Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda növbəti tədris ilindən distant təhsilə keçilir? – Təhlil  

Azərbaycanda növbəti tədris ilindən distant təhsilə keçilir? – Təhlil  

CƏMİYYƏT

261

13.05.2026, 11:35

Bir neçə gün sonra Bakı şəhərində keçiriləcək Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə əlaqədar bəzi təhsil müəssisələrinin fəaliyyətinin müvəqqəti olaraq distant formata keçirilməsi qərara alınıb. Bu qərar paytaxtda fəaliyyət göstərən peşə, orta ixtisas və ali təhsil müəssisələrini əhatə edir. Bəzi təhsil müəssisələrinin müvəqqəti olaraq distant formata keçməsi, əslində bizə gələcəyin təhsil modelinin kiçik bir sınağını yaşadır. Müasir dünyada rəqəmsallaşma artıq bir seçim deyil, qaçınılmaz bir zərurətdir. Paytaxtın dinamik həyatında vaxtaşırı müşahidə edilən nəqliyyat sıxlığı, tıxaclar və ümumi iş ritminin pozulması alternativ modellərə ehtiyacı daha da kəskinləşdirir. Belə şəraitdə distant təhsil və məsafədən iş formatı yalnız bir rahatlıq deyil, həm də zərurət kimi ön plana çıxır. 

Maraqlıdır ki, bu keçid yalnız təhsillə məhdudlaşmır. Milli Məclisdə müzakirə olunan "Məsafədən (distant) iş" anlayışının Əmək Məcəlləsinə gətirilməsi, Azərbaycanın rəqəmsal dövrün tələblərinə uyğunlaşması yolunda atılan hüquqi bir addımdır. Bəs təhsil mühitimiz bu köklü dəyişikliyə nə dərəcədə hazırdır? Məktəblər və universitetlər bu sınaqdan necə çıxa bilər?

Mövzu ilə bağlı Oxu24.com-a danışan təhsil eksperti Elçin Əfəndi bildirib ki, distant təhsil hazırda qlobal səviyyədə ən aktual müzakirə mövzularından biridir:

“Distant təhsil insanların təhsilə əlçatanlığının təmin olunmasında mühüm rol oynayan təhsil formalarından biridir. Bu model xüsusilə işləyən şəxslər, ailə həyatı quran və evdar olan, lakin təhsil almaq istəyən insanlar üçün geniş imkanlar yaradır. Eyni zamanda fiziki məhdudiyyətli şəxslər üçün bu model  təhsil əlçatanlığının təmin edilməsində əsas faktorlardan hesab olunur.

Məlum olduğu kimi, 2020-ci ildə koronavirus pandemiyası ilə əlaqədar xüsusi karantin rejimi tətbiq olundu. Həmin dövrdə təhsil müəssisələri müəyyən müddət distant və qismən hibrid təhsil formasından istifadə etdilər. Bu proses ölkədə distant təhsil üçün müəyyən baza və təcrübənin formalaşmasına səbəb oldu. Həmin dövrdə ən hazırlıqlı ali təhsil müəssisələrindən biri Azərbaycan Dövlət İqtisad Universiteti idi. Universitetdə distant təhsilin təşkili üçün zəruri imkanlar əvvəlcədən yaradılmışdı və dərslərin bir hissəsi artıq distant formatda keçirilirdi. Digər təhsil müəssisələrində — orta məktəblərdə, orta ixtisas və ali təhsil müəssisələrində də xüsusi karantin dövründə distant təhsilin idarə olunması istiqamətində müəyyən işlər görüldü. 

Bu baxımdan, gələcəkdə distant təhsilə keçidlə bağlı qərar qəbul olunarsa, ciddi çətinliklərin yaşanacağını düşünmürəm. Mümkün problemlər əsasən internet resursları, eləcə də elektrik təminatı ilə bağlı ola bilər. Yəni “Azərenerji” və “Azərişıq” xətti üzrə yaranacaq texniki problemlər müəyyən çətinliklər yarada bilər”.

