Qaynar xətt:

(+99450) 247 90 86

ATXƏM sədri: “Azərbaycan-Türkiyə dostluğuna xələl gətirmək mümkün deyil”  

ATXƏM sədri: “Azərbaycan-Türkiyə dostluğuna xələl gətirmək mümkün deyil”  

MÜSAHİBƏ

45

28.09.2026, 13:46

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov Oxu24.com-a açıqlamasında Azərbaycan-Türkiyə münasibətləri ətrafında son vaxtlar aparılan müzakirələrə münasibət bildirib.

İlham İsmayılov bildirib ki, son vaxtlar bu məsələ bir qədər daha çox gündəmə gətirilir. Onun sözlərinə görə, belə fikirli insanlar həmişə olub, həm Türkiyə cəmiyyətində, həm də Azərbaycanda belə şəxslər mövcuddur və bu, müəyyən insanların və qüvvələrin fəaliyyətidir.

İ. İsmayılov qeyd edib ki, 15-20 il əvvəl Birlik günlərində Salman Vələyət oğlu ilə geniş müsahibəsi olub. O bildirib ki, həmin müsahibədə Azərbaycan-Türkiyə münasibətlərindən, Türk dünyasından və Turan Birliyindən danışarkən ilk növbədə Azərbaycan-Türkiyə dostluğunun nümunəvi münasibətlərdən biri olduğu vurğulanıb.

İlham İsmayılov vurğulayıb ki, hər iki tərəfdən böyük ziyalılar və tarixçilər dəfələrlə bu münasibətlərin əhəmiyyətindən danışıblar. Onun sözlərinə görə, Prezident İlham Əliyev də müxtəlif çıxışlarında Azərbaycan və Türkiyə arasında dövlətlər və xalqlar səviyyəsində mövcud olan münasibətlərin, yüksək səviyyəli rəsmi anlaşmaların və strateji müttəfiqliyin dünyada nümunəvi xarakter daşıdığını bildirib.

Onun sözlərinə görə, Azərbaycan-Türkiyə dostluğunun əsasını tarixi ənənələr təşkil edir. İ. İsmayılov qeyd edib ki, uzun illər əvvəl, torpaqların işğal altında olduğu dövrdə ona problemlərin həllini nədə gördüyü barədə sual verilib və o, ilk növbədə Türkiyə-Azərbaycan dostluğunu qeyd edib.

İlham İsmayılov bildirib ki, bu münasibətlərin tarixi Qafqaz İslam Ordusundan və daha əvvəlki dövrlərdən başlayır. O qeyd edib ki, sonrakı dövrlərdə, o cümlədən Sovet dövründə ideoloji fərqlər olsa da, ailələrdə Azərbaycan-Türkiyə münasibətlərinin tarixi və Qafqaz İslam Ordusu haqqında məlumatlar nəsildən-nəslə ötürülüb.

İ. İsmayılov əlavə edib ki, özü də məktəbli olduğu dövrdə ailəsində Qafqaz İslam Ordusu, Nuru Paşa, Tələt Paşa və Ənvər Paşa haqqında eşidib. Onun sözlərinə görə, Azərbaycanın müstəqilliyindən sonra arxivlərin açılması ilə iki xalq arasındakı dostluğun tarixi kökləri barədə daha çox məlumat əldə etmək mümkün olub.

İlham İsmayılov vurğulayıb ki, Azərbaycan-Türkiyə birliyi möhkəm təmələ söykənir. O, bu birliyi qayaya və qalaya bənzədərək bildirib ki, nə qədər külək və rüzgar əssə də, həmin qaladan bir kərpic belə qoparmaq mümkün deyil.

Onun sözlərinə görə, müəyyən dövrlərdə Türkiyədə ayrı-ayrı siyasi qüvvələr və hakimiyyət nümayəndələri arasında Azərbaycanla bağlı fərqli yanaşmaların olması mümkündür. İ. İsmayılov qeyd edib ki, demokratik cəmiyyətlərdə hakimiyyətlər müxtəlif siyasi partiyalardan formalaşa bilər və bu partiyaların arasında Azərbaycan-Türkiyə dostluğunu istəməyən qüvvələr də ola bilər.

İlham İsmayılov bildirib ki, bu qüvvələri qeyri-milli qüvvələr kimi xarakterizə etmək olar. Onun sözlərinə görə, həmin şəxslər yalnız Azərbaycan-Türkiyə dostluğunun deyil, Türkiyənin özünün inkişafının və yüksəlməsinin də əleyhinədirlər.

İ. İsmayılov əlavə edib ki, belə qüvvələrin fəaliyyəti dayanmır və həm Azərbaycanda, həm də Türkiyədə müxtəlif formada özünü göstərir. O, bu şəxsləri “5-ci kolon”, qeyri-milli və anti-milli qüvvələr kimi xarakterizə edib.

