Qaynar xətt:

(+99450) 247 90 86

Əlilliyi olan şəxslərin əmək hüquqları – İşəgötürən nələri təmin etməlidir?  

Əlilliyi olan şəxslərin əmək hüquqları – İşəgötürən nələri təmin etməlidir?  

HÜQUQ

27

10.09.2026, 20:11

Əlilliyi olan şəxslərin digər şəxslərlə bərabər səviyyədə əmək fəaliyyətində iştirakının təmin edilməsi onların əmək hüquqlarının qorunmasının əsas istiqamətlərindən biridir. Qanunvericilik əlilliyi olan şəxslərin işə qəbulundan tutmuş iş vaxtına, məzuniyyət hüququna və əmək müqaviləsinə xitam verilməsinə qədər bir sıra xüsusi təminatlar müəyyən edir.

Əmək Məcəlləsinə əsasən, əlilliyi olan şəxsin səhhətinin onun peşə vəzifələrini yerinə yetirməsinə mane olduğu və ya digər şəxslərin səhhəti və əmək təhlükəsizliyi üçün təhlükə yaratdığı hallar istisna olmaqla, əlillik səbəbindən şəxslə əmək müqaviləsi bağlamaqdan imtina edilməsinə yol verilmir. Eyni zamanda belə işçinin razılığı olmadan başqa işə, peşəyə və ya vəzifəyə keçirilməsi də yolverilməzdir.

Bu yanaşmanın əsas məqsədi əlilliyi olan şəxslərin əmək münasibətlərində ayrı-seçkiliyə məruz qalmasının qarşısını almaq və onların əmək bazarında digər şəxslərlə bərabər imkanlara malik olmasını təmin etməkdir. Qanunvericilikdə əlilliyi olan şəxslər üçün müəyyən edilən güzəştlər, imtiyazlar və əlavə təminatlar ayrı-seçkilik hesab olunmur.

Əlilliyi olan şəxslərin iş şəraitinin onların sağlamlıq vəziyyətinə uyğunlaşdırılması da işəgötürənin əsas vəzifələrindən biridir. İşəgötürən əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq işçinin əməyinin mühafizəsini və təhlükəsiz əmək şəraitini təmin etməli, əlilliyi olan şəxslər üçün qanunvericilikdə nəzərdə tutulan standartlara cavab verən iş şəraiti yaratmalıdır.

Bundan başqa, orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş işçilər üçün qısaldılmış iş vaxtı nəzərdə tutulur. Belə işçilərin həftəlik iş vaxtı 36 saatdan artıq olmamalıdır. Bu müddəa əlilliyi olan şəxslərin sağlamlıq imkanlarının nəzərə alınması və onların əmək fəaliyyətinin səhhətlərinə uyğun şəkildə təşkil edilməsi baxımından mühüm təminatlardan biridir.

Əlilliyi olan işçilərin gecə vaxtı görülən işlərə cəlb olunması ilə bağlı da xüsusi qaydalar mövcuddur. Belə işçilər gecə işinə yalnız onların yazılı razılığı ilə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın rəyinin nəzərə alınması şərtilə cəlb edilə bilərlər. Əmək qanunvericiliyinə görə gecə vaxtı saat 22:00-dan səhər saat 06:00-dək olan müddət hesab edilir.

Əlilliyi olan şəxslərin natamam iş vaxtında çalışması ilə bağlı da qanunvericilikdə təminatlar mövcuddur. İşçinin səhhəti və fizioloji vəziyyəti, habelə xroniki xəstəliyi olan uşağının və digər ailə üzvünün səhhəti tibbi rəyə əsasən əmək funksiyasının natamam iş vaxtında yerinə yetirilməsini tələb edirsə, müvafiq hallarda işəgötürən işçinin müraciəti əsasında natamam iş vaxtı müəyyən etməlidir. Eyni zamanda 14 yaşına çatmamış və ya əlilliyi olan uşağı olan qadınların ərizəsi əsasında da natamam iş vaxtı müəyyən edilməlidir.