Təhsil eksperti əlavə edib ki, ümumilikdə distant təhsilə keçidin idarə olunması mümkündür:

“Azərbaycanın təhsil haqqında qanunvericiliyinə nəzər salsaq görərik ki, təhsilin üç forması təsbit olunub: əyani, qiyabi və distant. Lakin hazırda distant təhsil qanunvericilikdə yer alsa da, praktikada tam şəkildə tanınmır. Məsələn, vətəndaşlarımız xarici ölkələrdə distant və ya qiyabi təhsil aldıqları zaman diplomlarının və təhsil sənədlərinin tanınması ilə bağlı müəyyən problemlərlə qarşılaşırlar.

Bununla belə, hesab edirəm ki, qarşıdakı illərdə mövcud vəziyyət dəyərləndirilərkən, xüsusilə fövqəladə vəziyyət və ya fors-major hallar yaranarsa, distant təhsilə keçid məsələsi daha ciddi şəkildə gündəmə gələ bilər. Hətta belə hallar olmasa belə, təhsil əlçatanlığının təmin olunması baxımından distant təhsil modelinin tətbiqi vacibdir.

Düşünürəm ki, distant təhsillə bağlı hüquqi-normativ baza formalaşdırılmalı və bu istiqamətdə konkret addımlar atılmalıdır. Bu, xüsusilə fiziki məhdudiyyətli şəxslər, regionlarda yaşayan və paytaxta gəlib qalmaq imkanı olmayan vətəndaşlar üçün mühüm əhəmiyyət daşıyır. Çünki bir çox insanın yataqxana və yaşayış problemi olur, buna görə də öz yaşadıqları yerdən təhsil almaq istəyirlər.

Eyni zamanda işləyən insanlar üçün də distant təhsil əlverişli modeldir. Məsələn, günün bir hissəsində çalışan şəxslər digər vaxtlarda distant formada təhsil almaq imkanına malik ola bilərlər. Bu səbəbdən distant təhsil formasını tanımalı və tətbiq etməliyik. Bu yanaşma həm də dövlət başçısı cənab Prezidentin dəfələrlə vurğuladığı “hər bir vətəndaş üçün təhsil əlçatan olmalıdır” prinsipinə uyğun gəlir”.

İqtisadçı Akif Nəsirli qeyd edib ki, distant təhsil düzgün təşkil olunduğu halda həm dövlət, həm də ailələr üçün xərclərin azalmasına ciddi təsir göstərə bilər. Onun sözlərinə görə, ən böyük qənaət bina, kommunal xidmət, təmir və nəqliyyat xərclərində müşahidə olunur:

“Dövlət hər il yeni məktəblərin tikintisinə, istilik, işıq, su, mühafizə və nəqliyyat xərclərinə milyardlarla vəsait ayırır. Distant model geniş tətbiq olunarsa, bir sinif otağında 30 şagird əvəzinə, onlayn platformada eyni anda 200-300 şagird dərsi dinləyə bilər. Bu isə müəllim resurslarından daha səmərəli istifadəyə, əlavə müəllim ştatı və yeni bina ehtiyacının azalmasına səbəb ola bilər.

WUF13 çərçivəsində Bakıda bəzi məktəblərin müvəqqəti olaraq distant formata keçməsi göstərir ki, hətta qısa müddətdə belə kommunal və nəqliyyat xərclərində nəzərəçarpacaq azalma mümkündür.

Ailə büdcəsi baxımından da fərq böyükdür. Yolpulu, məktəbli forması, yemək, repetitor və çap materialları üçün çəkilən xərclər azalır. Bakıya və ya rayon mərkəzinə hər gün gedib-gələn şagirdin aylıq yol xərci 60-100 manat təşkil edir. Kənddən şəhərə təhsil almağa gəlib kirayədə qalan tələbələr üçün isə bu rəqəm 300-500 manata qədər yüksəlir. Distant təhsil zamanı şagird və tələbələr evdən çıxmadan dərslərə qoşula bilir. Bu isə valideynlərə həm vaxt, həm də maliyyə baxımından qənaət imkanı yaradır. Kompüter və internet xərci olsa da, bu, uzunmüddətli baxımdan özünü doğruldan investisiyadır”.