İlham İsmayılov vurğulayıb ki, müəyyən dövrlərdə beynəlxalq aləmdə geosiyasi vəziyyətin dəyişməsi də Azərbaycan-Türkiyə münasibətləri ətrafında müxtəlif süni müzakirələrin yaranmasına səbəb olur. Onun sözlərinə görə, ABŞ, İran və İsrail arasındakı qarşıdurmalar, Azərbaycanın 30 illik münaqişə dövründə Rusiya ilə bağlı problemlər, həmçinin digər dövlətlərin bölgədəki maraqları ictimaiyyətin diqqətini yayındırmaq üçün istifadə edilə bilər.

Onun sözlərinə görə, bütün bunlar həm süni gündəm yaratmaq, həm də Azərbaycan-Türkiyə dostluğuna xələl gətirmək cəhdləridir. İ. İsmayılov hesab edir ki, bu cür cəhdlər nəticə verməyəcək.

İlham İsmayılov Türkiyə mediasında da müxtəlif mövqelərin olduğunu bildirib. O, bunu Sürix protokolları ilə bağlı proseslər zamanı müşahidə etdiyini deyib.

İ. İsmayılov qeyd edib ki, həmin dövrdə Ermənistan-Türkiyə sərhədinin açılması məsələsi gündəmdə olub və bəzi dairələr Sürix protokollarını böyük hadisə kimi təqdim ediblər. Onun sözlərinə görə, həmin vaxt Naxçıvanda Türk dövlətlərinin zirvə toplantısı keçirilib və o, Türkiyədə olarkən bu toplantının yerli mediada lazımi səviyyədə işıqlandırılmadığını müşahidə edib.

İlham İsmayılov vurğulayıb ki, belə məsələlərdə Azərbaycan mediası, qeyri-hökumət təşkilatları və siyasi partiyalar diqqətli olmalıdır. Onun sözlərinə görə, çaşdırıcı manevrlərə və süni gündəmlərə təsir altına düşmək olmaz.

İ. İsmayılov əlavə edib ki, Azərbaycan-Türkiyə münasibətlərini istəməyən, xaricdən maliyyələşən qüvvələr müxtəlif fəaliyyətlər göstərirlər. O bildirib ki, belə şəxslər öz rəhbərləri qarşısında hesabat vermək məqsədilə müəyyən addımlar ata bilərlər.

Onun sözlərinə görə, dostluq və qardaşlıq münasibətlərinə xələl gətirmək üçün söz-söhbət yaratmaq, tərəflər arasında fikir ayrılığı formalaşdırmaq mümkündür, lakin bunu köklü şəkildə həyata keçirmək mümkün deyil. İ. İsmayılov hesab edir ki, zaman keçdikcə “sular durulacaq”.

İlham İsmayılov həmin dövrdə Bursada futbol oyunu zamanı Azərbaycan bayraqlarının yerə atılması və Azərbaycanda Türkiyə bayraqları ilə bağlı baş verən hadisələri də xatırladıb. O bildirib ki, bəzi şəxslər bu kimi hadisələrdən Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirmək üçün istifadə etməyə çalışıblar.

İ. İsmayılov əlavə edib ki, həmin vaxt öz ofisinin qarşısında bütün türk dövlətlərinin bayraqlarını asıb. Onun sözlərinə görə, Azərbaycan və Türkiyə bayraqlarını daha yüksəkdə yerləşdirib, lakin səhər ofisə gələndə Türkiyə bayrağının çıxarıldığını görüb.

İlham İsmayılov bildirib ki, yeni Türkiyə bayrağı taparaq yenidən yerinə asıb və onun qorunması üçün mühafizə təşkil edib. Daha sonra isə müşahidə kamerası quraşdırıb. O qeyd edib ki, həmin dövrdə Türkiyə bayraqları ilə bağlı oxşar hadisələrin başqa yerlərdə də baş verdiyini dostlarından eşidib.

İ. İsmayılov vurğulayıb ki, belə fürsətçilər həm Azərbaycanda, həm də Türkiyədə ola bilər. Onun sözlərinə görə, ayrı-ayrı şəxslərin fikirlərini bütün cəmiyyətin mövqeyi kimi təqdim etmək düzgün deyil.

“10 adamdan müsahibə götürürsən, onun 9-u deyir ki, yaxşıdır, biri deyir ki, pisdir. Onu qoyurlar, digər tərəfdən də başqa bir fikri önə çıxarırlar və nəticədə tamam başqa mənzərə yaranır. O qalan 80 faizi isə kənarda saxlayırlar”, – deyə İlham İsmayılov bildirib.

İlham İsmayılov hesab edir ki, bu cür halları ciddi qəbul etmək lazım deyil. O, bunların müvəqqəti və süni şəkildə yaradılan proseslər olduğunu bildirib.

“Səmimi dostluq, daxildən, içəridən gələn dostluq, qardaşlıq, yoldaşlıq heç nə ilə sarsıla bilməz. Get-gedə artacaq”, – deyə ATXƏM sədri vurğulayıb.

Müsahibəni apardı: Turan Etibaroğlu