Qaynar xətt:

(+99450) 247 90 86

Atadan qalan miras qız övladına da düşürmü? – Vəkildən AÇIQLAMA  

Atadan qalan miras qız övladına da düşürmü? – Vəkildən AÇIQLAMA  

HÜQUQ

35

30.09.2026, 15:35

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Qız övladıdır, ailə qurub gedib, ona atadan qalan evdən və ya digər əmlakdan pay düşürmü?” Bu sual vərəsəlik məsələlərində ən çox müzakirə olunan mövzulardan biridir. Xüsusilə ailələrdə bəzən qız övladının ailə qurduqdan sonra ata evindəki və ya atasından qalacaq mirasdakı hüququnu itirdiyi düşünülür. Halbuki qanunvericilik baxımından qız və oğul arasında belə bir fərq qoyulmur.

Vəkil Elminaz Qafarova Oxu24.com-a açıqlamasında bildirib ki, şəxsin qız və ya oğlan övladı olması, ailə qurması, başqa ünvanda yaşaması və ya neçə dəfə ailə qurub-boşanması onun qanun üzrə vərəsə olmaq hüququnu öz-özlüyündə aradan qaldırmır.

“Hərdən belə suallarla qarşılaşırıq: ata vəfat edib, onun əmlakı övladları arasında bölünməlidir, amma qız övladı ailə qurub gedib. Bu halda ona da pay düşürmü? Əlbəttə, düşür. Övladın qız və ya oğlan olması vərəsəlik hüququ baxımından fərq yaratmır. Qız övladı ailə qurub başqa ailəyə getməklə atasının vərəsəsi olmaq hüququnu itirmir”, – deyə vəkil bildirib.

Mütəxəssis qeyd edib ki, əgər ata vəfat edibsə və vəsiyyətnamə yoxdursa, miras qanun üzrə vərəsəlik qaydasında bölünür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, birinci növbə vərəsələr sırasında ölənin uşaqları, ölümündən sonra sağ qalan ər və ya arvadı, həmçinin valideynləri nəzərdə tutulur. Bu şəxslər qanunda müəyyən edilən qaydada mirasa çağırılırlar.

Bu baxımdan ata vəfat etdikdə onun birinci növbə vərəsələri arasında həm qız, həm də oğlan övladı varsa, onların vərəsəlik hüququ baxımından cinsə görə fərqləndirilməsi mümkün deyil. Yəni “oğul evdə qaldı, qız ailə qurub getdi” arqumenti özlüyündə qız övladının miras payını aradan qaldırmır.

Elminaz Qafarovanın sözlərinə görə, burada insanların bəzən qarışdırdığı başqa bir məsələ də var. Ata sağlığında öz əmlakına dair müəyyən hüquqi əməliyyatlar həyata keçirə bilər. Məsələn, əmlakını bağışlaya, sata və ya vəsiyyətnamə tərtib edə bilər. Bu səbəbdən konkret əmlakın miras kimi bölünüb-bölünməməsi ilk növbədə həmin əmlakın ölüm anında miras qoyana məxsus olub-olmamasından və hüquqi vəziyyətindən asılıdır.

“Əgər ata sağlığında öz əmlakına dair sərəncam veribsə, məsələyə ayrıca baxılır. Məsələn, əmlak artıq başqa şəxsin adına rəsmiləşdirilibsə, həmin əmlakın sonradan miras kimi bölünməsi məsələsi başqa cür qiymətləndirilə bilər. Ona görə də hər bir hadisədə təkcə ‘ata vəfat edib, neçə uşaq var?’ sualına baxmaq kifayət deyil. Əmlakın hüquqi statusu, onun kimə məxsus olması, vəsiyyətnamənin olub-olmaması və digər vərəsələrin dairəsi araşdırılmalıdır”, – deyə vəkil vurğulayıb.

Mütəxəssis bildirib ki, vəsiyyətnamənin olması halında isə mirasın bölünməsi qaydası fərqli ola bilər. Mülki qanunvericilik şəxsə əmlakını vəsiyyətnamə ilə müəyyən etdiyi şəxslərə vəsiyyət etmək imkanı verir. Vəsiyyət edən şəxs qanun üzrə vərəsələrin dairəsinə daxil olan və olmayan şəxslərin xeyrinə də vəsiyyətnamə tərtib edə bilər. Bununla belə, qanunvericilikdə müəyyən şəxslər üçün məcburi pay hüququ da nəzərdə tutulub.

“Vəsiyyətnamə varsa, vəziyyət ayrıca qiymətləndirilir. Ata öz əmlakını istədiyi şəxslərə vəsiyyət edə bilər. Amma burada da məcburi pay hüququ məsələsi nəzərə alınmalıdır. Yəni vəsiyyətnamə mövcuddur deyə bütün digər hüquqi məsələlər avtomatik olaraq aradan qalxmır. Konkret vərəsələrin kim olması və onların qanunla qorunan hüquqları ayrıca müəyyənləşdirilir”, – deyə Elminaz Qafarova qeyd edib.