Əlilliyi olan işçilərin məzuniyyət hüquqları da xüsusi qaydada qorunur. Əmək Məcəlləsinə əsasən, orqanizmin funksiyalarının pozulması faizindən, səbəbindən və müddətindən asılı olmayaraq işləyən əlilliyi olan şəxslərə əmək məzuniyyəti 42 təqvim günündən az olmayaraq verilməlidir.

Bununla yanaşı, əlilliyi olan işçilər bir iş ili ərzində öz arzuları ilə bir təqvim ayınadək ödənişsiz məzuniyyət götürə bilərlər. Əmək qanunvericiliyi bu kateqoriyadan olan işçilərin sosial təminatlarının qorunmasına və onların sağlamlıq vəziyyətindən irəli gələn ehtiyaclarının nəzərə alınmasına xüsusi diqqət yetirir.

Müharibə, hərbi xidmət və ölkənin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər üçün isə əlavə əmək təminatları mövcuddur. Məsələn, Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəblərdən əlilliyi olan işçilərə, eləcə də Azərbaycanın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda xəsarət almış müəyyən kateqoriyadan olan işçilərə əmək məzuniyyəti 46 təqvim günündən az olmayaraq verilir.

Əmək qanunvericiliyində əlilliyi olan şəxslərin attestasiyası ilə bağlı da xüsusi təminatlar nəzərdə tutulur. Vətənin müdafiəsi, azadlığı və ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda xəsarət alaraq əlilliyi müəyyən edilmiş işçilərin attestasiyadan keçirilməməsi onların əmək hüquqlarının müdafiəsinə yönəlmiş xüsusi təminatlardan biridir.

Digər mühüm məsələ əmək müqaviləsinə xitam verilməsi ilə bağlıdır. Əlillik faktının özü işəgötürən üçün işçi ilə əmək münasibətlərinə xitam vermək üçün avtomatik əsas hesab edilmir. Əlilliyi olan şəxsin səhhətinin onun peşə vəzifələrini yerinə yetirməsinə mane olduğu və ya digər şəxslərin səhhəti və əmək təhlükəsizliyi üçün təhlükə yaratdığı hallar istisna olmaqla, əlillik səbəbindən əmək müqaviləsinə xitam verilməsinə yol verilmir.

Qanunvericilikdə reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə alan əlilliyi olan şəxslərlə bağlanmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə də xüsusi məhdudiyyətlər qoyulur. Müəssisənin ləğv edilməsi kimi qanunla nəzərdə tutulan hallar istisna olmaqla, bu müddətdə həmin şəxslərin əmək münasibətlərinin qorunmasına təminat verilir.

Əlilliyi olan şəxslərin əmək münasibətlərində hüquqlarını bilməsi xüsusilə vacibdir. Çünki qanunvericilik onlara yalnız ümumi əmək hüquqları deyil, sağlamlıq vəziyyətlərinin xüsusiyyətlərindən irəli gələn əlavə təminatlar da verir. İşəgötürən isə bu hüquq və təminatları nəzərə almaqla iş şəraitini təşkil etməlidir.

Əmək münasibətlərində əlilliyi olan şəxslərə verilən güzəştlər və əlavə təminatlar ayrı-seçkilik deyil. Əksinə, bu normaların əsas məqsədi onların digər şəxslərlə bərabər şəkildə əmək fəaliyyətində iştirakına şərait yaratmaq, sağlamlıqlarını qorumaq və əmək hüquqlarının effektiv müdafiəsini təmin etməkdir.

Bu səbəbdən əlilliyi olan şəxslər əmək müqaviləsi bağlayarkən və əmək fəaliyyəti dövründə qanunla onlara verilən hüquq və təminatları bilməli, həmin hüquqların pozulduğunu düşündükləri halda qanunvericilikdə nəzərdə tutulan qaydada müdafiə mexanizmlərindən istifadə etməlidirlər. Əmək hüquqlarını bilmək isə onların qorunmasının ən mühüm şərtlərindən biridir.

Nigar