Qaynar xətt:

(+99450) 247 90 86

"Kamal müəllimlə bir-birimizi işarədən anlayırıq"  —   Baba Vəziroğlu ilə doğum günündə ÖZƏL MÜSAHİBƏ

news/2026_01_10/baba_vez_1768049246.jpg

MÜSAHİBƏ

793

10.01.2026, 17:04

Azərbaycanın sevilən nəğməkar şairi Baba Vəziroğlunun qələmindən çıxan misralar illərdir ki, ölkə musiqisinin ana xəttini təşkil edir.

Bu gün  sevilən şairin doğum günüdür.O,72 yaşını qeyd edir.

Baba Vəziroğlu Azərbaycan SSR Lenin komsomolu mükafatı (1988) və "Humay" mükafatı (2000) laureatıdır. Azərbaycan Respublikasının əməkdar incəsənət xadimidir (2005). 10 yanvar 2020-ci ildə Azərbaycan ədəbiyyatının inkişafında xidmətlərinə görə "Şöhrət" ordeni, 11 yanvar 2024-cü ildə isə "Şərəf" ordeni ilə təltif edilib.

Oxu24.com-un əməkdaşı doğum günündə  Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi ilə həmsöhbət olub.

Sözügedən müsahibəni təqdim edirik:

-Baba müəllim, uzun illərdir yaradıcılıqla məşğulsunuz. Geriyə boylananda "yaxşı ki, yazmışam" dediyiniz ən əziz misranız hansıdır?

-“Geriyə boylanıb baxanda “yaxşı ki, yazmışam” dediyim ən əziz misra yox, misralar çoxdur. Həm də yazdığım bütün misralar mənə doğma və əzizdir. Ona görə ki, mən o misraları şeirlə, sözlə, poetik düşüncəylə ifadə etməsəydim ürəyimdə bir düyün kimi qalardı. Sevinirəm ki, nə yaxşı ki, də ifadə etmişəm. Minlərlə oxuyuculara, dinləyicilərə çatdırmışam. 

İnsana qalan yalnız xatirədir. Bir-birimizdən, sevdiyimizdən nigaran olaq və bir gün onları itirə bilmək qorxusu ilə yaşayaq hər zaman. İnsan həmişə kimdən nigaran olur? Çox sevdiyindən. Ona görə “Səndən nigaranam” mahnısı belə yaranıb. 

Bugünkü Azərbaycanın banisi olan Ulu Öndərin həyatına, tarixi missiyasına həsr etdiyim “Sən elə bir zirvəsən” mahnısı mənim şah əsərlərimdən biridir və böyük məhəbbətlə yazılıb. 

Bəzən şairləri bölürlər. Vətən şairi, məhəbbət şairi, təbiət şairi və s. Düşünürəm ki, bütün şairlər məhəbbət şairi olur. Onlar təbiətə də, insanlara münasibətdə də məhəbbətlə yanaşırlar.

-Siz həm də bir çox yaddaqalan filmlərin ssenari müəllifi və redaktorusunuz. Kinonun dili ilə poeziyanın dili arasında necə bir bağ var?

-Poeziya, drammaturgiya və bir çox sahələrin təməlində söz dayanır. Müqəddəs kitablarda deyilir ki, hər şey sözdən başlayıb, sözdən yaranır. Ona görə də mənim üçün istər kinossenarilərim, istər mahnı mətnlərim, istər şeirlərim, istər publisistikam, istərsə də televiziya yaradıcılığımın hər biri sözlə bağlıdır. Kino ilə bağlı yaradıcılığım çox qədimdən başlayır ki, mən hələ televiziyada işləyərkən məni Azərbaycan Kinomotoqraflar İttifaqına dəvət etdilər. Çünki, İttifaq sədri Rüstəm İbrahimov orada mənə dedi ki, “Rus dilli ittifaqı ana dilinə çevirə bilərsənmi?” 

Beləcə məni dəvət etdi. Əvvəl Kinomotoqrafçılar İttifaqında baş redaktor,  daha sonra uzun illər boyu isə İttifaqının idarə heyətinin katibiyəm. Bugün də Rasim Balayev adlı Azərbaycanın milli kinosunun siması ilə birlikdə çalışıram. 

Kinoya marağım televiziyadan yaranıb, 17 yaşımda Azərbaycan Dövlət Televiziyasında verilişlər aparmışam. O verilişlərin aparıcısı, redaktoru, operatoru, rejisoru, ssenari müəllifi də mən olmuşam. Çünki, o zamanlar belə idi, müəllif verilişi idi. Ona görə də bugün kino sahəsi mənim üçün çox doğmadır.