Vəkil onu da diqqətə çatdırıb ki, qız övladının ailə qurması, ərinin və ya başqa ailə üzvlərinin maddi vəziyyətinin yaxşı olması onun atasından miras almaq hüququna təsir göstərən əsas deyil.

“Bəzən deyirlər ki, qız ailə qurub, ərinin evi var, özü də yaxşı yaşayır, ona görə ata evindən pay düşməməlidir. Bu, hüquqi əsas deyil. Şəxsin ailə vəziyyəti onun qanun üzrə vərəsəlik hüququnu avtomatik olaraq aradan qaldırmır. Eyni şəkildə qızın neçə dəfə ailə qurması və ya boşanması da bu hüquqa təsir etmir. Əsas məsələ şəxsin miras qoyanın övladı olması və qanun üzrə vərəsəlik üçün digər şərtlərin mövcudluğudur”, – deyə mütəxəssis bildirib.

Onun sözlərinə görə, “qız övladı ailə qurduqdan sonra artıq ata ailəsinin vərəsəsi deyil” fikri hüquqi baxımdan düzgün deyil. Vərəsəlik hüququ ailə qurmaqla sona çatmır. Əksinə, şəxs öz atasının övladı olaraq qanunda müəyyən edilən hallarda onun mirasına vərəsə kimi çağırıla bilər.

Mütəxəssis əlavə edib ki, mirasın bölüşdürülməsi zamanı ailədə əvvəlcədən əldə edilmiş razılaşmalarla qanuni vərəsəlik qaydalarını da bir-birindən fərqləndirmək lazımdır. Məsələn, ailə üzvləri “qız onsuz da ailə qurub, ev oğlana qalmalıdır” barədə öz aralarında danışa bilərlər. Lakin belə şifahi razılaşma avtomatik olaraq qız övladının qanuni vərəsəlik hüququnu aradan qaldırmır.

“Kiminsə ata evində yaşaması onu avtomatik olaraq həmin evin yeganə sahibi etmir. Eyni zamanda qız övladının ata evində yaşamaması da onun vərəsəlik hüququnu itirməsi demək deyil. Miras məsələsində hüquqi sənədlərə və qanunvericiliyə baxmaq lazımdır”, – deyə Elminaz Qafarova vurğulayıb.

Vərəsəlik hüququ rəsmiləşdirilərkən miras qoyanın ölüm faktı, vərəsələrin dairəsi, mirasın tərkibi və digər hüquqi məsələlər müəyyən edilir. Daşınmaz əmlak mirasa daxildirsə, həmin əmlakın miras qoyana məxsusluğunu təsdiq edən sənədlər də əhəmiyyət daşıyır. Vərəsəlik şəhadətnaməsində hər bir vərəsəyə düşən pay ayrıca göstərilir.

Elminaz Qafarova qeyd edib ki, buna görə də mirasın bölüşdürülməsi məsələsində “oğlana düşür, qıza düşmür” kimi yanaşmalar hüquqi meyar deyil. Əgər vəsiyyətnamə yoxdursa və qanun üzrə birinci növbə vərəsələr müəyyən edilibsə, həmin şəxslərin hüquqları qanunvericiliyin tələblərinə uyğun qiymətləndirilir.

“Övladın qız və ya oğlan olmasının burada heç bir fərqi yoxdur. Qız ailə qurub gedə bilər, başqa şəhərdə və ya ölkədə yaşaya bilər, amma bu faktlar onun atasından miras almaq hüququnu öz-özlüyündə aradan qaldırmır. Hətta şəxs bir neçə dəfə ailə qurub-boşanmış olsa belə, bu hal onun ata və ya anasının vərəsəsi olmaq hüququna təsir etmir. Əsas məsələ qanun üzrə vərəsəlik üçün hüquqi əsasların mövcudluğudur”, – deyə vəkil əlavə edib.

Mütəxəssis sonda bildirib ki, mirasla bağlı mübahisələrdə ailə münasibətləri ilə hüquqi vərəsəlik hüququnu qarışdırmaq olmaz. Ata sağlığında əmlakını hansı formada rəsmiləşdirib, vəsiyyətnamə tərtib edibmi, əmlakın hüquqi sahibi kimdir, ölüm zamanı hansı əmlak miras kütləsinə daxil olub və birinci növbə vərəsələr kimlərdir – bütün bu məsələlər araşdırıldıqdan sonra konkret pay müəyyən edilə bilər. Qız övladının ailə qurması isə təkbaşına onun atadan qalacaq mirasdakı hüququnu aradan qaldıran hal deyil.