İqtisadçının fikrincə, distant təhsilin ən böyük üstünlüklərindən biri regionlarda yaşayan insanlar üçün yaranan imkanlardır:

“Hazırda ixtisaslı müəllimlər və peşəkar kadrlar əsasən paytaxtda cəmləşib. Distant təhsil isə regionlarda yaşayan şagirdlərə də paytaxtdakı güclü müəllimlərin dərslərini dinləmək imkanı yaradır. Universitetə hazırlaşmaq üçün Bakıya repetitor yanına gəlməyə ehtiyac qalmır. Bu da bölgələr arasındakı təhsil fərqini azaltmağa və sosial ədalətin güclənməsinə xidmət edir.

Gənclər kənddə yaşayaraq həm ailələrinə təsərrüfat işlərində kömək edə, həm də təhsillərini davam etdirə bilərlər. Bunun nəticəsində şəhərlərə axın, kirayə mənzil problemi və regionların boşalması kimi məsələlərin də müəyyən qədər qarşısı alına bilər.

Ənənəvi təhsillə müqayisədə distant model həqiqətən də xərcləri azaldır. Lakin bu, internetin keyfiyyəti və istifadə olunan platformaların səviyyəsindən birbaşa asılıdır. Əgər bütün kəndlər sürətli internetlə təmin olunsa, ailələrin kompüterə çıxışı olsa və müəllimlər üçün keyfiyyətli rəqəmsal kontent hazırlansa, qənaət səviyyəsi 30-40 faizə qədər çata bilər. Əks halda, texniki baza zəif olarsa, distant təhsil sadəcə formal xarakter daşıyar və təhsilin keyfiyyəti aşağı düşər.

Hesab edirəm ki, gələcəkdə hibrid model — yəni nəzəri dərslərin distant, laboratoriya və praktiki məşğələlərin isə əyani formada keçirilməsi daha məqsədəuyğun olacaq. Bu halda dövlət tikinti və saxlanma xərclərinə, ailələr isə yol və kirayə xərclərinə qənaət edə bilər. Region gəncləri üçün isə bu, Bakı səviyyəsində təhsili yaşadıqları yerdə almaq və öz bölgələrində inkişaf etmək baxımından böyük fürsətdir”.

İT mütəxəssisi Elvin Abbasov isə vurğulayıb ki, pandemiya dövründə təhsil sisteminin rəqəmsal müstəviyə keçməsi ölkəmiz üçün böyük bir sınaq və eyni zamanda təcrübə oldu:

 “Həmin dövrdə “Zoom” və “Microsoft Teams” kimi platformalar müəllim və şagirdlər arasında canlı ünsiyyəti təmin edirdi. Distant təhsilin əsl effektivliyi  isə tədrisin fərdiləşdirilməsinə imkan verən LMS (Təhsil İdarəetmə Sistemləri) platformaları ilə ölçülə bilər. Bu sistemlər tələbənin inkişafını izləməyə, rəqəmsal kitabxanalara çıxışı təmin etməyə və qiymətləndirməni şəffaf aparmağa şərait yarada bilər. Ölkə üzrə fiber-optik internet infrastrukturunun ən ucqar kəndlərə qədər çatdırılması isə bu platformaların kəsintisiz işləməsini təmin edərək rəqəmsal uçurumu aradan qaldıra bilər.

Texniki baxımdan ən böyük risklər onlayn dərslərin kənar müdaxilələrdən qorunması və şəxsi məlumatların təhlükəsizliyi ilə bağlı ola bilər. Sadə dildə desək, istifadə olunan platformaların zəif müdafiəsi dərslərin pozulmasına və ya şagirdlərin şəxsi məlumatlarının kənar şəxslərin əlinə keçməsinə yol aça bilər. Gələcəkdə Süni İntellekt texnologiyaları bu cür kiber-təhlükələri öncədən müəyyən edərək təhsil mühitini daha etibarlı edə bilər. Mövcud texniki imkanlar və qazanılmış təcrübə sayəsində bu riskləri minimuma endirmək və təhsili hər kəs üçün daha əlçatan formaya sala bilərik”.

Mehin Mehmanqızı

Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “elmi-kütləvi, mədəni maarif, təhsil proqramlarının hazırlanması” mövzusunda hazırlanıb.