adam saymıram. Reallığı dərk edib, dünyada baş verən prosesləri bilənlər buna min şükür etməlidirlər. Amma onların içində elələri var ki, bu partiyadan o partiyaya qaça-qaça öz uğursuzluqlarını belə neqativlərlə kompensasiya etmək istəyirlər.
- Qəbul edilən bəyanata əsasən, Rusiya bölgədə azı 5 il qalmalıdır. Sizcə, Rusiyanın sülhməramlı funksiyasını yerinə yetirməsi bölgəyə sülh gətirəcək? Yəni Qarabağda azərbaycanlıların və ermənilərin birgə yaşamaları mümkün olacaq?
- Biz hələ müharibə başlamamışdan əvvəl ermənilərdən xahiş edirdik ki, sizə ən böyük statusu veririk, gəlin, sülhlə bir yerdə yaşayaq, onlar qəbul etmirdilər. Onların nəinki Dağlıq Qarabağı, 7 rayonu da qaytarmaq fikirləri yox idi. Müharibə göstərdi ki, onlar həmin o 7 rayonda artıq öz dədə yurdları kimi Livandan, Suriyadan, Liviyadan adamlar gətirib yerləşdirirlər. Amma indi artıq onların heç bir statusu yoxdur. Necə Bakıda erməni Azərbaycan vətəndaşı kimi yaşayır, onun qanunlarına hörmət edir, onlar da elə yaşayacaqlar, istəməyən gəlməyəcək. İkincisi də hesab edirəm ki, Ermənistanda baş verən hadisələri də izləmək lazımdır. Ola bilsin ki, rus qoşunları oradan çıxdı. Rus qoşunları oradan çıxan kimi, əminəm ki, orada bir nəfər də erməni qalmayacaq, rus qoşunundan qabaq qaçacaqlar.
- Bilirsiniz ki, Paşinyan bu bəyanatı imzaladığı üçün ölkəsində vəziyyət xaotik həddə gəlib çatıb. Dünən İrəvandakı etiraz aksiyasından sonra artıq həbslər başlanıb. Sizcə, Ermənistandakı bu vəziyyət nə ilə nəticələnə bilər?
- Bu gün onu tam dəqiq deyə bilmərəm. Amma gördüyüm odur ki, Ermənistan cəmiyyəti bölünüb və bölünmə, qarşıdurma davam edəcək. Bu da onların sonunu gətirəcək. Onlar artq o həddə gələcəklər ki, Qarabağ yada düşməyəcək.
- Ümumiyyətlə, Ermənistan Qarabağdan silahlı qüvvələrini çıxarmaya bilər? Çıxarmasa, bu, nə ilə nəticələnər?
- Mümkün deyil. Hamı bilsin ki, bundan sonra baş verən bütün proseslər bizim xeyrimizə olacaq. Əminəm ki, Ermənistanda qarşıdurma, getdikcə anti-Rusiya çağırışları güclənəcək və yaxın zamanlarda Ermənistan Rusiyanın bir nömrəli düşməninə çevriləcək. Rusiyanın da onların üstündən əlini çəkməsi Ermənistanın yox olması deməkdir.
- Aslan müəllim, Ermənistanla müharibədə Azərbaycan əsgərini göstərdiyi rəşadətlə yanaşı, informasiya cəbhəsində də döyüş getdi. İnformasiya cəbhəsinin başında duran ölkə Prezidenti İlham Əliyev dünyanın 30-a qədər müxtəlif televiziya kanallarına və xəbər agentliklərinə müsahibələr verdi. Bu müsahibələr Azəbaycanın haqlı davasının dünya ictimaiyyətinə çatdırılmasında nə dərəcədə rol oynadı?