-Sizin yaradıcılığınızda bəstəkar Kəmaləddin Heydərovla olan işbirliyiniz xüsusi bir mərhələ təşkil edir. Bu tandemdən Azərbaycan musiqi xəzinəsinə onlarla uğurlu mahnı ("Səndən nigaranam", "Gözləyəcəyəm" və s.) daxil olub. Bu yaradıcılıq birliyinin sirrini nədə görürsünüz? Sizin sözləriniz Kamal müəllimin musiqisi ilə necə bir harmoniya tapır?

-Yaradıcılıqda həmişə tandemlər olub, var və olacaq. Sadəcə  bu tandemlər bəzən uğurlu alınır, bəzən də uğursuz. Məsələn, bizdən öncə, baxın, necə gözəl yaradıcılıq tandemləri var idi. Söhbət məhz mahnı yaradıcılığından gedir. Emin Sabitoğlu, Nəbi Xəzri, Fikrət Qoca, Ramiz Mirişli, Cabir Novruz, Oqtay Kazımov və başqa. 

Bir xoşbəxt gün oldu ki, mən Kamal müəllimin ilk melodiyasına söz yazdım. Biz ondan əvvəl “ayaqüstü” tanış idik. Amma sonra dostlaşdıq, qardaşlaşdıq. Və belə bir yaradıcılıq tandemi yarandı. İlk  nəğməsi “Gəl, qayıdaq o günlərə”-ni gözəl sənətkarımız Ağadadaş Ağayev ifa etdi. Sonradan necə oldusa, yaradıcılıq birliyi yarandı. Ondan sonra biz təxminən 50-dən çox mahnı yazdıq. Hər biri də günün sevilən, yadda qalan, bəlkə biraz əbədi yaşayacaq mahnılara çevrildi. Onlar hər zaman səslənib, səslənir də, yeni-yeni ifalarda, yeni-yeni gənclərin yaradıcılığında özünə yer tapacaq. 

“Sən elə bir zirvəsən”, “Cənab Ali Baş Komandan”, “Səndən nigaranam”, “Xatirədir”. Daha sonra Alim Qasımovun ifasında “Ölüm-dirim yalan oldu”, “İlahi”, Zülfiyyə Xanbabayevanın ifasında “Ayrılığa dözərəm”, Röyanın ifasında “Dəniz”, “Yenə yaz gələcək”, Aygün Kazımovanın ifasında “Yox deyəndə mən”, Aygün Bəylərin ifasında “Nə yaxşı sən varsan, sevirəm səni”, “O yenə xatirədir” və bir çoxlarının ifasında mahnılar Mərkəzi Asiyada, Türküstanda, Nəsibə xanım Abdullayevanın ifasında və özbək, tacik, qazax, türkmən ifaçılarının ifasında o mahnılar səsləndi. 

Həm də biriylə bu şəxsi münasibətlər tutur ki, o zamam yaradıcılıq da gözəl alınır. Bir-birimizi yarım sözdən, işarədən anlayırıq.

-Bilirik ki, Kamal müəllimin bəstələri çox emosional və geniş diapazonludur. Onun musiqisi sizin şair təxəyyülünüzdə hansı rəngləri və ya mənzərələri canlandırır?

-Kamal müəllimlə işləmək kənardan asan görünə bilər. Amma Kamal müəllimlə işləməyin ən özəl və çətin tərəflərindən biri odur ki, o melodiyanın boş vaxtlarında, özü pianoda yaradır, sonra deyir, “Gəl, mahnıya baxaq”. 

Təsəvvür edin, artıq musiqi hazırdır. Musiqi hazırdırsa, deməli musiqinin mövzusu, ölçüləri, vurğuları var. Və onlara yalnız söz yazmaq qalır.  Söz yazmaq mürəkkəb bir prosesdir. Həmin musiqinin mövzusunda olmalıdır, həmin ölçülərdə, vurğularda olmalıdır. Lakin yaradıcılıq ruhu olan mühitdə yaxşı nəğma yaratmaq ovqatında olanda bu o qədər də çətin olmur. Həmdə söz yazanda elə yazmalısan ki, bu musiqidən kənar, şeir olmalıdır. 

Ümumiyyətlə, bizim yaradıcılıq fantaziyalarımızın müəyyən bağları üst-üstə düşür, fikirlərimiz, insanlara, həyata, musiqiyə münasibətimiz düz gəlir. Qısaca “ürəyimiz düzdür…”

-Baba,müəlllim,Sizi doğum gününüz münasibəti ilə bir daha təbrik edirik.Sizə daim qələminizin işlək və iti olmasını arzu edirik.

-Diqqətinizə görə təşəkkür edirəm.

Müsahibəni apardı:Çimnaz Telmanqızı