- Bu təbliğat müharibəsində dövlətin müvafiq qurumlarının heç bir fəaliyyəti olmadı. Ölkə Prezidenti bütün hakimiyyətin həyata keçirəcəyi təbliğatı özü təkbaşına apardı. Bir də mən buradan bütün Azərbaycan gənclərinə təşəkkür edirəm ki, onlar sosial şəbəkələrdə və digər yollarla heç hakimiyyətin də müdaxiləsi olmadan vətəndaş borcunu artıqlaması ilə yerinə yetirdilər. Əminəm ki, müharibədən sonra ilk növbədə, əl gəzdiriləsi sahə ölkənin mətbuat sahəsi olacaq. O sahə Əli Həsənov, Ramiz Mehdiyev zir-zibilindən təmizlənib, ölkənin yeni bir mətbuatı qurulmalıdır.
- Ümümiyyətlə, Prezident İlham Əliyev 44 günlük müharibə sürəcini necə idarə etdi? Xalqa müraciətləri, verdiyi mesajlar, atdığı addımlar barədə nə düşünürsünüz?
- Azərbaycan xalqının, yaxud da onun ictimai-siyasi xadimlərinin buna qiymət verməsinə ehtiyac yoxdur. Azərbaycana düşmən olanlar özləri bunu etiraf etdi ki, İlham Əliyev bütün dünyaya yenilik gətirdi. Təkbaşına gün ərzində bir neçə müsahibə verdi. Müsahibəyə gələnlərin hamısı İlham Əliyevə, Azərbaycana düşmən mövqeyində olsalar da, O, öz hazırlığı, dünyagörüşü ilə onların hamısını mat vəziyyətində qoydu.
- Məlum olduğu kimi, 44 günlük müharibə ərzində ermənilər dəfələrlə Gəncəyə, Tərtərə, Bərdəyə, Goranboya beynəlxalq qanunlarla qadağan olunan kasetli “Smerç” raketləri atdı və həmin vaxtlarda çoxlu sayda mülki insan həlak oldu, yaralandı. Bununla bağlı Baş Prokurorluq da cinayət materialları topladı. Ermənistan hərbi-siyasi rəhbərliyinin bu cinayətlərinin Beynəlxalq Cinayət Məhkəməsində təsbit olunması mümkündür, yoxsa ATƏT-in Minsk Qrupunda olduğu kimi, orada da ikili standartlar özünü göstərə bilər?
- Suala cavab verməmişdən əvvəl, birinci növbədə, bütün Azərbaycan xalqına təşəkkür etmək istəyirəm ki, belə birlik göstərdi. Əsgər və zabitlərimizin şücaətindən bütün dünya danışır. Bizim ona artıq qiymət verməyimizə ehtiyac yoxdur. Ona görə ki, dünyanın, xüsusilə də Amerikanın, Rusiyanın, Ukraynanın aparıcı hərbi mütəxəssisləri hamısı öz ölkələrinə məsləhət bildi ki, Azərbaycan hərbçilərinin hərbi taktikası, strategiyası öyrənilsin.
Mən xüsusi təşəkkürümü Gəncə, Tərtər, Bərdə, Goranboy, ümumiyyətlə, cəbhəboyu rayon sakinlərinə edirəm. Və bunların içində xüsusi təşəkkürü qəhrəman Tərtər camaatına edirəm. Ona görə ki, Ermənistana bir dənə güllə düşməmiş sərhəd bölgələrdən vətəndaşları qaçdılar. Amma nə Gəncə, nə Bərdə, nə Tərtərin bir sakini evindən çıxmadı, xüsusilə Tərtər camaatı. Hesab edirəm ki, ön cəbhədə necə müharibə getdisə də, Tərtər camaatı da həmin müharibəni özlərində hiss etdilər, bir nəfər də oradan köçmək barədə fikirləşmədi və dövlət üçün əlavə problem yaratmadı. Bununla bir yerdə hesab edirəm ki, Baş Prokuror ilk gündən düzgün yol tutdu. Dinc vətəndaşlara qarşı istifadə edilən silahların, cinayətlərın hamısını dərhal yerində qeydə aldı, istintaq başladı. Əminəm ki, müharibədən sonra bütün bu materiallar beynəlxaq Məhkəmələrdə Ermənistan dövlətinin, onun ayrı-ayrı vəzifəli şəxslərinin cinayət məsuliyyətinə alınmasına gətirib çıxaracaq.
Oxu24.com
ŞƏRHLƏR